Azərbaycan «peraşki» ilə «sendviç» arasında

İlham Əliyev və Vladimir Putin

-
Ötən həftəsonu Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının 1-ci Dünya Forumu keçirildi. Prezident İlham Əliyev ikinci forumun da Azərbaycanda keçirilməsini təklif edərək, bunu özünün həmin təhsil ocağını bitirən yeganə prezident olması, əlifba və soyadı baxımından da birinciliyin Azərbaycana məxsusluğu ilə əsaslandırıb.

«HEÇ KƏS BİZİ MƏCBUR EDƏ BİLMƏZ»

İlham Əliyev forumdan sonra «Rossiya-24» telekanalına müsahibəsində Qəbələ RLS üçün Rusiyadan daha yüksək icarə haqqının istənilməsi ilə bağlı deyib ki, «Rusiyadan hərbi texnikanı dünya qiymətlərinə uyğun qiymətə alırdıqsa, Qəbələ RLS-in də icarə haqqı dünya qiymətlərinə uyğun olmalı idi». Jurnalistin Azərbaycanı bu addımı atmağa amerikalıların məcbur etməsinə dair sualını prezident belə cavablandırıb:

«Qətiyyən belə deyil. Əvvəla, mən demək istəyirəm ki, bizi heç kəs heç vaxt vadar edə bilməz. Regional məsələlərin sonuncu inkişaf tarixi, məhz sizin haqqında danışdıqlarınızın regionda həyata keçirməyə çalışdığı təşəbbüslər və bizim bu təşəbbüslərə qarşı hərəkətlərimiz onu göstərir ki, bizi heç kəs heç nəyə məcbur edə bilməz. Xüsusən, bizi strateji tərəfdaşımıza qarşı hər hansı addım atmağa vadar etmək, ümumiyyətlə, mümkün deyil».

Bir müddət əvvəl azərbaycanlı millət vəkilləri ABŞ-a səfərləri zamanı Azərbaycanın Qərblə münasibətlərinə görə şimal və cənub arasında sendviç kimi sıxıldığını deyirdilər. İndi nə baş verir? Azərbaycanla Rusiya arasında hansı gərginlik üzə çıxır? Axı Qərb institutları da ölkədə problemlər yaşamaqdadırlar. Milli Demokratiya İnstitutunun adı inqilab hazırlamaqda çəkilir, ATƏT-in Bakı ofisinin statusunun endirilməsi istənilir. Bəzi müşahidəçilər İlham Əliyevin Rusiya kanalına müsahibəsini daha çox Rusiyaya mesaj sayır, özünə regional məsələlərdə dəstək qazanmaq istəyi kimi dəyərləndirir.

«PUTİNİN XOŞUNA GƏLMİR Kİ...»

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Rusiya-Azərbaycan arasında ticarət və humanitar əlaqələrin davam etdiyini vurğulayır.

Rasim Musabəyov

Ancaq deputat son bir ildə ən yüksək səviyyədə dialoqun keçirilməməsini (Azərbaycan xarici işlər nazirinin Rusiyaya səfəri nəzərdə tutulsa da), Qəbələ RLS-in bağlanmasını münasibətlərdəki gərginliklə əlaqələndirir. Rasim Musabəyov soyuqluğun bir səbəbini Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Ermənistana verdiyi dəstəkdə görür. Digər bir səbəb də Rusiyanın Azərbaycanı Avrasiya Gömrük İttifaqında (Avrasiya İttifaqının ilkin olaraq Rusiya, Qazaxıstan, Belarusun bazasında yaradılması nəzərdə tutulur –A.K.) görmək istəyidir. Deputatın fikrincə, Rusiya Azərbaycanı öz ardınca sürükləməyə can atır:

«Putinin xoşuna gəlmir ki, Belarusun boğazından yapışanda, biz həmin ölkəyə 200 milyon avro borc verdik. Putinin xoşuna gəlmir ki, taxıl yığımı vaxtı yanacaq qıtlığı çəkən Ukraynaya Azərbaycan dizel yanacağı verdi. O, Gürcüstanı boğmaq istəyəndə, biz Gürcüstana qaz veririk. Bunları özünə qarşı siyasət kimi görür. Biz də deyirik: «Sən Ermənistana kömək göstərməməyin mümkünsüz olduğunu deyirsən, biz də bu ölkələrə kömək etməyə bilmərik». Bütün bunlar münasibətlərdə gərginlik yaradır».

Deputat Azərbaycanın Rusiya ilə əlaqələri korlayıb gərginləşdirməkdə maraqlı olmadığını, Azərbaycanın regionda öz siyasətini yürütdüyünü bildirir. Onun qənaətincə, Azərbaycan heç bir seçim qarşısında durmaq istəmir, ona seçim etdirmək istəyənlərlə öz arasında məsafə saxlayır. Deputat ölkənin öz siyasətinə davam etməsini, düşmənlərin sayını artırmağa ehtiyac olmadığını vurğulayır:

«Yaxşı siyasət düşmənlərin sayını artırmır».

«SEÇKİ MƏCƏLLƏSİNİN DƏYİŞDİRİLMƏSİNİ İSTƏYİRLƏR»

Politoloq Əli Abbasovun fikrincə, Azərbaycan prezidenti də təzyiqdən danışırsa, deməli, durum suallıdır. O, Azərbaycanın bu günədək Qərb və Rusiya arasında uğurlu siyasət apardığını bildirir.

Əli Abbasov

Ancaq indi Azərbaycandan konkret bir tərəfə yönlənməyi tələb edirlər:

– Bir tərəfdən Rusiya Azərbaycanın Avrasiya Birliyinə qatılmasını istəyir. Azərbaycanın coğrafi-strateji vəziyyəti böyük imkanlar vəd edir. Di gəl, Azərbaycan bunu axıracan istəmir, ortada qalmağa üstünlük verir.

– Bəs Qərbin istədiyi nədir?

– Qərblə də problem belədir – ABŞ-da Respublikaçılar hakimiyyətdə olarkən neftə görə çox şeyə göz yumurdular. Demokratlar o qədər də neftə bağlı deyillər, o səbəbdən respublikada demokratiya prosesinin canlandırılmasını, iqtidarın söz verdiyi dəyişikliklərin başlanmasını istəyirlər. Seçkiöncəsi Seçki Məcəlləsinin də dəyişdirilməsi arzulanır.

Əli Abbasov bu il seçkilərlə bağlı tələblərin çoxalacağını istisna etmir:

«Rusiyalı müşahidəçilər seçkinin həmişə demokratik keçdiyini deyirdilər. Bu dəfə buna inanmıram».

Politoloqun fikrincə, hələlik, hamı gözləmə mövqeyi tutub, ancaq istənilən halda builki seçkilərin çox gərgin keçəcəyi gözlənir. O, seçkiöncəsi yeni təklif və variantların ortaya çıxacağını da söyləyir.

Bu həftə ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Thomas Melia-nın Bakıya gələcəyi gözlənilir. Ötən ilin dekabrında da Bakıya gələn və ölkədə insan haqları ilə bağlı elə də gözəçarpan irəliləyişin olmadığını deyən yüksək rütbəli amerikalı diplomat hökuməti ATƏT qarşısında öhdəliklərini yerinə yetirməyə çağırmışdı...