Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

Əli Həsənov: «Azərbaycan Rusiya və Avropa Birliyi arasında seçim etmir»


Əli Həsənov
Əli Həsənov
-
«Azərbaycan Avropa Birliyi ilə əlaqələri davam etdirməkdə qərarlıdır, gələcəkdə əlaqələrin genişlənəcəyinə və güclənəcəyinə ümid edir».

Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov «New Europe» qəzetinə müsahibəsində deyib.

«Bizim Avropa Birliyi ilə çox yaxşı tərəfdaşlığımız var, bir sıra tərəfdaşlıq razılaşmaları imzalamışıq. Bu yaxınlarda Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində bəyannaməyə imza atmışıq. Avropa Birliyi ölkələrinin enerji tələbatının təmin olunmasında Azərbaycanın rolu artır», - deyə Ə. Həsənov bildirib.

«ONLARIN ÖZ BAZARI, BİZİM İSƏ ÖZ BAZARIMIZ VAR»

Azərbaycanın Rusiya ilə əlaqələrinə toxunan Ə.Həsənov bildirib ki, rəsmi Bakı Rusiyanı regionda böyük oyunçu sayır:

«Biz hesab edirik ki, Rusiyanın bütün regionda maraqlarının olması normaldır. Azərbaycan Rusiya və Avropa Birliyi arasında seçim etmir. Biz onların hər ikisini yaxşı tərəfdaş və qonşu hesab edirik, onlarla öz milli maraqlarımıza uyğun olaraq əməkdaşlıq edirik. Rusiya Avropanın əsas neft-qaz təchizatçısıdır. Biz də Avropaya neft və qaz nəql edirik. Lakin biz rəqib deyilik, çünki onların öz, bizim isə öz bazarımız var».

NƏ NATO, NƏ DƏ RUSİYA

Təhlükəsizlik məsələlərindən danışan Ə.Həsənov Azərbaycanın NATO ilə müxtəlif çərçivələrdə əməkdaşlıq etdiyini vurğulayıb:

«Lakin biz NATO-nun üzvü deyilik və bu qurumun üzvü olmağı planlaşdırmırıq. Eyni zamanda, bizim Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da üzv olmaq niyyətimiz yoxdur. Düşünürəm ki, bu məsələlərdə neytral olmaq bizim milli maraqlarımıza uyğundur».

«AB-NİN MİNSK QRUPUNDA XÜSUSİ NÜMAYƏNDƏSİ OLMALIDIR»

Ermənistanla dondurulmuş münaqişənin həllində Azərbaycanın AB-nin yardımını gözləyib-gözləmədiyi barədə sualı cavablandıran Ə.Həsənov deyib:

«Biz Avropa Birliyindən Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupuna güclü dəstək gözləyirik. Hazırda AB-ni ATƏT-in Minsk Qrupunda Fransa təmsil edir. Hesab edirik ki, gələcəkdə AB-nin Minsk Qrupunda xüsusi nümayəndəsi olmalıdır. Bu, AB-nin münaqişənin həllindəki mövqeyinin güclənməsinə kömək edəcək. Cənubi Qafqazda sülh olmadan, Avropanın tam təhlükəsizliyindən danışmaq olmaz».

/apa/
XS
SM
MD
LG