Rüşvət almaqda ittiham olunan polisə 6 il cəza verilib

Arxiv foto

Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib.

lent.az saytının bu barədə xəbərində deyilir ki, sahə müvəkkili keçən il bir vətəndaşın Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciəti əsasında saxlanıb. O, deyib ki, yaşadığı ünvanda ikimərtəbəli evin tikintisinə görə sahə müvəkkili hər mərtəbə üçün 1000 manat tələb edir.

Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.

Toğrul Hüseynov məhkəmədə bildirib ki, özünü rüşvət almaqda yox, nüfuz alveri etməkdə təqsirli bilir. O, məhkəmədən əməllərinin Cinayət Məcəlləsinin nüfuz alveri maddəsinə töfsiv edilməsini xahiş edib.

Məhkəmə isə hesab edib ki, sahə müvəkkilinin vətəndaşdan rüşvət alması məhkəmə araşdırması ilə sübuta yetirilib və Toğrul Hüseynovu azadlıqdan məhrum edib.

Toğrul Hüseynovun vəkili Ramiz Məmmədov AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.