Əsgər anası tibbi ekspertizanın rəyinə inanmır...

Elşən Novruzov

-

Hərbi Prokurorluq ötən ilin avqust ayında dəfn edilən Şəmkir rayon Yeni Həyat kənd sakini, əsgər Elşən Novruzovun ölümü ilə bağlı cinayət işini başa çatdırıb. Ana Səlbi Novruzova bildirir ki, sonuncu rəy də 1-ci rəyi təsdiqləyir və Elşən Novruzovun xəstəlikdən öldüyünü bildirir.

Səlbi Novruzova deyir ki, qərardan Ali Məhkəməyə və lazım gəlsə Avropa Məhkəməsinə şikayət edəcəklər. Ölümündən 2 gün əvvəl oğluyla görüşən ana əmindir ki, qısa müddətə oğlunda ölümcül xəstəlik yarana bilməzdi:

«EKSPERTİZA QARŞISINDA ACİZİK»

«Biz getdik Hərbi Prokurorluğa, dedilər ki, yenidən tibbi ekspertiza rəy verib ki, uşaq xəstəlikdən ölüb. Biz də razı olmadıq. Dedim, mənim uşağımı öldürüblər. Dedilər, tibbi ekspertiza qarşısında acizik. Ekspert rəy verir, odur».

Səlbi Novruzova deyir ki, oğlunun əsgər yoldaşları xidməti bitirib gələndən sonra yeni məlumatları istintaqa təhvil verəcək:

«NİYƏ BU HÖKUMƏT MƏNİM UŞAĞIMIN QANINI BATIRIR?»

Elşən Novruzovun yas mərasimi

«Niyə bu hökumət mənim uşağımın qanını batırır? Mən vətənə əsgər vermişəm. Demədim ki, sağlam uşağı aparıb, 1 ay 15 günün içində öldürüb üstümə yollasınlar? Düzdür, mən sübut edə bilmirəm Prokurorluğa ki, uşağım öldürülüb. Ancaq sübut edəcəm».

Anasının deməsinə görə, Elşən Novruzovun hərbi hissədə mobil telefon üstündə mübahisəsi düşüb. Bu mübahisəsinin 3-cü günündə onun ölüm xəbəri gəlib. Səlbi Novruzova narazılıq edir ki, istintaq mübahisəni işə salmayıb, məhkəmədə isə buna ötəri yanaşılıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən isə bildirirlər ki, həmin əsgərlə bağlı 2 dəfə araşdırma olub və iş başa çatıb. İşə yenidən baxılması üçün ancaq qərardan şikayət vermək lazımdır.

Elşən Novruzov 2012-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb, avqust ayının 30-da torpağa tapşırılıb. Əsgərin əvvəllər xəstə olmadığını Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin Şəmkir şəhər üzrə rəisi Həsrət İsmayılov da deyir. O bildirir ki, Elşən Novruzovun sənədlərinə onun həqiqi hərbi xidmətə yararlı olduğu və əvvəllər də heç bir xəstəliyinin olmaması yazılıb.