Paralel ATƏT Konfransı

Astanada ATƏT-in sammiti - 1 dekabr 2010

ATƏT-ə üzv ölkələrin hazırda Astanada keçirilən sammiti ərəfəsində noyabrın 28-29-da Qazaxıstan paytaxtında qeyri-hökumət təşkilatlarının iştirakı ilə Paralel Konfrans keçirilib.

Konfransda Rusiya, Belarus, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və digər ölkələri təmsil edən 200-ə yaxın qeyri-hökumət təşkilatı və beynəlxalq institutların təmsilçiləri iştirak ediblər.

QHT-lər Sammitə toplaşan dövlət rəhbərlərinə təqdim etmək üçün Tövsiyələr Paketi hazırlayıblar.

MEDİA AZADLIĞININ VƏZİYYƏTİ

Konfransda iştirak edən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, tədbirdə ifadə, birləşmək, toplaşmaq və hərəkət azadlığı sahəsində ATƏT-ə üzv dövlətlərin üzərinə götürdükləri öhdəliklərin icra vəziyyəti müzakirə edilib.

Konfrans iştirakçıları adları çəkilən sahələrdə təmsil etdikləri dövlətlərdə, xüsusilə Rusiya, Belarus, Orta Asiya və Cənubi Qafqazda bu sahədə vəziyyətin pis olmasını xüsusi vurğulayıblar.

İntiqam Əliyev
İntiqam Əliyev bildirib ki, ATƏT ölkələrində media azadlığının vəziyyəti xüsusi diqqət ayrılan mövzulardan olub:

“Eynulla Fətullayevin əsassız ittihamlarla üst-üstə 15 həbs cəzasına məhkum olunması, onun dərhal azadlığa buraxılması barədə Avropa Məhkəməsinin qərarını dövlətin icra etməkdən imtina etməsi və jurnalisti azadlığa buraxmamaq üçün saxta narkotik ittihamı ilə barəsində yeni cinayət təqibinin başlanması ölkədə söz azadlığına basqı kampaniyasının tərkib hissəsi kimi qiymətləndirildi”.

EYNULLA FƏTULLAYEVİN MÜRACİƏTİ YAYILIB

Toplantında Eynulla Fətullayevin Sammit və QHT-lərin Paralel Konfransının iştirakçılarına müraciəti də yayılıb. Həmin müraciətdə jurnalist onu baxışlarına görə təqib edən Azərbaycan dövlətindən bu özbaşınalığa son qoymağı tələb etməyi ATƏT üzvü olan digər ölkələrin rəhbərlərindən və beynəlxalq qurumlardan xahiş edib.

Eynulla Fətullayevə dair Avropa Məhkəməsinin qərarına Ali Məhkəmə noyabrın 11-də baxıb. Onun terrorla hədələmə, vergidən yayınma maddələri üzrə həbs cəzaları xətm olunsa da, narkotik ittihamı qalıb. Həmin ittiham üzrə jurnalist bu ilin iyulunda 2 il yarım həbs cəzası alıb.

ATƏT SEÇKİYƏ BAL SİSTEMİ İLƏ QİYMƏT VERSİN

Hikmərt Hacızadə
Konfransda çıxış edən politoloq Hikmət Hacızadə isə ATƏT-in seçki indeksi mövzusunda məruz edib. O ATƏT-in monitorinq üsullarının mövcud şəraitdə səmərəli işləmədiyini bildirib, təkliflərlə çıxış edib:

“Təkliflərim ondan ibarət idi ki, ATƏT missiyası bura gələndə ilk növbədə ölkədə insan haqlarının vəziyyəti haqqında yazmalıdır. Yəni, 1-2 il əvvəl burda insan haqlarının vəziyyəti necə olub? Çünki qorxudulmuş əhali səs verə bilməz. Həm də hesabatda keçən seçkilərdə hansı şikayətlərin olması göstərilməlidir. Bu şikayətlərə baxılıb, yoxsa yox? Bundan başqa, bal sistemi olmalıdır. Uzun sürən müşahidə qrupu hansısa cədvəlləri doldurub bal göstərməlidir ki, biz bilək, bu il hansı balı aldıq. Bu keçən ilkindən yuxarıdır, yoxsa aşağı. Yoxsa gəlib 50 səhifə yazırlar, üstündən də qeyd edirlər ki, bəzi texniki məsələlərdə irəliləyiş olub. Ondan sonra 50 səhifə qanun pozuntularını göstərirlər. Ancaq onların 50 səhifəsini heç kim oxumur”.

Əsas müxalifət partiyaları 7 noyabr parlament seçkilərinin nəticələrinin total saxtalaşdırıldığını deyir, təkrar seçki tələb edirlər.

Rəsmilər isə seçkinin azad və demokratik şəraitdə keçdiyini bildirirlər. Prezident İlham Əliyev noyabrın 29-da parlamentin ilk iclasındakı çıxışında seçkinin xalqın iradəsini əks etdirdiyini deyib.

Paralel Konfransın keçirilməsi ideyasını əsasən postsovet ölkələrindən olan bir sıra QHT-lər irəli sürüblər. Onların bu təşəbbüsünə dünyanın bir sıra nüfuzlu beynəlxalq qurumları (Dünya Demokratiya Hərəkatı, “Freedom House”, Article 19, “Human Rights Watch” və s.) dəstək verdikdən sonra ideyanı reallaşdırmaq və Astanada Paralel Konfrans keçirmək mümkün olub.