Qarabağ kimi münaqişələr ATƏT sammitini yekun qərarsız qoydu

Astana sammiti

Gözləyirdilər ki, ATƏT sammiti yeni hərəkət planını qəbul edəcək, bu plan da ATƏT-i gələcəkdə gücləndirəcək, ancaq Astanadakı 2 günlük sammit bu razılığa gəlinmədən başa çatdı.

10 il idi ki, zirvə görüşü keçirməyən ATƏT ölkələri liderləri Qazaxıstan paytaxtındakı çıxışlarında dedilər ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı son illərdə Avropada və keçmiş SSRİ məkanında bir çox münaqişənin qarşısını ala bilməyib və öz vəzifəsini yerinə yetirməyib.

Çıxış yolu kimi yeni hərəkət planının qəbul olunması zərurətindən danışılırdı.

NAZARBAYEV MƏTBUAT KONFRANSI DA KEÇİRMƏDİ

Sammitin yekun nəticələrini Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz mətbuat konfrasında elan etməli idi. Ancaq bunun əvəzində jurnalistlərə dedilər ki, prezidentin mətbuat konfransı təxirə salınır.

Bundan əvvəl isə Nazarbayev deyirdi ki, sammitin sonuncu günü fikir ayrılıqlarının aradan qalxacağına və yekun bəyannamənin razılaşdırılacağına ümid edir.

Nursultan Nazarbayev
Nazarbayev dünya liderlərinə bildirirdi ki, onların çevik yanaşmasına ümid edir və tarix onlara unikal şans verir. Bu şansı əldən buraxmaq bağışlanmaz səhv olardı.

Sammitin son günü İtaliyanın baş naziri Berluskoni cədvəldə nəzərdə tutulmayan çıxış etdi və dedi ki, sammit «birlik ruhunu» nümayiş etdirdi və ATƏT-in gələcəyi ilə bağlı konkret mövzulardan danışdı.

Ancaq Berluskoninin bu çıxışı heç nəyi dəyişmədi.

HƏRƏKƏT PLANININ QABAĞINI NƏ KƏSDİ?


ATƏT hərəkət planını niyə qəbul edə bilmədi?

ATƏT konsensus əsasında qərar verir. Bu o deməkdir ki, 56 üzv ölkədən biri əleyhinə çıxsa, heç bir qərar qəbul oluna bilməz.

Məhz buna görə yekun bəyannamə və hərəkət planı qəbul olunmayıb.

Diplomatların şəxsi söhbətdə dediyinə görə, ATƏT-in yeni hərəkət planı ziddiyyətli məsələlərə - o cümlədən Dağlıq Qarabağ, Dnestryanı, Rusiya-Gürcüstan münaqişələrinə toxunduğuna görə təxirə salındı.

ZİDDİYYƏTLİ SAMMİT


Hillari Klinton
Maraqlıdır ki, sammiti birinci günün sonunda tərk edən ABŞ Dövlət katibi Hillari Klinton və Rusiya prezidenti Dmitri Medvedev sammit iştirakçılarını ATƏT-i canlandırmağa çağırdılar və dedilər ki, ATƏT 21-ci əsrin təhlükələrinə cavab verə bilməlidir.

Ancaq eyni vaxtda onlar öz aralarındakı fikir ayrılıqlarını, o cümlədən Tbilisi ilə Abxaziyanın və Cənubi Osetiyanın münaqişəsinə tamamilə fərqli baxışlarını vurğuladılar.

Hillari Klinton Moskvanı ittiham etdi ki, Gürcüstanda ATƏT missiyasının yaradılmasına Rusiya imkan vermir.

Medvedev isə Gürcüstanı ittiham etdi ki, 2008-ci ildə Cənubi Osetiyada gücdən istifadə edib.

Sammitdə belə ziddiyyətlər çoxdur.

SARKİSYAN YENƏ XƏBƏRDARLIQ EDİR

Sammitin birinci günü ATƏT-in Minsk Qrupu bəyanat verdi ki, Azərbaycan və Ermənistan prezidentləri yekun həll axtarışına sadiqdirlər.

Ancaq sammitin ikinci günü Ermənistan prezidenti Serj Sarkisyan sammitdəki çıxışında dedi ki,
Serj Sarkisyan sammitdə çıxış edir
Azərbaycan münaqişənin həllində maraqlı deyil. Sarkisyanın sözlərinə görə, bunun əvəzində Bakı Ermənistana mümkün qədər çox ziyan vurmaq istəyir.

Ermənistan prezidenti xəbərdarlıq edir ki, Azərbaycan Dağlıq Qarabağa görə aqressiv addımlar atsa, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan başqa yolu qalmayacaq.

ATƏT sammiti Qazaxıstanın sədrliyi ilə ATƏT-in keçirdiyi sonuncu böyük tədbir idi. Növbəti sədr Litva olacaq.

Sammitin birinci günü Nazarbayevlə Amerikanın Dövlət katibi Hillari Klintonun görüşündə Qazaxıstanın necə sədr olması məsələsinə də toxunulub.

İnsan haqlarına görə Qazaxıstanın ATƏT-ə sədr ola bilməsi vaxtilə suallar doğururdu.

Görüşdən sonra Qazaxıstanın baş naziri Kanat Saudabayev deyib:

«Hər iki tərəf razılaşıb ki, ATƏT-ə Qazaxıstan effektiv sədrlik edib. O cümlədən Astana sammitini keçirib. Qazaxıstanın sədrliyi təhlükəsizliyin gücləndirilməsində, əməkdaşlığın inkişafında təşkilatın fəallığına təkan verib».