«Üfüqü ötənlər» haqqında film çəkildi

Bakı. «Üfüqü ötənlər» filminin çəkilişi.

«BÖYÜK RƏSSAMLAR HEÇ DƏ HƏMİŞƏ FACİƏVİ HƏYAT YAŞAMAYIBLAR»

Bu sözləri Dövlət Film Fondunda yenicə çəkdiyi filminin media üçün baxışında jurnalistlərlə görüşən kinorejissor Şamil Nəcəfzadə söylədi.

ONLAR SUFİLƏRİN YOLUNU TUTDULAR

Onun sözlərinə görə, faciəvi həyat deyəndə tez qırılan, uzun sürən və ya ətrafı tərəfindən qəbul olunan, ya olunmayan həyat nəzərdə tutulmur: «Əsas odur ki, «Üfüqü ötənlər» filminin qəhrəmanı olan 5 rəssam öz həyatları ilə sənət yaratmaq hüququnu qazandıqlarını sübut etdi. Onlar öz yaşamlarıyla təsdiq etdilər ki, hakimiyyətin arzulamadığı, ideologiyaya əks olan əsərlər yaradırlar və öz müasirləri tərəfindən qəbul olunmurlar. Onlar bir növ sufilərin yolunu tutdular».

MİR CAVAD, TOFİQ CAVADOV, ƏŞRƏF MURAD, RASİM BABAYEV VƏ QORXMAZ ƏFƏNDİYEV...

«Yaddaş» kinostudiyasının çəkdiyi «Üfüqü ötənlər» filmi XX əsr Sovet Azərbaycanında yaşamaq məcburiyyətində qalan bu 5 avanqard rəssamın həyatına, əsərlərinə həsr olunub.

Bu rəssamlar - Mir Cavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev və Qorxmaz Əfəndiyevdir: «Onların arasında ən uğurlu taleyi Rasim Babayev yaşayıb. Ona daxili azadlığını qoruyaraq sifarişli sənət əsəri yaratmadan yaşamaq qismət olub. Həm də sovetlərin sərgi salonlarına ayaq basa bilib və dövlətdən layiq olduğu qiyməti ala da bilib. Qalan 4 rəssamın taleyi fərqli olub».

SƏYYAH- SARA NƏZİROVADIR

Sənətşünas Sara Nəzirova film çəkilişi zamanı

Sənətşünas Sara Nəzirovanın ssenarisi əsasında çəkilmiş filmin «səyyahı» da elə Sara xanım özüdür.

Film boyu bu şlyapalı xanım Sara Nəzirova tamaşaçıları öz qəhrəmanlarının emalatxanalarına aparır, yaşadıqları məkanları gəzdirir, ilham qaynaqları olan yerlərlə tanış edir.

RƏSSAM KİMİ BAŞLADI, REJİSSOR OLDU

Filmin rejissoru Şamil Nəcəfzadə ixtisasca rəssamdır. Hətta bir neçə tammetrajlı filmlərin rəssamı olub. 90-cı illərdən paralel olaraq özünü rejissor kimi də sınamağa başlayıb: Son 10 ildə ancaq rejissorluq edir. «7 il öncə atam xalq rəssamı Kamil Nəcəfzadə haqqında tammetrajlı film çəkdim. Film «Ağ kətandakı adam» adlanırdı».

FİLMİN TALEYİ NECƏ OLACAQ?

Jurnalistlərin: «Filmin taleyi necə olacaq, rəflərdə qalmayacaq ki?»- sualına Şamil Nəcəfzadə belə cavab verdi: «Təəssüf ki, bu gün bizim filmlərin çoxu rəflərdə qalmaq üçün çəkilir. Bir neçə beynəlxalq festivalları gəzsə də. Ümid yenicə açılmış «Nizami» Kino Mərkəzinə qalıb. Zalın birini Azərbaycan kinosuna ayırmaq vədi verilib. Son 20 ildə çəkilmiş Azərbaycan filmləri göstəriləcək. Son 20 ildə isə onlarla film çəkilib. Və o filmləri Azərbaycan tamaşaçısı təəssüf ki görməyib».

«Üfüqü ötənlər» filminin yaxın vaxtlarda geniş ictimaiyyətə təqdimatı keçiriləcək.