Debatda “dədəndir” söyüşləri

Oktyabrın 30-da İctimai TV-nin 4 dəqiqəlik pulsuz efir vaxtından 6 seçki dairəsinin namizədləri yararlandı.

Altı seçki dairəsindən də elə birincisi – 33 saylı birinci Xətai seçki dairəsindəki debat emosionallığı, namizədlərin partiya mənsubiyyəti baxımından zənginliyi və söz deyişməsi, hətta söyüşləri ilə yadda qaldı.

“BİR-BİRİNİZLƏ NƏZAKƏTLİ DAVRANIN”

Bu dairənin namizədlərinin əksəriyyəti seçkiyə YAP-ın namizədi kimi qatılmış və əvvəlki parlamentin deputatı olmuş Hüseynbala Mirələmova qarşı yönəlmişdi. İlk sözə başlayan Hüseynbala Mirələmov özünü seçicilərə yazıçı, professor kimi tanıtdı. Ondan sonra söz alan Məhərrəm Bayramov isə rəqiblərini bir-birinə təhqiramiz ifadələr söyləməməyə, nəzakətli davranmağa çağırdı. Amma onun çağırışı faydasız oldu, çünki əvvəlki debatlardakı kəskin söz deyişməsində belə müşahidə olunmayan söyüşlər eşidildi. Bir-birinə qarşı səbirsiz davranan isə Hüseynbala Mirələmovla “AXCP-Müsavat” seçki blokunun bu dairə üzrə vahid namizədi Fuad Qəhrəmanlı oldu. Və sonradan hadisələr digər namizədlərin müdaxiləsi ilə pik nöqtəyə çatdı.
Amma əvvəlcə debat belə başladı:

YENƏ 1 MİLYON DOLLARLIQ AYI

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı:

- Deyirlər ki, Azərbaycan lider ölkədir, bəli, “qara siyahı”larda lider ölkədir...Azərbaycan təhsilinə görə Afrika ölkələrindən də geridir. Neçə gündür, Yeni Azərbaycan Partiyasının təmsilçiləri inkişaf nağılları danışırlar. Əhali necə illərdi neft gəlirlərinə göz dikib, amma maaş, pensiya 10 manat qalxır, bazarda qiymətlər isə 40 faiz...İnkişaf var, alınan rüşvətlərin miqyasındadır inkişaf, hakimiyyətdə təmsil olunan oliqarxların artan villalarının sayındadır. İş o yerə çatıb ki, bir nazirin oğlu o biri nazirin ayısını 1 milyon dollara kəsdirir. Yəqin YAP inkişaf deyəndə bunu nəzərdə tutur.

“KAVIÇKA”DAKI MİLLİ QƏHRƏMANLAR

Hüseynbala Mirələmov:

- Hörmətli seçicilər, siz məndən çoxsaylı görüşlərdə xahiş etdiz, tələb etdiz ki, bu, üzdəniraq “kavıçka”da “millət qəhrəmanları”nın cavabını verim. İndi qulaq asın, mən onların cavabını verim. 90-92-ci illər hamının yadındadır, Azərbaycan fəlakət içində batan gəmini xatırladırdı, bu gəmini xilas edən kapitan lazım idi. Onda camaat üzünü Naxçıvana, Heydər Əliyevə çevirdi...

Məhərrəm Bayramov:

– Seçildiyim təqdirdə sizlərin kiçik problemlərinizi daxili imkanlarım hesabına həll edəcəm.

Adnan Novruzov:

- Hüseynbala Mirəlimov 5 il əvvəl vədlər verib, amma onu 5 ildə məhəllələrdə görən olmayıb.

“ELƏ BİL CAMAAT XÖRƏK BİŞİRMƏYİ BİLMİR”

Xanşərəf Əliyev:

– Özümü təqdim etməyə vaxt azdı, bilmirəm o biri televiziyalar nə ilə məşğuldu, xörək bişirməklə. Elə bil ki, camaat xörək bişirməyi bilmirmiş. Mən kənd Əhmədlidə olanda orda dedilər ki, Hüseynbala müəllimə su ilə bağlı şikayət ediblər, o da gətirib bir maşın “turba” töküb, seçkidən iki gün sonra da götürüb aparıb. İndi deyirlər ki, bizim bir qaçqınımız var, onu görməmisiz ki?

“PRİMİTİV NAĞILLAR”

Hüseynbala Mirələmov:

- Mən sizin primitiv nağıllarınıza qulaq asmaq istəmirəm. Qulaq asanda multfilmlərdəki komikləri yadıma salıram. Üzümü bu bəylərə tuturam. Sizin dünəniniz nadanlıq, cahillik, cinayətdən ibarət idi.

