Əşrəf Heybətov: «Mənim üçün vətən sözü paroldur»

Əşrəf Heybətov

«Mən dinləyicilərdən üzr istəyirəm ki, öz ana dilimdə belə danışıram. Qismətim, taleyim beləymiş... Amma çalışacağam veriliş boyu öz ana dilimdə danışım».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan rəssam Əşrəf Heybətov söylədi.

Bakıya Dünya Azərbaycanlılarının III qurultayında iştirak etmək üçün gələn Əşrəf Heybətov Dövlət Diaspor Komitəsinə minnətdarlıq etməyi unutmadı:

«Üçüncü dəfədir bu qurultaya dəvət olunuram. Yolpulumu ödəyirlər, otel pulumu verirlər. Sağ olsunlar».

QURULTAY NECƏ KEÇDİ?

Əşrəf Heybətov aparıcının: «Qurultay necə keçdi» sualını belə cavabladı:

«Qurultaydan-qurultaya hər şey yaxşılığa doğru gedir. Özü də sözdə yox, əməldə. Mən 15 il Moskvada yaşamışam. 1995-ci ildə Almaniyaya köçmüşəm. Diaspor işində veteranam. Dəyişikliyi tez sezirəm. Yaşadığım ölkədə təşkilatların sayı artır. Həm də işin keyfiyyəti yüksəlir. Təzəlikdə diasporumuzun koordinasiya şurası yarandı. Samirə İsmayılovanın baş direktorluğu ilə. Bu xanımı çoxdan tanıyıram. Vətənpərvər adamdır. Vətən üçün əlimizdən gələni edəcəyik. Vətənin yolundayıq».

DESƏM HƏR ŞEY YAXŞIDIR, YALAN OLAR...

Növbəti sualı—«Almaniyada yaşayan azərbaycanlıların diaspor sahəsindəki fəaliyyətini yetərli sayırsınızmı» sualını verilişimizin qonağı belə cavabladı:

«Desəm ki, hər şey yaxşıdır, yalan olar... Desəm ki, pisdir, o da düz olmaz. Pozitiv işlərimiz də var, bir-birimizi anlamadığımız, uyuşmaz cəhətlərimiz də. Amma biz birliyə çalışırıq. Bu qurultayda cənab prezident də bizi buna səslədi».

QUŞUN İKİ QANADI...

Peşəsindən dolayı hər şeyə rəssam gözü ilə baxdığını, subyektiv, hətta radikal olduğunu deyən Əşrəf Heybətov alman prezidenti Teodor Xoysun bir fikrini misal çəkdi:

«O deyirdi ki, siyasət və mədəniyyət bir quşun iki qanadıdır. Mən də belə düşünürəm. Məsələn, mənim sərgilərimdə həmişə Azərbaycan musiqisi səslənir, Azərbaycan bayrağı asılır, Qarabağ münaqişəsi ilə bağlı kitablar sərgilənir. Xaricdə yaşayan mədəniyyət adamlarının borcu Azərbaycanın müsbət imicini yaratmaqdır».

CANIM BAKIDADIR, BƏDƏNİM BERLİNDƏ...

Tanınmış rəssam: «Hər zaman canım Bakıdadır, bədənim Berlində, fikrim Moskvada» - dedi. —«Bax, bu Bakı-Moskva-Berlin üçbucağında yaşayıram...».

«İkisini anladım, bəs niyə fikriniz Moskvadadır» sualı belə cavablandı:

«15 il Moskvada yaşamışam. Tahir Salahovun mənə çox köməyi dəyib. Orada da «Bakı» cəmiyyəti qurmuşduq. Əsl ruh dostlarım Moskvada qaldı. Onlardan biri görkəmli yazıçı, çox sevdiyim Çingiz Hüseynov idi».

--Əşrəf Heybətov ruh dostlarını buraxıb niyə Moskvadan Almaniyaya daşındı?

--Tanınmış rəssamın Moskvadakı mənzillərinin başına nələr gəldi?

--Bəs Bakıda Neftçilər prospektindəki evi niyə əldən çıxdı?

--Almaniyada dil bilməyən ailə necə yaşadı, Əşrəf bəy özünü yaşadığı şəhərdə necə tanıtdı? Necə atelye sahibi oldu?

-- «Azərbaycanı bu qədər sevirsə, niyə köçüb gəlmək istəmir» soruşan dinləyici sualı necə cavablandı?

--Əşrəf bəy Toğrul Nərimanbəyovdan, Səttar Bəhlulzadədən nələr danışdı?

--Böyük Səttarın hansı alışqanlığını Əşrəf Heybətov hələ də yaşadır?

--Əşrəf bəy Səttarın öz evlərində çəkib ona bağışladığı iki qrafik əsərini niyə itirdi?

--Vətəni sevməyi, ədəbiyyatı sevməyi Əşrəf Heybətova kim öyrətdi?

--Verilişə qoşulan vəkil Aslan İsmayılov Əşrəf Heybətovla nədən danışdı?


Veriliş qarşınızdadır.