Litsey direktoru tələbə təqaüdlərini mənimsəmə ittihamı ilə tutulub

Arxiv foto


Respublika Prokurorluğunun yaydığı rəsmi məlumata görə Biləsuvar Peşə Liseyində dövlətin tələbələrə verdiyi təqaüdləri direktorun mənimsədiyini aşkar edib. Prokurorluq bildirir ki, Biləsuvar rayon sakinin şikayətini araşdırarkən müəyyən edilib ki, liseyin direktoru Teymur Poladov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2010-cu ilin sentyabrında liseydə təhsil alan 335 tələbəyə hər ay dövlətin verdiyi təqaüdləri mənimsəyib:

“Peşə liseyinin inzibati binasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Teymur Poladovun gödəkçəsinin cibindən tələbələrə məxsus 10 ədəd "Viza elektron" plastik kartları və cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra sənədlər aşkar edilərək götürülüb.

Bundan başqa, Teymur Poladovun qardaşı Seymur Poladovun Bakı şəhərində yaşadığı mənzilindən liseyin tələbələrinə məxsus 325 ədəd "Viza elektron" plastik kartlar aşkar edilib.”

Rəsmi məlumatda deyilir ki, Teymur Poladov haqqında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb və həbs edilib. Ittihamlar sübut olunsa, Teymur Poladov 12 ilə qədər qədər azadlıqdan məhrumetmə cəzası ala bilər.

Teymur Poladovun vəkili, ya da yaxınlarının bu məlumatda səslənən iddialarla bağlı hər hansı fikirləri məlum deyil.