Elşad Abdullayev hədələndiyini deyir

Elşad Abdullayev

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev deputat Gülər Əhmədova ilə bağlı iddia olunan rüşvət videosunu yayandan sonra hədələndiyini bildirir.

O, həm bununla, həm də insan oğurluğunu həyata keçirən mütəşəkkil cinayətkar dəstə haqqında 2008-2009-cu illərdə Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə göndərdiyi faktların araşdırılması ilə bağlı sentyabrın 26-da Baş Prokurorluğa video müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

«Deputat Gülər Əhmədovanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə vermək adı ilə məndən 2 milyon dollar alma prosesini əks etdirən videogörüntülər yayıldıqdan sonra ünvanıma hədə və qorxu ilə müşayiət olunan tələblərin ardı-arası kəsilmir. Təsirlərində olan KİV və sosial şəbəkələrdə aparılan böhtan və şər kampaniyası ilə yanaşı, Azərbaycanda adam oğurluğu ilə məşğul olan cinayətkar dəstə tərəfindən mənə və qohumlarıma qarşı fiziki məhvetmə də daxil olmaqla müxtəlif xəbərdarlıqlar edilir».

HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA YÜZLƏRLƏ MÜRACİƏT...

Hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev bildirir ki, o, Azərbaycanda olduğu müddətdə insan oğurluğu ilə bağlı hüquq-mühafizə orqanlarına audio-video materiallarla birgə yüzlərlə müraciət göndərib. Amma onların heç biri indiyə qədər araşdırılmayıb.

«Mən baş prokurorluqdan tələb edirəm həmin audio və videogörüntülərin də obyektiv ekspertizası keçirilsin və aydınlıq gətirilsin. Azərbaycanda dövlətin güc və qüvvəsindən istifadə etməklə adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə cinayət məsuliyyətinə cəlb olunsun».

Elşad Abdullayev sentyabrın 26-da deputat Gülər Əhmədovanın ondan rüşvət istəməsini əks etdirən video yayıb. Sabiq rektor iddia edir ki, həmin görüntüdə hakim Yeni Azərbaycan Partiyasından olan deputat Gülər Əhmədova deputat seçilməsi və qardaşının girovluqdan azad olunması üçün ondan 2 milyon dollar pul tələb edir.

Gülər Əhmədova isə bu iddiaları qəbul etmir, bildirir ki, bununla onu şantaj etmək istəyirlər. Video isə montajdır.