Korrupsiya və rüşvətə görə ilin əvvəlindən 211 nəfərə cinayət işi açılıb

Arxiv şəkil


2011-ci ilin əvvəlindən noyabrına qədər Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi 211 şəxs haqqında cinayət işini məhkəmələrə göndərib. Bunlar əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlarla əlaqədar olub.

Bu barədə Respublika Prokurorluğunun dekabrın 2-də yayılan məlumatında deyilir.

140 TON METAL SATILIB

Prokurorluğun rəsmi məlumatında bir neçə konkret hal barədə də məlumat verilir: “3-cü Bakı su kəmərinin Xaçmaz rayonu ərazisindən keçən hissəsinin "Sumqayıt Tikinti Quraşdırma-2" Açıq Səhmdar Cəmiyyətin və "Vaqif-Metal" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri tərəfindən sökülərək naməlum istiqamətdə aparılmasına dair toplanmış material üzrə cinayət işi başlanıb.

Müəyyən edilib ki, "Vaqif Metal" MMC-nin icraçı direktoru Namiq Qasımov və "Sumqayıt Tikinti Quraşdırma-2" ASC-nin sədri Hüseyn Qasımov guya "Sumqayıt Tikinti Quraşdırma-2" ASC-nin mülkiyyətində olan Ağçay, Qaraçay və Zaqacuq çaylarının üzərindən keçən dükerlərin metal konstruksiyalarının çıxarılması, kəsilməsi, yüklənməsi, daşınması və satılması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd olan podrat müqaviləsi bağlayaraq, eləcə də həmin müqaviləyə əsaslanaraq digər rəsmi sənədlər tərtib etməklə, vəzifə saxtakarlığı edib.

Onlar həmin saxta sənədlərdən istifadə edib, 2011-ci ilin mart-may aylarında 3-cü Bakı su kəmərinin Xaçmaz rayonu ərazisində Ağçay üzərindən keçən açıq sahədə yerləşən dükerin ümumi çəkisi 140 ton 103 kiloqram olan metal konstruksiyaları ağır texnika və xüsusi avadanlıqdan istifadə etməklə söküb çıxararaq, qara metal kimi orta bazar dəyəri 9.8 min manat təşkil edən külli miqdarda əmlakı aldatma yolu ilə ələ keçirməklə dələduzluq ediblər.

Namiq Qasımov və Hüseyn Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. (Bu ittihamlarla onları əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir – red.)

POÇTDAN OĞURLUQ

Bundan başqa, poçt xidmətlərindən əldə olunan vəsaitlərin talanması faktına görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, Faxrəddin Bağırov Gəncə Regional Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində işləyərkən özgə əmlakını talama məqsədilə öz qulluq mövqeyindən istifadə etməklə gündəlik poçt xidmətlərindən əldə olunan pulları mənimsəyib. Belə ki, o, ümumilikdə 6.9 min manat məbləğində pulu aylıq hesabatlara az mədaxil etməklə, həmçinin Baş Xəzinəyə təhvil vermədiyi 10.8 min ABŞ dollarını, eləcə də Müştəri Xidmətləri şöbəsinin xəzinəsindən 516 ABŞ dollarını, 14.6 min manat nağd pulu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahan kartları, telefon aparatı, "tale açarı" lotereyasından ibarət ümumilikdə 3.7 min manat dəyərində digər maddi qiymətliləri götürüb ona etibar edilmiş cəmi 11.4 min ABŞ dolları və 25.2 min manat məbləğində pulu talayıb.

Faxrəddin Bağırova qarşı cinayət işi yekunlaşdırılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (Bu ittihamlar sübut olunsa, onu əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.)
Digər bir cinayət işi "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialında vəsait çatışmazlığı faktına görə başlanıb.

KƏNDLİDƏN OĞURLUQ

İstintaqla müəyyən edilib ki, edilmişdir ki, İbrahim Kərimov "Aqrolizinq" ASC Zaqatala filialının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 147.2 min manat dəyərində 1.3 ton azot gübrəsini 50 və 70 faiz güzəştlə, 6.7 min manat dəyərində 39.5 ton mineral superfosfat gübrəsini isə 70 faiz güzəştlə rayon sakinləri və sahibkarlara sataraq külli miqdarda, yəni 33.6 min manat pulu talayıb. Buna görə ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda özgə əmlakını mənimsəmə) maddəsi ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

(Bu ittihamlar sübut olunsa, onu əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.)

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi, Tərlan Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

BAŞ TUTMAYAN 40 MİN DOLLARLIQ SÖVDƏLƏŞMƏ

Müəyyən edilib ki, Tərlan Əliyev qeyd edilən vəzifədə işləyərkən icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Sumqayıt şəhər sakini Vaqif Ağayevin qardaşı Mehdi Ağayevdən 22 min ABŞ dollarını alıb. O, əvvəlcədən 41 min ABŞ dolları müqabilində istintaq gedişində Vaqif Ağayevin məsuliyyətini yüngülləşdirməyi, sonradan isə məhkəmədə yüngül cəza verilməklə məhkəmə zalından azad olunmasını vəd edib.

Buna görə 22 min ABŞ dolları alıb, lakin onların maddi imkansızlıqları üzündən qalan məbləğin əldə olunmasında çətinlik yarandığına görə həbsdə saxlanılan Vaqif Ağayevin də payı olan Sumqayıt şəhərindəki evin təcili satışını təşkil etmək qərarına gəlib.

T.Əliyev cinayət işinin 24 fevral 2010-cu il tarixdə baxılması üçün məhkəməyə göndərilməsinə baxmayaraq, öz qulluq səlahiyyətlərindən istifadə edib, Dövlət Notariat kontorunun notariusunu notariat əməliyyatı aparılmasından ötrü təcridxanaya buraxılmasına dair məktub hazırlayıb notariusun İstintaq Təcridxanasına buraxılmasını təşkil edib. Etibarnamə əsasında Sumqayıt şəhərindəki evin satışından əldə olunmuş 19 min ABŞ dollarını Mehdi Ağayevdən alıb. Amma Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vaqif Ağayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azaldıqdan məhrum etmə cəzasına məhkum olunub. Bundan sonra Mehdi Ağayevin tələbi ilə aldığı pulun 20 min ABŞ dollarını qaytarmış, 21 min ABŞ dollarını isə aldatma yolu ilə ələ keçirib.

Tərlan Əliyevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (İndi keçmiş polis əməkdaşını da əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir – red.).”

Respublika Prokurorluğu rəsmi məlumatında əlavə edir ki, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən müxtəlif sahələr üzrə korrupsiya hüquqpozmaları ilə əlaqədar 83 cinayət işinin istintaqı davam etdirilir.

Prokurorluğun rəsmi məlumatında adı çəkilən insanların yaxınları, yaxud vəkillərinin bu ittihamlarla bağlı hər hansı reaksiyaları məlum deyil.

Respublika prokurorluğunun bu məlumatı Transparency İnternational – beynəlxalq şəffaflıq təşkilatının illik hesabatından bir neçə gün sonra yayılıb. Dünya ölkələrində korrupsiyanın səviyyəsindən bəhs edən həmin hesabatında təşkilat Azərbaycanın bu sahədə 183 ölkə arasında 143-cü sırada olduğunu qeyd edir. Hakimiyyət təmsilçiləri Azərbaycana verilən bu qiymətlə razılaşmırlar.