Zəlimxan Məmmədli:

– Mən deyim ki, parlamentdə beş ildə danışmayan deputat varsa, o da Hüseynbala Mirələmovdur. Siz deyirsiz ki, professorsuz, məsələlərə bir az sevgi ilə yanaşın.

DEBATDA “DƏDƏNDİR” SÖYÜŞLƏRİ

Əli Kərimlini təhqir edilməsi Fuad Qəhrəmanlını özündən çıxardı
Debatın bu yerində Fuad Qəhrəmanlı əlində qalan bir neçə saniyəsini AXCP sədri Əli Kərimlinin əleyhinə deyilən fikirlərin tənqidinə həsr edib bunu təhqir adlandırdı.

Hüseynbala Mirələmovun isə öz çıxışında Əli Kərimlini təhqir etməsi Fuad Qəhrəmanlını özündən çıxardı. Aparıcı ona pulsuz efir vaxtının bitdiyini bildirsə də, Fuad Qəhərmanlı dayanmadı və savaş artıq qarşılıqlı şəxsi təhqirə keçdi. Nəticədə Fuad Qəhrəmanlı studiyadan çıxarıldı.

Xanşərəf Əliyevin isə olaya reaksiyası belə oldu:

- Bu söz-söhbətdən sonra belə adamlarla bir parlamentdə oturmağı özümə təhqir sayıram. Namizədliyimi Adnan Novruzovun xeyrinə geri götürürəm.

“ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR”

105 saylı Tovuz seçki dairəsindən namizəd Qənirə Paşayeva yazılı mətnini bir neçə dəqiqəyə bölmüşdü, arada növbə ona çatanda danışmadan vaxtını saxladı. Aparıcı isə əvvəlki debatlarda “danışmadan vaxtı saxlayanlardan 15 saniyə silinəcək” xəbərdarlığını işə salmadı, amma bir neçə dəqiqədən sonra aparıcı “xəta”sını anlayıb namizədlərə bunu bir daha xatırlatdı, amma Qənirə Paşayevanın vaxtından saniyə “tutulmadı”.

Ali təhsilli müəllimə Nəsibə Zeynalova ona imza verənlərə “əvvəlcədən təşəkkür” elədi. Cavid Cəfərov isə hazırladığı mətni oxuyarkən çaşdığından bir neçə dəfə cümləsini yarımçıq saxlamalı oldu.

Qənirə Paşayeva 5 ildə 105 saylı Tovuz seçki dairəsinə daxil olan kəndlərə qaz, işıq çəkilməsindən, Cavid Cəfərov isə qaz, işıq və işsizlik problemlərindən danışdı.

BİR AĞAC DA ƏKMƏYƏN DEPUTAT

Aydın Mirzəzadə
Birinci debatda əsasən Hüseynbala Mirələmov hədəfdə idisə, sonrakında, 47 saylı Mingəçevir seçki dairəsində artıq deputat səlahiyyətləri başa çatmış, YAP-ın bu dairədən vahid namizədi Aydın Mirzəzadə oldu. Elçin Əhmədov bütün çıxışını Aydın Mirzəzadəyə müraciət üzərində qurmuşdu. Keçmiş deputat millət vəkilliyi dövründə seçicilərinə heç bir köməklik göstərməməkdə, verdiyi vədləri yerinə yetirməməkdə, Mingəçevirdə bir ağac belə əkməməkdə, şəhərin sənaye müəssisələrinin problemləri barədə parlamentdə danışmamaqda ittiham olundu.

“YAXŞI DEPUTAT”

Elçin Əhmədov 2005-ci il parlament seçkisindən sonra kiminsə özünü yandırıb nəyəsə etiraz etməsindən danışdı. Amma fikirləri dolaşıq olduğundan söhbətin nədən getdiyi anlaşılmadı. Aydın Mirzəzadə də ona yönəlik bu ittihamı cavabsız buraxdı, millət vəkili kimi fəaliyyəti ilə bağlı deyilənlərin cavabında isə bildirdi:

“Ötən dövrü yadına sal, əgər sən pensiyanersənsə, yaxşı deputat sənin yanında olub. Əgər sənin sosial problemlərin varsa, təhsil və işsizlik problemin varsa, yaxşı deputat sənin yanında olub”.

DİGƏR DEBATLAR HAQDA BURADAN OXU