Gəncləri qocaldan Gənclər şəhərciyi (VIDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

ABşeronda yeni salınan Gənclər şəhərciyində məskunlaşan ailələrin nə qaz var, nə elektriki, çoxmərtəbəli binada sakinlər odun yandırırlar.


“30 yaşım var, özümü 50 yaşında hiss edirəm. Soyuqdan, əsəbdən”

Bir il əvvəl Abşeron rayonundakı “Gənclər şəhərciyi”ndə ev alan Ramil Qurbanov indi dərdini deməyə yer tapmır. Deyir ki, bir ətək pul verib mənzil alıb, amma indi işıq, istilik üzünə həsrət qalıb:

“Gün ərzində elə olur ki, 2 saat və ya 3-4 saat işıq yanır. Elə vaxtlar da olur ki, bir gün yarım işıq olmur.”

Şəhərcikdə bizə məlum oldu ki, binaların heç birinə istilik verilmir. Buradakı 4500-dən mənzildə yemək bişirilməsindən istiliyə qədər hər şey elektrik enerjisindən asılıdır. Elektrik də fasilələrlə verildiyindən sakinlər çox vaxt evlərində otura bilmirlər.

PULU ALANDA VERİLƏN VƏDLƏR...

2006-cı ildə şəhərcikdən ev alan Xəlil Əhmədov deyir ki, həmin vaxt onlara bütün problemlərin ən geci 1 il, il yarıma həll ediləcəyini demişdilər:

Gənclər şəhərciyindən görünüş


“Alanda başqa söz deyirdilər. Söz verirdilər ki, 1 ilə, il yarıma hər şey həll olunacaq. Biz də pulumuzu ödədik ki, ev alırıq. Amma 5 il keçir, hələ bir 3 il də lazımdır ki, burdakı problemlər yekunlaşsın”.

Sakinlərin istilik, elektrik enerjisi tələb etdiyi bir vaxtda əraziyə gələn və özlərini “Akkord” şirkətinin nümayəndələri kimi təqdim edən şəxslər insanları sabitliyi pozmaqda ittiham etməyə başladılar. Yeri gəlmişkən, bu binaları “Akkord” Şirkətlər Qrupu inşa edib və hələ də bəzi işlər yekunlaşmayıb. Onlar hətta polis çağırıb bizi də ərazidən uzaqlaşdırmaq istədilər.

“21-Cİ ƏSRDƏ İŞIQ İSTƏYİRƏM, ÇOX ŞEY İSTƏYİRƏM Kİ?”

Amma elə həmin an da problemlərdən gileylənən sakinlər sabitliyi pozmadıqlarını, yalnız evlərinə istilik verilməsini istədiklərini bildirdilər:

“Mən ailəmi normal istiliklə təmin edə bilmirəmsə, suyunu verə bilmirəmsə nə etməliyəm.

,ikayətçi sakinlər və iş icraçıları


Mən vedrə ilə haradan su daşımalıyam? Mən 21-ci əsrdə odun daşıyıb yeni tikilmiş binada ocaq qalamalıyam? Mənim hüquqlarımı tələb eləməyə hüququm yoxdur? Mən nə istəyirəm, çox şey istəyirəm? 21-ci əsrdə işıq istəyirəm, çox şey istəyirəm ki?...”

ODUNLA QIZDIRILAN ÇOXMƏRTƏBƏLİ BİNALAR

Şövqi Qəhrəmanov hələ odun sobasından istifadə etməsə də “Gənclər şəhərciyi”nin bəzi sakinləri necə deyərlər dədə-baba qaydasına çoxdan keçiblər. Biz şəhərcikdə olanda binaların birinin 6-cı mərtəbəsində odun sobasının tüstüsü ətrafı bürümüşdü.

Amma şirkətin mühafizəçilərindən tutmuş, iş icraçısına, layihə rəhbərinə qədər hamı “Gənclər şəhərciyi”də hər şeyin əla olduğunu deyir, problemdən danışanları isə qərəzlilikdə günahlandırırdılar.

“Gənclər şəhərciyi”ndə qaz ümumiyyətlə yoxdur. Səbəb də binaların hələ yaşayış üçün tam hazır olmaması göstərilir.

3 GÜN NİYƏ KEÇMİR?
“Akkord” şirkətin layihə rəhbəri Şamil Tanayev isə sakinlərin dedikləri problemlərin çoxunu təkzib edir. Layihə rəhbəri deyir ki, hazırda sakinlərin elektriklə təmin olunması yönündə işlər davam edir.

Tikintinin layihə rəhbəri Şamil Tanayev yenə elektrik probleminin 3 günə həll ediləcəyini deyir.


Onun sözlərinə görə şəhərcikdəki 4500 mənzili elektrik enerjisi ilə təmin edən yalnız bir transformator var. O da çox yüklənməsin deyə tez-tez işıqları söndürmək məcburiyyətində qalırlar.

Şikayətçi sakin Ramin Qurbanov isə deyir ki, nə vaxt onlar elektrik enerjisi ilə bağlı narazılıq edirlərsə hər dəfə problemin 3 günə həll ediləcəyi ilə bağlı vədlər eşidirlər:

“Bu 3 günlər, nə vaxt qurtaracaq, onu bilmirəm”.

Tikintinin layihə rəhbəri Şamil Tanayev bizə də “Gənclər şəhərciyi”ndə elektrik enerjisi ilə bağlı problemlərin 3 günə həll olunacağını dedi.