Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Əli Kərimli Bakı şəhər Baş Polis İdarəsində ifadə verib [Video]


Əli Kərimli Baş Polis İdarəsində...
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00
«BİZ MÜBARİZƏNİ DAVAM ETDİRƏCƏYİK»

AXCP sədri Əli Kərimli artıq Bakı Şəhər Baş Polis İdarəsindən qayıdıb. O hazırda Avropa Parlamentinin üzvü ilə görüşür. Görüş ərəfəsində ondan qısa açıqlama aldıq.
Məni dəvət eləmişdilər Bakı Baş Polis İdarəsinə. Orda Bakı Baş Polis İdarəsinin rəisi və prokuror mənimlə söhbət etdilər. Sonra istintaq idarəsinin rəisinin iştirakı ilə müstəntiq məni dindirdi. İzahat aldılar və xəbərdarlıq etdilər.

- Baş verənləri necə dəyərləndirirsiz?

- Bu qanunsuzluqdur. Mənə dedilər ki, ölkəmizdə böyük beynəlxalq tədbir keçirilir, siz də «Eurovision» günlərində aksiyalar keçirirsiz. Mən də cavab verdim ki, belə tədbirin keçirildiyi ölkədə sadəcə, flaşmoba görə müxalifət liderinin izahat üçün dəvət edilməsi özü dövlətin imicinə zərbədir. Dünyanın harasında flaşmoba görə müxalifət liderindən izahat alına bilər, istintaqa dəvət oluna bilər? Bu, ancaq Azərbaycan və Azərbaycan kimi qeyri-demokratik ölkələrdə baş verə bilər. Onlar hesab edirlər ki, İctimai Palatanın son aksiyaları qanunsuzdur. Mən də izah etdim ki, biz Azərbaycan Konstitusiyasına və «Sərbəst toplaşmaq haqqında» qanuna istinad edərək həmin aksiyaları keçirmişik. Heç bir qanun pozuntusuna yol verməmişik. Həmin aksiyada iştirak edənlər də İctimai Palatanın qərarını yerinə yetiriblər. Eyni zamanda vurğuladım ki, bizim mübarizəmiz dinc mübarizədir. Biz dinc mübarizə ilə Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəni davam etdirəcəyik.

DİN ƏLİ KƏRİMLİNİN POLİSƏ ÇAĞIRILMASINA AYDINLIQ GƏTİRİB

Daxili İşlər Nazirliyi AXCP sədri Əli Kərimlinin yaşadığı ünvana polis əməkdaşlarının gəlməsi və onun Bakı şəhər Baş Polis İdarəsinə çağırılmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-ya bildirib ki, ötən gün aksiya zamanı saxlananlardan bir neçəsi öz izahatlarında onları bu işə AXCP sədri Əli Kərimlinin təhrik etdiyini bildirib:

«Buna görə Əli Kərimlinin özünün də polisə çağırılaraq izahat verməsi zərurəti yaranıb. Əli Kərimli telefon zənglərinə cavab vermədiyinə görə, iki polis əməkdaşı dünən axşam saatlarında onun yaşadığı ünvana gedərək çağırış vərəqəsi təqdim etmək istəyib. Lakin mənzilin qapısını heç kim açmayıb. Bu gün səhər saatlarında iki polis əməkdaşı yenidən bir neçə dəfə həmin ünvana baş çəkib, nəhayət saat 09.40 radələrində çağırış vərəqəsini ona təqdim ediblər»

S. Gözəlov deyir ki, Ə. Kərimli bu məsələni siyasiləşdirərək, Azərbaycanda olan xarici jurnalistlərin diqqətini özünə cəlb etmək istəyir:

«Hazırda Əli Kərimli izahat vermək üçün Bakı Şəhər Baş Polis İdarəsindədir».

ƏLİ KƏRİMLİ POLİSDƏ İFADƏ VERİR

Mayın 26-sı səhər saat 11 radələrində AXCP sədri Əli Kərimli ifadə vermək üçün Bakı şəhər Baş Polis İdarəsinə gəlib. Onu vəkil Fəxrəddin Mehdiyev müşayiət edir. Lakin nə Əli Kərimli, nə də vəkil onun hansı səbəbdən polisə çağırıldığını bilir. Ə. Kərimli bildirib ki, mayın 25-dən 26-na keçən gecə bir qrup idmançı görkəmli şəxs onun mənzilinin qapısını bir saat ərzində dayanmadan döyüb. Partiya sədrinin sözlərinə görə, onlar gedəndən sonra isə başqa bir qrup səhərə kimi onun evini nəzarətdə saxlayıb.

Ə. Kərimli jurnalistlərə açıqlamasında heç bir qanunsuz hərəkət etmədiyini və bunu «hakimiyyətin növbəti anti-demokratik addımı» adlandırıb.

Müdafiə tərəfi ehtimal edir ki, Ə. Kərimlinin indi polisə çağırılmasına səbəb mayın 26-da «Eurovision- 2012» mahnı müsabiqəsinin finalı günü müxalifətin aksiya keçirmək niyyətinin qarşısını almaqdır. AXCP, Müsavat partiyaları və bəzi ictimaiyyət nümayəndələrinin birləşdiyi İctimai Palata «Eurovision» mahnı müsabiqəsinin həm birinci, həm də ikinci yarımfinalı günü aksiya keçirməyə cəhd edib. Polis hər iki aksiyanın qarşısını alıb, saxlananlar olub.

Əli Kərimli polisə getməzdən əvvəl yaşadığı binanın ətrafına xeyli sayda partiya üzvləri, yerli və xarici jurnalist, vətəndaş cəmiyyətin üzvləri, ATƏT nümayəndələri toplaşıb. AzadlıqRadiosunun müxbiri həmin vaxt ətrafda xeyli sayda mülki geyimli şəxsin olduğunu da bildirib.

Bütün bunlar haqqında foto və video tezliklə AzadlıqRadiosunun saytına yerləşdiriləcək.
XS
SM
MD
LG