Müxalifətdə vahid namizəd debatları təzələnib

İsa Qəmbər və Əli Kərimli

Müxalifət partiyaları 2013-cü ilin prezident seçkilərində vahid namizəd məsələsini hələ rəsmən müzakirəyə çıxarmayıb. Amma üzvlər arasında və partiyalardan sızan məlumatlara istinadla mətbuatda bu məsələ ətrafında müzakirələr getməkdədir.

Müxalifətin vahid namizədi kimi adı çəkilən AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər isə bu məsələdən danışmaqda maraqlı görünmürlər.

AzadlıqRadiosunun vahid namizədlə bağlı sualına Əli Kərimli cavabında deyib ki, bu mövzuda danışmaqda həvəssizdir.

«MƏQSƏD HAKİMİYYƏTDAXİLİ PROSESLƏRDƏN DİQQƏTİ YAYINDIRMAQDIR»

Müsavat başqanı İsa Qəmbər isə hesab edir ki, İctimai Palatada daha mühüm məsələlərin müzakirə olunduğu bir vaxtda belə bir məsələnin ortalığa atılması cəmiyyəti hakimiyyətdaxili problemlərdən yayındırmağa hesablanıb:

«Təbii ki, hakimiyyət maraqlıdır ki, hakimiyyətdaxili qarşıdurmalar, qruplaşmalar müzakirə olunmasın, müxalifətin mövzuları, müxalifətin vahid namizədi məsələləri daha aktual olsun. Bu, hakimiyyətin tam maraqlarına cavab verir. Çünki diqqət hakimiyyətdən yayınır. Biz bu məsələdə qətiyyən maraqlı deyilik».

«VAHİD NAMİZƏD MƏSƏLƏSİ ÇƏTİN BİR İŞ DEYİL, AMMA...»

İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli seçki məcəlləsinin dəyişdirilməsindən tutmuş Mərkəzi Seçki Komissiyasının paritet əsaslarla formalaşmasına qədər həllini tapmayan xeyli məsələlərin olduğunu deyir. Bu səbəbdən də o, müxalifətin vahid namizədindən danışmağın çox tez olduğunu bildirir.

Amma o, müxalifətin vahid namizəd məsələsində vahid fikrə gələ bilməyəcəyi və bu məsələnin İctimai Palatanın axırına çıxacağı barədə deyilənləri də səhv yanaşma sayır.

«Mən o kəslərin diqqətinə çatdırıram ki, narahat olmasınlar, Süleyman Dəmirəl demiş, «demokratidə çarə tükənməz». Bunun da bir mexanizmi var».

İbrahim İbrahimli

İbrahim İbrahimli hesab edir ki, praymerizlə, yəni ilkin seçki ilə bu məsələni həll etmək çox asan olacaq. O, bunu müxalifət üçün də yeni bir hadisə hesab etmir. Buna 2000-2005-ci illərdə keçirilən parlament seçkilərində müxalifətin mübahisəli dairələrdə namizədlərin praymerizlə necə müəyyən edildiyini xatırladır:

«Bu dəfə də vahid namizəd məsələsi müəyyənləşdirmək zamanı gəldiyi an təbii ki, praymeriz keçirilməklə bu müəyyənləşəcək».

ƏVVƏLCƏ ƏDALƏTLİ QANUNVERİCİLİK, SONRA DA...

Liberal Partiyasının sədri Əvəz Temirxan vahid namizəd məsələsini seçki məsələsində ən sonuncu mərhələ hesab edir:

«Əvvəlcə ədalətli seçkiyə təminat verə biləcək qanunvericiliyə ehtiyac var, sonra seçkilərdə iştirak edib-etməmək məsələsi gəlir, daha sonra seçkiyə vahid namizədlə gedib-getməmək məsələsi gəlir. Əgər seçkilər ədalətsiz keçiriləcəksə, istər vahid namizədlə, istərsə də namizədlər çoxluğu ilə, nəticə eyni olacaq».

Əvəz Temirxan deyir ki, elə bu səbəbdən də Liberal Partiyası indiki mərhələdə demokratik seçki mühitinin yaradılması uğrunda mübarizənin tərəfdarıdır.

«PRAYMERİZ BU İŞİN ÖHDƏSİNDƏN GƏLƏN DEYİL»

Azər Rəşidoğlu

Siyasi şərhçi Azər Rəşidoğlu isə praymerizlə müxalifətin vahid namizəd məsələsini həll edə biləcəyinə inanmır. O, İctimai Palatanın iki əsas lideri olan Əli Kərimli ilə İsa Qəmbərin 2013-cu il prezident seçkilərində bir-birinə güzəştə getməyəcəyini təkzib olunmaz fakt sayır:

«Tutaq ki, praymeriz nəticəsində İsa Qəmbərlə, Əli Kərimlinin namizədliyi təsdiqləndi. Amma digər tərəf onu müdafiə edəcəkmi? Bütün bunlar çox problematik göründüyündən praymeriz keçirilsə belə məğlub olan tərəf onun nəticələrini tanımayacaq».

BƏS KƏNAR NAMİZƏD NECƏ?

Bu səbəbdən Azər Rəşidoğlu iki variant səsləndirir. Deyir mövcud problemlərdən sığortalanmaq üçün ya İctimai Palata buraxılmalıdır, ya da Palata tərəflərin qəbul edə biləcəyi kənar vahid namizədlə seçkiyə getməlidir:

«İki eyni gücə malik siyasi lider öz iddialarından geri çəkilə bilmirsə və ya onların çəkilməsini mənsub olduqları komanda qəbul etmirsə, bu zaman 3-cü şəxsi tapmaq lazımdır».

Azər Rəşidoğlu vəziyyətdən digər çıxış yolunun seçkini boykot ola biləcəyini deyir. Amma o taktikadan iki seçki prosesində istifadə edən müxalifətin sonradan çox zəiflədiyini bildirir.