Sahibkarların güzəştli kredit sərgüzəştləri

Manat

-
«Arıçılıqla məşğul olmaq istəyirdim, vaxtı keçdi. İyun-iyul ayları məhsul verən vaxtlarıydı. Maldarlıqla bağlı biznes-plan tutulmuşdu». – 63 yaşlı ağsulu sahibkar Əlirza Əsgərovun hökumətdən istədiyi 18 min manatdır. Dediyinə görə, Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) bu məbləği ala bilmir:

«Neçə illərdir gedirəm sahibkarlıq fonduna, heç nə ala bilmirəm. Fondun ancaq adı var. Şəhərdə, özü də on dəfə artıq girov qoyuram. TV-də danışırlar ki, 50 sahibkara kredit verdik, heyvandarlıq üçün belə etdik. Alanlar var, ancaq mən ala bilməmişəm».

Əlirza Əsgərov deyir ki, güzəştli kredit 36 aylıq verilir. Nizamnaməyə görə, ilk 18 ayda heç nə ödəmirsən. O, fondun sədri Şirzad Abdullayevin da qəbulunda olduğunu, ondan kommersiya banklarına müraciət etmək məsləhəti aldığını bildirir.

«TANIŞLIQLA GEDİR PROSES»

«Hüquqi Maarifləndirmə» İctimai Birliyinin sədri İradə Cavadovanın dediyinə görə, «Kiçik və orta sahibkarlara hüquqi məsləhət mərkəzi» adlı layihə gerçəkləşdirdiyindən oxşar şikayətlər çox gəlir. Araşdırmalar göstərir ki, müvəkkil banklar hətta maksimum hədlə – 6 faizlə də kredit verməkdən boyun qaçırır və əlavə pul istəyirlər:

«Deyirlər SKMF-nin özü razılıq verməlidir kreditin ayrılmasına. Biznes-plan fonda getməlidir. Ortada bir asılılıq yaranır. Ancaq tanışlıqla gedir proseslər. Heç biznes-plana da baxan yoxdur. Ekspertlərimiz biznes-planın hazırlanmasında da sahibkarlara kömək etməyə hazırdırlar. Orda açıq deyiblər ki, biznes-plan-filan istəmirlər, məsələ başqa cür həll olunur».

Sahibkarlığa Kömək Milli Fondunun saytında maliyyələşdirilən layihələrin məqsədi, layihə üzrə yeni iş yerlərinin sayı barədə məlumat olsa da, həmin layihələrə ayrılan vəsait barədə bir söz deyilmir.

HEYDƏR ƏLİYEV FONDU

İstixana. Foto: Arxiv

Ara-sıra da olsa, mediada kredit alan sahibkarlar barədə xəbərlər yayılır. 2011-ci ilin dekabrında bildirilirdi ki, Bakı qəsəbələri üzrə layihələrin maliyyələşdirilməsinə 4.8 milyon manat güzəştli kredit verilib. Məsələn, Xəzər rayonu, Zirə qəsəbəsində müasir istixana kompleksləri üçün sahibkarlar Bəşir Quliyev və Sona İmanovaya vəsait ayrılıb. Ancaq maraqlıdır ki, həmin ərazidə bu istixanaların Heydər Əliyev Fondu əməkdaşlarına məxsusluğuna dair söz-söhbət geniş yayılıb. İstixanalarda çalışanlara bayram günlərində HEF-ə məxsus bağlamalarda hədiyyə, qurbanlıq ət paylanması bu fikirləri daha da gücləndirib. Həmin kreditin 3 faizlə ayrılması barədə də fikirlər dolaşır.

KREDİTLƏR HESABINA İŞ YERİ

Sahibkarların iddialarına nə SKMF-dən, nə də İqtisadi İnkişaf Nazirliyindən cavab aldıq. Fonddan gün ərzində icraçı direktor Şirzad Abdullayevin qonaq qarşıladığını dedilər. Daha sonra zənglərə də cavab verilmədi.

Ş. Abdullayev ötən il bir müsahibəsində qeyd edirdi ki, qurumun xətti ilə müvəkkil kredit təşkilatları 1780-dən çox sahibkara 157 mln. manata yaxın güzəştli kredit verib. Bu kreditlər hesabına 6 min 900-dək yeni iş yerinin yaradılması nəzərdə tutulurmuş. İcraçı direktor fond vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə monitorinqlər aparıldığını da vurğulayırdı.

