Mübariz İbrahimovun cəsədi qaytarıldı

Mübariz İbrahimov

Noyabrın 6-da Ermənistan iki azərbaycanlı hərbçinin - Mübariz İbrahimov və Fərid Əhmədovun cəsədini Azərbaycana qaytarıb. Azərbaycan isə bir erməni mülki şəxsin - Ağdərə rayonu Maqadis kənd sakini, 86 yaşlı Qavruşa Arustamyanın meyitini qarşı tərəfə verib.

Əməliyyat Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə cəbhə xəttinin Ağdam rayonunun Baş Qərvənd kəndi istiqamətində baş tutub.

«Cəsədlərin qaytarılması kədərli hadisə olsa da, vəfat etmiş şəxslərin ailələri öz əzizlərini dəfn edib onlara yas tuta biləcəklər», - deyə BQXK-nın Bərdə ofisinin başçısı Elen Plenevo bildirib:

«Biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar repatriasiya prosesinin son vaxtlar intensivləşməsinə sevinirik».

Gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də təmas xəttinin Tərtər istiqamətində həlak olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Həştərxanda Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb.

Sənədin icrasına noyabrın 4-də başlanılıb. Erməni əsirliyində olan azərbaycanlı Eldar Tağıyev qaytarılıb. Azərbaycanda intihar etmiş erməni kəşfiyyatçısı Sarıbekyan Manvel Mamikonoviçin meyiti isə Ermənistana təhvil verilib. / APA /