Moskvada vəziyyət gərgindir (video)

Sizin brauzer HTML5-i dəstəkləmir

«Moskvada vəziyyət bu gün daha gərgindi. Düzdü, hələlik bir səs-küy yoxdu. Amma vəziyyət gərgindi».

Moskvadakı bu günkü – dekabırın 15-dəki vəziyyətlə bağlı danışan «Yeni səs» qəzetinin baş redaktoru Tünzalə Vəliqızıdır.

Dekabrın 6-da «Spartak» futbol klubunun fanatı Yeqor Sviridov öldürüldükdən sonra qafqazlılara münasibət pisləşib. Onlara küçədə, metroda hücum edildiyi bildirilir. Belə münasibət Moskvada yaşayan və işləyən qafqazlıların narazılığına səbəb olub. Onlar dekabrın 15-də Rusiya paytaxtında mitinq keçirməyi planlaşdırırdılar:

«Qafqazlı uşaqlar internet portallarda çağırış edirdilər ki, əks reaksiya versinlər. Manej meydanında millətçilər dinc, günahı olmayanların üstünə hücuma keçmişdilər. Onlar da yığışıb buna cavab vermək, etirazlarını bildirmək istəyirdilər. Doğrudan da, Moskvada on min adam yığışsaydı, bu, gərginliyə, milli münaqişəyə səbəb olardı. Ona görə, Qafqaz diasporunun rəhbərləri gənclərə səsləndilər ki, buna getməyin».

MİLİS NƏZARƏTİ ARTIRIB


Rusiya hökuməti belə bir aksiyanın keçirilməsinə icazə verməyib. Aksiyanın dinc keçiriləcəyinə dair bəyanatlar səslənsə də. Tünzalə Vəliqızının sözlərinə görə, hüquq-mühafizə orqanları aksiyanın keçiriləcəyi yeri ciddi nəzarətə götürüblər:

«Səhər həmin orqanlara informasiya daxil olmuşdu ki, bu ərazidə guya terror törədiləcək. Məlumatı yoxladılar, ümumiyyətlə, ora gediş-gəliş dayandırılıb. Artıq vətəndaşları hadisələrin baş verdiyi Manej meydanına da buraxmırlar. Mən özüm də dünən gecə yoxlama məqsədilə oraları maşınla gəzdim-dolandım. Doğrudan da addımbaşı milis işçiləri görmək olur. Metroda güclü iş rejiminə keçiblər. Amma insanların içində vahimə var. Hələ də
Millətçilərin aksiyası, 11 dekabr 2010
sakitləşməyiblər».

HÖKUMƏT DƏ NARAHATDIR

«Qafqazlılar arasında gərginliyin qalması səbəbsiz deyil. Vahimənin yaranmasında mətbuatın, radio-televiziyanın da günahı var».

Ümümrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev bu fikirdədir.
Onun sözlərinə görə, baş verənlərdən hökumət bərk narahat olub. Ona görə, Rusiyadakı müxtəlif diasporları az qala hər gün danışıqlara dəvət edir, vəziyyəti nəzarətdə saxlamaq üçün yardım istəyirlər. Belə görüşlər İctimai Palatada, Miqrasiya Xidmətində, Gənclər Nazirliyində və şəhər meriyasında keçirilib:

«Xahiş edirlər ki, heç kim təxribata getməsin. Yerli orqanlar tədbirlər görürlər. Hazırda milis sabitliyi qoruyur. Bir də ki, iclaslarda terminologiya dəyişib. İndi Şimali Qafqaz xalqlarının təmsilçiləri deyirlər. Qabaqlarsa «litsı kafkazskiy natsionalnosti». Artıq terminologiya dəyişib. Ölkənin prezidenti də güclü tapşırıqlar verdi ki, təxribat olmasın».

İlqar Hacıyev deyir ki, Konqres Rusiyanın başqa bölgələriylə də əlaqə saxlayır, hələlik vəziyyət nəzarətdədir. Azərbaycanlıların yaralanması və ya öldürülməsi haqda onlara məlumat gəlməyib.

Bu günlərdə bir azərbaycanlı gəncin yaralanması haqda gələn xəbərlər də təsdiqini tapmayıb. İstər səfirlik, istərsə də Konqres bunun izinə düşə bilməyib.

Amma Tünzalə Vəliqızının sözlərinə görə, onlarda Moskvada iki azərbaycanlının xəsarət alması haqda məlumat var. Hərçənd bu xəbəri dəqiqləşdirə bilməyiblər.

Ehsan Zahidov
Azərbaycan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə deyir ki, bu haqda nə onlarda, nə də Moskvadakı daimi nümayəndələrində məlumat var:

KÖÇMƏYƏ HAZIRLAŞAN AİLƏLƏR VAR

«Ordakı həmkarlarımızla, Rusiyanın Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanır. Eləcə də bizim nazirliyin ordakı daimi nümayəndəsi vasitəsilə əlaqə saxlanır. Yəni ordakı vətəndaşlarımızın və soydaşlarımızın vəziyyətinə nəzarət olunur, diqqətlə izlənir. Bu günə qədər Moskvada yaşayan soydaşlarımızın vəziyyəti qənaətbəxşdir. Narahatlığa, əlavə söz-söhbətə ehtiyac yoxdur».

Tünzalə Vəliqızı deyir ki, son hadisələrdən sonra Rusiyadan köçməyə hazırlaşan ailələr var. Onun qənaətincə, buna qədər də qafqazlılara hücumlar olub. Amma indi durum fərqlidir. Bu dəfə baş verənlər müəyyən siyasi qüvvələrin işidir. Və ara-sıra da olsa qafqazlılara hücumlar müşahidə olunur.

Müsahibimiz deyir ki, təsir altına düşən gənclər ölkədə vətəndaş müharibəsini alovlandırmaqla Rusiya dövlətçiliyini təhlükə altına salırlar.