Rejimi söyən çoxdur, amma rejim çökmür...

İran - ali dini liderin potretini tutmuş uşaq ələ keçirilən pilotsuz ABŞ təyyarəsi önündə.

-
"The Economist" jurnalı yazır ki, İran rejiminin daxildən partlayıb çökməsi inandırıcı görünmür. Düzdür, beynəlxalq sanksiyalar getdikcə İran iqtisadiyyatına mənfi təsirlərini artırır, milli valyuta dəyərdən düşür. bir çox sadə iranlılar əvvəlkindən artıq maddi sıxıntı keçirir, buna görə rejimdən daha çox narazılıq edirlər, amma bu o demək deyil ki, sistem çöküş ərəfəsindədir.

ONLARA DAHA "DAĞIDICI" DEMİRLƏR

Jurnal qeyd edir ki, son vaxtlar İrandakı siyasi ab-havada bir yumşalma hiss edilir. Məsələn, hökuməti dəstəkləyən yarımhərbi Bəsic ordusunun əsgərləri Tehran küçələrində gözə girmir, peyk kanalları daha az "vurulur", BBC-nin Fars xidməti üçün çalışan jurnalistlərin ailələrinə təzyiqlər, belə görünür ki, dayandırılıb. Ev dustağı olan müxalifət lideri Mehdi Kərrubiyə bu yaxınlarda şəhər kənarında istirahət etmək imkanı yaradılıb. Onun və 2009-cu ilin prezident seçkilərindən sonrakı iğtişaşlara görə ev dustağı edilən digər müxalifət lideri Mirhüseyn Musəvinin adı əvvəllər dövlət televiziyasında düşmən kimi çəkildiyi halda indi yeni tonda - sanki heç nə baş verməmiş kimi - adi qaydada çəkilir.

Jurnalist və dissdent bloqçulara qarşı təzyiqlər, eləcə də insan haqları pozuntuları bir qədər səngiyib.

QARŞILIQLI REVERANSLAR

Bu yaxınlarda İranla dünyanın güc dövlətləri arasında danışıqlar bərpa edilib. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə danışıqlarda İranın mübahisəli nüvə proqramı müzakirə edilir. Danışıqların növbəti raundu mayın 23-də Bağdadda olacaq.

Qərb ölkələri İrana sanksiyalar tətbiq etsələr də, ABŞ prezidenti Barak Obama danışıqların başlanması öncəsi bəyan edib ki, mediada yazılanlara rəğmən İranı vurmağa hazırlaşmırlar.

İranın ali dini lideri Xamneyi isə bəyan edib ki, "nüvə silahına malik olmaq - böyük günahdır".

Bir sözlə, "The Economist" yazır ki, tərəflər sanki bir-birilərinə reveranslar edirlər. Amma düşmənçilik o qədər dərin köklərə malikdir ki, danışıqların hansısa nəticə verəcəyini belə tezliklə gözləmək olmaz. Hansısa razılaşma olsa belə, hər halda ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən xeyli sonraya təsadüf edə bilər.

MƏZHƏB FAKTORU

İrandakı şiə rejiminin tərəfdarları ümid edirlər ki, "ola bilsin İrana qarşı əsas təhlükə sovuşub" və onların bölgədəki əsas müttəfiqi olan Suriya da ola bilsin ki, bəzi başqa ərəb rejimlərindən fərqli olaraq çökməsin. Üstəlik də vaxtilə İranda yaşamış, məzhəbcə iranlıların çoxu kimi şiə olan İraqın baş naziri Nuri əl-Maliki də regiondakı sünni dövlətləri ilə yola getmir. İraqın Birləşmiş Ərəb Əmirlikləri ilə bəzi adalar üstündə mübahisəsi var.

Düzdür, İranın ali dini lideri Ayətulla Xameneyi üç il qabaqkı etirazları zorakı üsullarla

Mahmud Əhmədinejad tərəfdarları arasında. Tehranda mitinq, 2011

yatırıb. Bu işdə onun tərəfdarları bütün mümkün üsullardan, o cümlədən qətl və zorlamadan istifadə ediblər. Ölkədə siyasi qüvvələr arasında inamsızlıq var. Üstəlik də İrandakı diktatura rejimi korrupsiyalaşmaqdan başqa həm də qeyri-effektivdir. Amma əhalisinin böyük hissəsi dindar olan İran siyasətində ali dini lider "həm dərd, həm də dərmandır". Şimali Afrika diktatorlarının əsaslandığı qondarma ideologiyalardan fərqli olaraq İran dövləti İslamın qaydalarına söykənir.

BÖYÜK İNFLYASİYA

Prezident Əhmədinejada gəlincə, kasıb camaatın ona inamı əvvəlki qədər deyil. Bir çox insanlar anlayırlar ki, hökumətin onlara etdiyi yardımı inflyasiya "yeyir". Hökumət inflyasiyanın 22 faiz olduğunu iddia edir, amma pulun 50 faiz qiymətdən düşdüyünü deyənlər də var. Əhmədinejada simpatiyası olan bir tehranlı qadın indi hər dəfə televiziyada görəndə ona olmazın söyüşlər yağdırır. Amma hökumət hələ ki kasıb təbəqənin öz azadlıqlarını tələb edən orta təbəqə ilə eyni cəbhədən çıxış etməsinin qabağını ala bilir. Bu işdə onlara milyonlarla kasıbın ürəkdən inandığı İslam ideologiyası kömək edir. Üstəlik də bütün sanksiyalara baxmayaraq İran iqtisadiyyatı gəlirli olaraq qalır. Sanksiyalara görə qiymətlər artıb və bu, yerli istehsala müsbət təsir edir. Keçən il Əhmədinejadın yaratdığı xüsusi fonda isə neft gəlirləri hesabına artıq 35 milyard dollar yığılıb.

"The Economist" jurnalı bütün bunlardan belə nəticəyə gəlir ki, İran rejimi "xarici təhlükə" amilindən məharətlə istifadə edir və heç də bəzilərinin düşündüyü kimi öz çöküşü ərəfəsində deyil.