Anti-korrupsiya prokuroru rüşvət almaq ittihamı ilə tutulub

Anti-korrupsiya prokuroru Mərkəzi Bankın keçmiş direktoru Hashim Rexhepi (mərkəzdə) əleyhinə cinayət işini araşdırırmış.


Aprelin 2-də kosovoda anti-korrupsiya prokurorunu öz iş otağında tutublar. Nazmi Mustafi ölkənin nüfuzlu adamlarına qarşı qaldırılan korrupsiya ittihamları üzrə cinayət işini bağlamaq üçün rüşvət almaqda suçlu sayılır. Bu iş üzər başqa iki nəfər də saxlanıb.

Onun işinə dair araşdırmanı Avropa Birliyinin yaratdığı xüsusi missiya həyata keçirir.
Həmin missiya Kosovonun özündə məhkəmələr üçün həssas olan işləri araşdırır.

Nazmi Mustafi Kosovonun Baş naziri Hashim Thacinin 2010-cu ildə yaratdığı anti-korrupsiya qurumuna rəhbərlik edib. Onun əlində olan ən böyük iş ölkənin Mərkəzi Bankının keçmiş direktoru Hashim Rexhepi ilə bağlı olub. Keçən ilin dekabrında yerli məhkəmə ona qarşı cinayət işini bağlayıb, səbəb də sübut çatışmazlığı göstərilib.