Aaaanam nnnəəvə istəyir!

Mətləb Muxtarov

-

Mətləb Muxtarov


“AAANAM NNNƏƏVƏ İSTƏYİR!”

Adətən hekayələr belə başlamır, amma bu hekayə kimi, hekayənin başlanğıcı da adətən sözünü sonuncu dəfə istifadə edir. Hekayə siqaretin ilk alışması ilə başlayıb, külqabıda söndürülməsiylə bitəcək. Əsas qəhrəman yataqda lüt uzanıb tavana baxaraq siqaret çəkir. Yanında bir qadın var.

- Aaaanam nnnnəəvə istəyir...

- Nə?

- Aaaanam nnnnəəvə istəyir!

- Başa düşmədim e. Nə nəvə? Dəlisən?

- Yox.

- Bəs bu nə söhbətdir edirsən?

- Aaaanam nəvə istəyir. İiiissstttəyir ki, uşağım olsun.

- Lap yaxşı. Evlən də...

- Eeeevləənmək iiiissstttəmmmirəm! Anam iiiissstttəyir, iiissstttəyir ki, uuuşşşağım ooolsun.

- Bunu mənə niyə deyirsən e? Gicsən?

- Sssənin uşşşağın var?

Siqaretdən bir tüstü alan qəhrəman alının tərini silir. Qadından cavab gözləyərkən qapını kimsə döyür. Sonra qapının o tərəfindən qalın kişi səsi gəlir...

- Seva,vaxtdır. Maşın gözləyir. Çinar kafesindəki klientlər zəng elədilər. Bizi gözləyirlər.

- Gəlirəm... Gözlə görüm bu gic nə istəyir.

- Aaaanam nnnnəəvə istəyir!

- Aaaannnnaaava de, gəlib özü doğsun. Doğub harda saxlayacam?

Qadın onun cavabını gözləmədən yataqdan qalxır. Paltarını geyinməyə başlayır. Qapını açıb çıxanda, qəhrəman hirslənərək əlindəki külqabını onun arxasıyca tullayır. Qadın tez qapını bağlayıb, özünü təhlükədən xilas edir. Bir az yerində uzanan qəhrəman - “Anam nəvə istəyir” sözünü ancaq bu hekayəni yazan adamın eşidəcəyi səs tonuyla təkrar edir. Sonra siqaretdən bir qullab alır. Siqaretin külünü boşaltmaq üçün, cəld yerindən qalxıb qapının ağzındakı külqabını götürür. Daha bir qullab çəkəndən sonra telefonu qulağına yaxınlaşdıraraq, yavaşca “Aaaana, sssən nnnəəəvə iissstəyirsən?”- deyir. Heç bir cavab gəlmədiyini görəndən sonra həyəcanlanır. Telefonu dağınıq yatağın üzərinə ataraq bərkdən qışqırır: ”Aaaana sssən nnnəəəvə iissstəyirsən?”. Cavab gəlmir... Cəld siqareti söndürüb, paltarını geyinir.