Avropalıların 75 faizi korrupsiyanı ölkəsinin əsas problemi sayır

Foto: Arxiv

Avropalıların təxminən 75 faizi korrupsiyanı ölkəsinin əsas problemi sayır. Yarısı isə son illər korrupsiyanın səviyyəsinin artdığını düşünür.

Avropa Komissiyası üçün statistik tədqiqatlar aparan «Eurobarometer» agentliyinin keçirdiyi sorğudan bu nəticə çıxır.

Tədqiqat Avropa Birliyinə üzv olan bütün 27 ölkədə aparılıb.

Rəyi soruşulanların yarısı düşünür ki, son 3 ildə korrupsiyanın səviyyəsi xeyli artıb. Respondentlərin üçdə ikisi əmindir ki, korrupsiya ölkənin maliyyə sisteminin bir hissəsidir.

8 faiz isə ötən il onlardan rüşvət istənildiyini deyib.

«Korrupsiya ölkəni daxildən dağıdan, demokratik institutlara inamı sarsıdan, siyasi rəhbərliyin məsuliyyətini azaldan bir xəstəlikdir. Bu, mütəşəkkil cinayətkar qrupların əlində oyundur», – deyə Avropa Birliyinin daxili işlər üzrə komissarı Cecilia Malmstrom bəyan edib.

Korrupsiya nəticəsində Avropa Birliyinə dəyən iqtisadi zərər ildə 120 milyard avro qiymətləndirilir.