«KREDİT ÇATMIR»

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev deyir ki, güzəştli kreditin verilmə qaydalarını və şərtlərini ölkə prezidenti təsdiqləyir.

Foto: Arxiv

SKMF müxtəlif regionlarda yarmarkalar keçirir, prioritet, yəni öncəlikli sahələri müəyyənləşdirir və kredit də həmin sahələr üzrə müraciət edənlərə verilir. O, sahibkarlardan şikayət almadıqlarını deyir:

– Kredit çatmır söhbəti var. Sirr deyil ki, Azərbaycanda güzəştli kredit deyilən kredit tələbdən qat-qat azdır. O üzdən ayrılan vəsait təyinata, üstün istiqamətə, şərtlərə görə verilir.

– Sahibkarlar bu məsələdə tanışlıq faktorundan danışır, bankların biznes-planları qəbul etmədiyini deyirlər...

– Çox şey deyə bilərlər. Araşdırıb-eləmədən həqiqət olduğunu demək düzgün deyil. Büdcədən pul ayrılır. Şərtləri ölkə prezidenti təsdiqləyib. Vaxtaşırı bu işə nəzarət edən orqanlar var. Biz heç vaxt demirik ki, Həsənə, ya Məmmədə kredit var, çünki sabah həmin şəxs o krediti qaytarmalıdır.

Məhəmmədəli Əfəndiyevin dediyinə görə, konfederasiya təkliflərini verir və nə bankların, nə də SKMF-nin işinə qarışmır. Vaxtilə bu kreditlər taxıl anbarlarının tikintisinə, soyuducu kameraların quraşdırılmasına, daha sonra damazlıq-quşçuluq təsərrüfatının yaradılmasına yönəldilib:

«İndi ölkədə damazlıq yumurta o qədərdir ki, kənardan gətirməyə ehtiyac yoxdur».

BİR İŞ YERİ = 24500$

İqtisadçı ekspert Məhəmməd Talıblı sahibkarlara kredit verilməsi sahəsində problemlərin qalaqlandığını deyir. Onun fikrincə, əvvəlcə ölkə iqtisadi siyasət hədəflərini müəyyənləşdirməlidir.

Məhəmməd Talıblı

Məsələn, elə regionlar var ki, taxıl əkini ilə bağlı kreditlərin verilməsi qəbulolunmazdır. Eyni zamanda məhz taxıl istehsalı üzrə ixtisaslaşmış regionlar da var. İqtisadçının dediyinə görə, indiyədək büdcədən 1 milyarddan artıq vəsait sahibkarlara kredit kimi ayrılıb. Ancaq həmin vəsaitin büdcəyə dönərliliyini təmin edən tədqiqat aparılmayıb:

«Bu vəsait fermerlərə verilibsə, o fermerlər növbəti illərdə bundan əlavə gəlir qazanmalıydılar. Ölkə ümumdaxili məhsulunun formalaşmasında da bu sektorun payı çoxalmalıydı. Amma görürük ki, SKMF vasitəsilə verilən kreditlər ölkədə kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payını artırmayıb. Yəni, bu istiqamətə ayrılan vəsaitin faydalı iş əmsalı çox aşağıdır».

İqtisadçı SKMF-nin hesabatlarında bir məqama diqqət çəkir:

«Üzə çıxır ki, bir nəfərin işlə təmini dövlətə 24 min 500 dollara başa gəlir. Bu rəqəmi ABŞ-la müqayisə etmək olar. Vəsait sərfini qiymətləndirəndə, ölkədə əhalinin məşğulluq səviyyəsi yetərincə yüksək olmasını, işsizlik probleminin həllini tapmasını görməliydik».

Məhəmməd Talıblının dediyinə görə, 100 min manat məbləğində ayrılan kredit var ki, formal olaraq bir neçə şəxsin adları göstərilir, ancaq davamlı işlə təmin edilən insan qruplarına rast gəlinmir. İqtisadçı bu sahəyə ayrılan vəsaitin konkret istiqamətlər üzrə qiymətləndirilməsini, şəffaf istifadəsini vacib sayır. Belə ki, əgər həmin vəsait əhalini işlə təmin edə bilibsə, onda pozitiv təsirlərdən danışmaq olar. Ancaq məsələn, əhalinin bölgələrdən Bakıya axını sürürsə, deməli, ayrılan kredit demoqrafik baxımdan səmərə verməyib.