Murtuza Muxtarovun evi yenə «Səadət Sarayı» olacaq

Səadət Sarayı

Mutuza Muxtarovun evi - xalq arasında həm də «Səadət Sarayı» kimi tanınan məşhur bina 2007-ci ildən başlayan təmir-bərpadan sonra açılışa hazırlaşır. Bərpa işləri Gənclər və İdman Nazirliyinin sifarişi ilə aparılırdı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbətimiz açılış ərəfəsində oldu.


BAKININ YARAŞIĞI…

- Səmayə xanım, deyəsən gözlənilən gün gəlib çatır. Bakının yaraşığı Səadət Sarayı 100 ildən sonra təkrar qapılarını açmağa hazırlşır?

- Demək olar ki, bəli. Sizin də dediyiniz kimi Bakımızın yaraşığı, böyük tarixi məkan olan Murtuza Muxtarovun Sarayı böyük təmirdən sonra açılacaq. Bilirsiniz ki, sarayın fasadı uzun müddət baxımsız vəziyyətdə olub. Binanın xarici divarlarında çoxlu sayda qırılmış elementlər, çatlar var idi. Qapı-pəncərələr uzun istismardan sonra yararsız hala düşmüşdü, çürümüşdü. Oxşar materialdan—palıddan hazırlanmış şponla örtülmüş materiallardan istifadə edildi. Binanın zirzəmisi su ilə, zir-zibillə dolu idi. Zirzəmiyə dolan suyun təsirindən binanın konstruksiyası pozulmuşdu. Konstruksiya xüsusi sistemlə möhkəmləndirildi, divarlar, arakəsmələr bərkidildi. Bina 9 bal gücündə zəlzələyə davamlı hala gətirildi. Bu cür rekonstruksiya dünyanın bir çox yerlərində gerçəkləşdirilib. Məsələn, Berlin Tarix Muzeyində, London-Britaniya Muzeyində və s. də.

12 500 BƏZƏK ELEMENTİ HAZIRLANDI

- Binanın yenidən qurulmasıyla kimlər məşğul idi?

- Binanın planlaşdırılmasını fransız memarları, daxili interyerini isə italyan mütəxəssisləri həyata keçirirdi. Sarayın işgüzar hissəsi binanın girişində olacaq. İşgüzar adamların görüş yeri olan Qış Bağı və Muzey də o hissədədir. Ümumiyyətlə, çox böyük işlər görüldü. 12 500 dən artıq bəzək elementləri hazırlandı, bərpa edildi, yeniləri düzəldildi. Ən başlıcası, Sarayın qədimliyinə, tikintidə istifadə olunan əl işlərinə və bütün gözəlliklərə toxunulmadı. Binaya ilk dəfə iki lift qoyuldu.

- Sarayın bərpası niyə bu qədər uzun çəkdi? Səbəb nə idi?

- Bu sualı tez-tez verirlər. Mən həmişə deyirəm ki, təmir-bərpa tikintidən daha çətindir, daha çox vaxt aparır. Xüsusilə də, qədim binada, əl işləri ilə süslənmiş binada. Bacardığımız qədər çalışdıq ki, binanı yüksək səviyyədə təmir edək və xalqımıza təqdim edək.

SARAY İKİ HİSSƏYƏ AYRILACAQ

- Təyinatında bir fərqlilik olacaqmı? Yəni yenə orda nikah kəsiləcəkmi?

- Təyinatına gəldikdə, iki hissəyə ayrılıb. Birinci hissə, dediyim kimi, işgüzar görüş evi kimi, ikinci hissə yenə də Nikah evi kimi istifadə olunacaq. Özündə çox dəyişiklik olsa da, binanın təyinatında, demək olar ki, dəyişiklik olmayacaq.

SARAYI GÖZLƏYƏNLƏR VAR…

- Nə gözəl! Demək, saray yenə də «Səadət Sarayı»adını vüqarla daşıyacaq?!

- Bəli. Bu, uzun illər xalqımızın xidmətində olmuş bir saraydır. Orada çox nikahlar kəsilib. Bu yaxınlarda bəzi gənclər mənə dedilər ki, ailə qurmaq istəyirik, deyirlər tezliklə «Səadət Sarayı» açılacaq, onu gözləyirik.

XARİCİ MEMARLAR ÖZLƏRİ HEYRAN QALMIŞDILAR

- Səmayə xanım, ora Murtuza Muxtarovla Liza xanımın sevgi məbədidir. Bir də, iş elə gətirib ki, mən də vaxtilə orada dünya evinə girmişəm. Hər iki səbəbə görə o Saray mənim üçün müqəddəs bir məkandır (gülüşmə). Odur ki, elə mən də öz övladlarımın nə vaxtsa orada nikaha girməsini arzulayıram…

- Allah hamını xoşbəxt eləsin! Mən inanıram ki, «Səadət Sarayı» təhvil veriləndən sonra bütün gözəllikləri və incəlikləri ilə hamının xidmətində duracaq, hamının gözünü oxşayacaq. İnanın ki, bərpa ilə məşğul olan xarici memarlar özləri də heyran qalmışdılar. Odur ki, çox böyük həvəslə bizə dəstək oldular. Murtuza Muxtarovun Sarayı o qədər gözəl, tarixi, incə bir Saraydır ki, bu Sarayda işləmək çox böyük məsuliyyət və zövq idi…Mən əminəm ki, biz bu məsuliyyətin öhdəsindən başucalığı ilə gəldik.

- Açılış ərəfəsində sizin kefinizi pozmaq istəməzdim. Amma yenə də olsun. Təmir-bərpa işlərinə nə qədər pul xərcləndi? Bu açıqlandımı?

- Dəqiq deyə bilmərəm. Məncə, 25-30 milyon manat…

AÇILIŞ? - PREZİDENT NƏ VAXT GƏLSƏ!

- Açılış nə vaxtdır?
- Biz artıq açılışa hazırıq.