Naxçıvanda polis zabiti saxlandığı təcridxanadan qaçıb?

Arxiv şəkil


Naxçıvanda polis baş leytenantı Zaur Əliyev oktyabrın 2-də saxlandığı Naxçıvan Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanma təcridxanasından qaçıb. Bu haqda AzdalıqRadiosuna Naxçıvan sakinləri məlumat veriblər. Xəbərə görə Zaur Əliyev təcridxanadan qaçarkən özü ilə silah da aparıb.

Polis zabitinin yenidən tutulması üçün hüquq-mühafizə orqanları səfərbər edilib, amma hələlik heç bir nəticə yoxdur.

Zaur Əliyevin yaxınları isə baş leytenantın DİN-də çalışdığını və bir neçə gün əvvəl həbs olunaraq Nazirliyin müvəqqəti saxlanma təcridxanasına salındığını deyiblər. Aldığımız xəbərlərə görə polis zabiti qızıl dükanından oğurluq hadisəsinə görə tutulubmuş.

Yaxınları həm də iddia edirlər ki, təcridxanada Zaur Əliyevə işgəncə verilib:

“Eşitdiyimizə görə Zauru 2-3 gün möhkəm döyüblər. O da dözə bilməyib, ifadə verərkən cinayət axtarış şöbəsinin rəisi Qulu Rüstəmovun kabinetindən qaçıb. Zaur qaçandan sonra onun bütün ailə üzvlərini, yaxın qohumlarını da həbs ediblər”.

Bu məlumatı Naxçıvanın Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmadı. Nazilrikdən bu mövzuda suallarımıza cavab verməkdən imtina etdilər.

Naxçıvan DİN cinayət axtarışı idarəsinin rəisi Qulu Rüstəmov saxlanan zabitin onun otağından qaçması barədə məlumatlara aydınlıq gətirməkdən imtina etdi.

Bakıda Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğundan da polis zabitinin qaçması barədə xəbərlərə aydınlıq gətirmək mümkün olmadı.