Hərbi komissar və ətrafı məhkəmə qarşısındadır

Arxiv foto

Suraxanı rayon hərbi komissarı Təvəkkül Ağayev, komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, həmin bölmənin müfəttişi Məğrub Məmmədov, 4-cü bölmənin rəisi Taleh İbrahimov, komissarlığın hərbi həkim komissiyasının sədri və 23 saylı poliklinikada lor işləyən Astan Əliyev, Sabirabad rayon sakini Baris Abbasov məhkəmə qarşısına çıxarılıb. Fevralın 13-də Bakı Hərbi Məhkəməsində Həbib Həsənovun sədrliyi ilə (Bakı Hərbi Məhkəməsinin sədridir – E.C.) başlanan məhkəmə iclasında prokuror Tofiq Hüseynov ittiham aktını elan edib.

KOMİSSİYA SƏDRİNİN YANINA ZƏRFLƏ

İttiham aktına görə, Təvəkkül Ağayev Suraxanı rayon hərbi komissarı vəzifəsində işləyərkən 30 nəfərdən artıq çağırışçıdan rüşvət alıb. Bunun müqabilində onların hərbi biletlərinə hərbi xidmətə yararsız olmalarını yazmaqla ordudan tərxis olunmalarını, ya da hərbi xidmətə yararsız olmaları barədə saxta arayışlar təşkil etməklə onların hərbi xidmətdən uzunmüddətli möhlət almalarını təşkil edib. İttiham aktında qeyd olunur ki, hərbi komissar bu işi təkbaşına görməyib. Övladını hərbi xidmətdən yayındırmaq üçün hərbi komissarın yanına gələn şəxslərlə sövdələşəndən sonra onlardan pulları almağı hazırda özü ilə birlikdə müttəhimlər kürsüsündə əyləşmiş bölmə rəislərinə tapşırıb. Onlar da çağırışçıların valideynlərindən aldıqları pulları komissara ötürüblər.

Sonra komissar çağırışçını həkim komissiyasından keçmək üçün hərbi həkim komissiyasının sədri Astan Əliyevin yanına göndərib. İttiham aktında yazılıb ki, komissar çağırışçıları komissiya sədrinin yanına əllərində zərflə göndərirmiş. Hərbi komissar həmin zərfə komissiya sədri üçün sənədlərlə yanaşı pul da qoyurmuş. İttiham aktına görə, komissiya sədri həmin pulların müqabilində çağırışçılar üçün yazdığı sağlamlıq vəziyyəti haqqında arayışlarda onlara kar, kor, yastıpəncə kimi saxta diaqnozlar qoyurmuş.

YARARSIZLAR ORDUYA, YARARLILAR...

İbtidai istintaqın qənaətinə görə, elə çağırışçılar da olub ki, onlar hərbi xidmətə yararsız olduqları halda, hərbi xidmətə çağırış komissiyasına rüşvət vermədiklərinə görə, onları hərbi xidmətə göndəriblər. Məsələn, ittiham aktına görə, Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə olunan və Suraxanı hərbi komissarlığı tərəfindən hərbi xidmətə göndərilən Elşən Cəfərli belə çağırışçılardan olub. Onu xəstəliyi ilə əlaqədar hərbi xidmət yerindən geri qaytarıblar. Ancaq o, yenə hərbi komissarlıqda rüşvət vermədiyinə görə, hərbi komissarlıq onu ordudan tərxis etmək əvəzinə, 6 ay möhlət verib.

FƏRARİLİYƏ GÖRƏ MƏHKUMLUQ

Məhkəmədə təqsirləndirilən şəxslərin şəxsiyyətləri müəyyən edilərkən məlum olub ki, komissarlığın 4-cü bölməsinin rəisi olmuş Taleh İbrahimov əvvəllər fərariliyə görə məhkum olunub. Bunu Taleh İbrahimov özü də məhkəməyə təsdiqlədi.

İttiham aktına görə, 2-ci bölmənin rəisi olmuş Murad İbrahimovsa cinayətlərinin üstü açıldıqdan sonra həbsdən yayınmaq üçün ölkədən qaçmaq istəyib. O, başqasının xarici pasportu ilə Samux-Rusiya sərhədini keçmək istəyərkən saxlanılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd ediblər. Təvəkkül Ağayev deyib ki, ittiham aktında qeyd olunanların ona heç bir aidiyyəti yoxdur. Belə əsaslandırıb ki, epizodlarda göstərilmiş tarixlərdə o, məzuniyyətdə olub.

SURAXANIDA YOX, AĞDAŞDA

Taleh İbrahimov isə deyib ki, ittiham aktında qeyd olunanlarla qismən razıdır. Bəzi epizodları isə inkar edib. Deyib ki, həmin hadisələr baş verərkən o, artıq Suraxanı hərbi komissarlığında işləmirmiş, Ağdaşda hərbi komissar işləyirmiş.

Hərbi həkim komissiyasının sədri olmuş Astan Əliyev məhkəmənin nəzərinə çatdırıb ki, o, özünü təqsirli bilmir, sadəcə bəzi səhlənkarlıqları olub.

Təqsirləndirilən şəxslər fevralın 23-də ifadə verəcəklər.

Ötən il prezidentin korrupsiya ilə bağlı mübarizəni gücləndirmək göstərişindən sonra bir neçə rayonun hərbi komissarı və işçiləri həbs olunub.

Xətai, Binəqədi, Qaradağ, Sumqayıt və daha bir neçə rayon hərbi komissarı və işçiləri barəsində rüşvətalma, vəzifə saxtakarlığı ilə cinayət işləri başlanıb. İstintaqlar yekunlaşdıqca materiallar məhkəmə baxışlarına göndərilir.