Neft ölkəsində vaqon-evdə yaşayanlar

Foto: Arxiv

Paytaxtı bəzəməyə başı qarışanlar kəndlərdə vaqon evində həyat sürənləri də yada salanda yəqin ki, ilk sevinənlərdən biri Qazaxın Fərəhli kənd sakini Şahmar Əhmədov olacaq.

11 il əvvəl minaya düşərək ayağını itirmiş Şahmar Əhmədov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, azyaşlı uşaqları və həyat yoldaşı ilə 7 ildən artıqdır 9 metrlik vaqon-evdə yaşayır. Qazax rayon İcra Hakimiyyətinə gedib ev istəyəndə, «hələ növbən çatmayıb, gözlə» deyib qapıdan geri qaytarırlar. Deyir Fərəhli onun dədə-baba yurdudur, ancaq öz dədə-baba yurdunda vaqon həyatı sürür:

«HƏR DƏFƏ DEYİRLƏR NÖVBƏN ÇATMAYIB»

«Hər dəfə evlər paylananda gedirəm İcra hakimiyyətinə, deyirlər hələ gözlə, sənin növbən çatmayıb. Deyirəm nə oldu, elə hər dəfə eyni sözü deyirsiniz? Bəs mənim növbəm nə vaxt çatacaq? Deyirlər yenə ev düşmədi sənə, gələn dəfəyə qaldı. Axırıncı dəfə gedəndə isə dedilər ki, nə var gəlib hər dəfə ev istəyirsən? Camaat pulunu verir alır, sən də gətir pulunu, ver, al. Çıx get evinə, camaatın vaxtını boş yerə alma burda».

Şahmar Əhmədov deyir ki, 2000-ci ildə qoyun-quzu otararkən kəndin sərhədə yaxın hissəsində minaya düşüb, ayağının birini amputasiya ediblər, qalıb tək ayağın ümidinə. Bu da ona işləyib ailəsini saxlamağa, çoxdan əldən düşmüş vaqon-evin çürüklərini, söküklərini bağlama imkan vermir:

«VAQONU KÖÇKÜNLƏRDƏN ALMIŞAM»

«7 il əvvəl həmin vaqonu şəhərdə yaşayan köçkünlərdən almışdım. Özlərinə ev tikmişdilər, bu vaqonu da mənə satdılar. Yağış içərisinə yağır, qızdırmaq olmur. Altı çürük-çürükdür, içəridən baxanda çöl görünür. Kiçik qızım 1-ci sinfə gedir. Tez-tez xəstələndiyinə görə dərsdən qalır. Gedirəm İcra Hakimiyyətinə, deyirəm axı uşaqlar soyuqdan ölürlər, tez-tez xəstələnirlər, mən onları məktəbə göndərə bilmirəm. Deyirlər biz sənin üçün uşaq saxlayanıq? 105 manat təqaüd alıram. 130 manat da ünvanlı sosial yardımdır. Ancaq bir ay alıram, 2 ay ala bilmirəm. İcra Hakimiyyətindən deyirlər ki, təqaüd də alırsan, sosial yardım da, daha bizdən nə istəyirsən? Get, özünə ev tik».

Qazax rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə dedilər ki, Şahmar Əhmədovun mənzil məsələsi icra hakimiyyətinin diqqətindədir. Hazırda İcra Hakimiyyəti şəhid ailələri və müharibə əlillərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə məşğuldur. Ancaq bununla belə, Şahmar Əkbərovun ailəsi ilə birlikdə müvəqqəti də olsa sığınması üçün tədbir görəcəklərini bildirdilər.

Şahmar Əhmədov isə deyir ki, vəziyyəti ona gözləməyə imkan vermir. Aldığı təqaüd tez-tez soyuqda yüksək hərarətə tutulan azyaşlı uşaqlarının dava-dərmanına gedir.