Günel Mövlud. Türkiyə – «azadlıq adası»

Günel Mövlud

-

Onlar bu ölkənin vətəndaşlarını bir tikə çörək tapıb, onu balaları ilə qulağı dinc yemək imkanı tapanda xoşbəxt olacaq kölələrə çevirmək istəyirlər. Buna qismən nail olublar.


Günel Mövlud


TÜRKİYƏ - "AZADLIQ ADASI"


On günə yaxındır Türkiyədə, İzmirdəyik. Kinoşünas Aygün Aslanova, Hacı və mən.

Burda mərkəzi küçələrdən birində yerləşən balaca, ucuz bir oteldə qalırıq.

Mən ilk romanımı yazmağa, Aygünlə Hacı İzmiri görməyə gəliblər.

3 il əvvəl bir tədbirə qatılanda İzmirin bu hissəsində qalmışdım. O vaxtdan ağlımda qalmışdı ki, nə vaxtsa roman yazmaq barədə düşünsəm, onu burada yazacacam.

Bilənlər bilir, hər yazının öz yeri var. Elə yer var ki, orada bir sətir də yaza bilməzsən. Elə yer var ki, oranın ovqatı, atmosferi on ilə yaza bilmədiyini bir neçə günə yazdırar.

Az qala hər gecəyarısından sonra çıxıb, şəhərin mərkəzi küçələrində gəzişirik. Bu saatlarda küçələrdə əsl həyat qaynayır. Əyləncələr, yeyib-içməklər, musiqi, alverin ən gur vaxtıdı bu saatlar. Xırda alverçilər, küçə satıcıları elə şeyləri satırlar ki, bizimkilərin ağlına da gəlməz. Turşu suyu, qaynar çay, qəhvə ,kağız bükmələrdə təzə fındıq, elə küçənin ortasındaca qurulmuş ocaqda bişən ciyər, içi düyü ilə doldurulmuş midyə, qızardılmış krevetka, bağırsaq kababı, arası pendir-pomidorla doldurulmuş dürmək. Bunları küçənin ortasında satıcıdan alıb, ya yanında oturub, ya da gəzə-gəzə rahat yeyə bilərsən.

Küçə musiqiçiləri dəstə-dəstə gəzir, istədikləri yerdə oturub, çalıb-oynamağa başlayırlar. Hər tərəf yeyib-içən, əylənən, çalıb-oxuyan insanlarla doludur. İnsanlar harda istəsələr, otura, pivələrini içə, çərəzlərini yeyə bilirlər – küçənin ortasında, otluqda, dəniz kənarında… (ardı aşağıda)

Konak Meydanı, İzmir

Gündüzlər bu küçələrin bir başqa havası var. Burada gənclər dinc aksiyalar keçirir, hökumətin istefasına, günahsız yerə həbsə düşənlərin azadlığına çağıran vərəqələr paylayır, imza toplayır, səsgücləndiricilərlə insanlar arasında təbliğat aparır, çıxarmaq istədikləri qəzetlər, jurnallar, düzənləmək istədikləri aksiyalar üçün vəsait toplayırlar.

On gün ərzində nə gecə, nə də gündüz bir polisin gənclərə irad tutduğunu, içkili olduğu üçün saxladığını, otluqlarda oturduğu üçün danlayıb, ayağa qaldırdığını, imza toplayır, təbliğat aparır deyə saxladığını görmədik.

İstər-istəməz Bakını, Azərbaycanı xatırlamalı, müqayisə eləməli oldum. Bakının mərkəzində belə küçə əyləncələri yoxa çıxıb. Acından, susuzluqdan ölsən, bir tikə yemək, bir stəkan çay içmək istəsən, gərək bir kafedə oturasan, ən azı 15-20 manat pul xərcləyəsən. Otluqlarda oturmaq qadağandı. Küçədə bir az özünü sərbəst aparan kimi polis adamın başının üstünü kəsdirir. Öpüşmək qadağandı.

İnsanın özünü bir az azad, bir az əsl insan kimi hiss eləməsinə kömək edən şeylərdən nə varsa, hamısı qadağandı. Küçələrimizdə hətta bir az pulu, dolanışığı olan adamların üzlərinə fikir verin. Həvəssiz, qaraqabaq, gərgin, bədbəxt. Onların içində bütün gözəl şeyləri öldürüblər. Əylənmək, rahatlıq, azadlıq hissini öldürüblər. Çünki azadlıq elə şeydi ki, onun dadına baxan daha çox istəyəcək. Bu rejimə isə azadlıq istəyən insanlar lazım deyil. Onlar bu ölkənin vətəndaşlarını bir tikə çörək tapıb, onu balaları ilə qulağı dinc yemək imkanı tapanda xoşbəxt olacaq kölələrə çevirmək istəyirlər. Buna qismən nail olublar.

Ən pisi isə budur ki, biz Azərbaycanı Türkiyə ilə müqayisə edirik. Yaxından baxanda, Azərbaycanla müqayisədə Türkiyə adama azadlıq adası kimi görünür. O Türkiyə ki, ordakı haqsızlığa, ədalətsizliyə dözməyən xalq küçələrə axışır. Müğənniləri, aktyorları, yazıçıları xalqa qoşulub meydanlara çıxır. Etiraz edir. O Türkiyə ki, onun vətəndaşları Geziparkı aksiyalarında etirazçılara zor tədbiq edən polisi söyüş hədəfinə çevirsə də, polisin rüşvət aldığını, özbaşınalığını inkar edir.

Biz Azərbaycanı Türkiyə ilə müqayisə etməli oluruq.

Çünki Azərbaycanla müqayisədə Ərdoğan rejimindən canı boğazına yığılmış ölkə dəfələrlə demokratik, azad, gözəl görünür…

Forum Bornova Ticarət Mərkəzi, İzmir