Bircə kimsə məni basdırsaydı... (Seyfəddin Hüseynlinin tərcüməsi)

-

...“Xoşbəxt ölüm” söhbətinə inanmayın! Onu qorxaqlarla daşürəklilər uydurublar! “Xoşbəxt ölüm”dən acınacaqlısı yoxdur!..”

...Dümağ bədəni adamın ağlını alan Səriyyə mənim üçün “lifçik” tikdi, öz əlləriylə də geyindirdi. Qızın qoxusunu duyduqca beynim çönürdü...

... Əzizlərinin sümükləriylə yan-yana uzanmaq, yavaş-yavaş çürüyüb torpağa qarışmaq – bundan artıq nə istəyirsən!..



Daur Naçkebia


PAYIZA AZ QALIB...


(Abxaz yazıçının hekayəsini rus dilindən Seyfəddin Hüseynli tərcümə edib. “Oxu Zalı” Cənubi Qafqaz yazıçılarının “Yaşamaq zamanı” toplusundan götürülmüş bu hekayənin tərcüməsi və nəşri üçün müəllifdən icazə alıb)


Ölüb qalmışam od yağdıran Günəşin altında, Suxumun şimalındakı hündür təpənin döşündə. Beləcə, yerə quylanmadan çox qalaram hələ: yorğun savaş sükutuna, meyitlərin dəyiş-düyüş edilməsinə xeyli var; yenicə başlanan hücum öz axarındadır. Suxum hələ alınmayıb, döyüşün qızğın vaxtıdır.

Güllə başımdan dəydi: gözlərim qaralmağa başladı, qatı zülmət çökdü. O sərt keçid anında birdən necə oldusa, ruhum sızıldadı, az qala ağlayacaqdım, ancaq bu qəhərlənmə, gözlərimin dolmağı çox çəkmədi – keçindim.

Məni yandıran bu idi ki, heç ağrı-filan olmadı. Ağrı – həyatın mayasıdır: ağrıyırsansa, hələ sağsan. Amma o anda qatı zülmət, ovunu gözləyən yırtıcı kimi, üstümü alıb amanımı qırdı, müdhiş, parlaq ağrı isə gendən dolanıb keçdi. Kəsəsi, “xoşbəxt ölüm”dür: bir andaca sönürsən, alatoran içində uzun-uzadı ağrı-acı çəkmirsən. Ancaq mən – ölü bir adam, səsim çıxmasa da, keyimiş ağzımla gücüm yetdikcə bağırıram: “Xoşbəxt ölüm” söhbətinə inanmayın! Onu qorxaqlarla daşürəklilər uydurublar! “Xoşbəxt ölüm”dən acınacaqlısı yoxdur!”

Biz o uzun yay günü boyu Günəşin dalınca düşmüşdük. O hərdən hündür ağacların yoğun gövdələrinin arxasında gizlənir, hərdən budaqların arasından görünüb iti, parlaq şüalarıyla gözümüzü qamaşdırır, hərdən də ya sıx yarpaqların, ya da təpələrin ardında yoxa çıxırdı. Meşə sakitcə, ehtiyatla irəliləyən insan dəstəsini gərginlik içində izləyir, onun gileyli pıçıltıları biz yeridikcə kəsilir, sonra yenə də arxamızca səslənirdi.

Biz elə hey gedirdik; Günəş artıq düz təpəmizə döşəyirdi, meşənin isə sonu görünmürdü. Elə bil meşə gur işığın altında seyrəlir, istidən təngiyirdi; indi dalımızca yalnız alayuxulu pıçıltılar sürünürdü.

Yorulmuşduq, tər aparırdı bizi, çiynimizdəki yük boynumuzdan aşağı basırdı. Hələ nə qədər gedəcəkdik – kimsə bilmirdi. Bələdçimiz – qarayanız, gülərüz yunan o qaramat meşənin içində ilan kimi qıvrılan insan zəncirini təkcə özünün tanıdığı cığırla apardıqca qəlbimizdəki gizli narahatlıq artırdı; dayanıb nəfəs dərdiyimiz dəqiqələrdə onu şübhəylə, çəp-çəp süzürdük. Gönüqalınlığı, öküz kimi kütlüyü üzündən bəzi xeyirsöyləməzlərin Kötük dedikləri komandirimizə baxıb toxtayırdıq: o, dinməz-söyləməz, inamla addımlayır, qıvraq bələdçidən geri qalmırdı, biz də qabaqdakıların ardınca, onların həmahəng yerişinə ayaq uydurub, getdikcə gedirdik.

Meşədə toran düşürdü. Ağacların başı hələ işıqlıydı, amma aşağıda qaranlıq yavaş-yavaş qatılaşıb hər yeri bürüməkdəydi. Səma tamam qaralanda meşəyə zülmət çökdü. Ətrafa qəribə, mürgülü səslər, devikib-vurnuxan cürbəcür canlıların hay-küyü yayılmağa başladı. Yamacla üzüaşağı xeyli getdikdən sonra çaya çatdıq. Rahat bir nəfəs aldıq... Qərbə doğru axıb gedən işıq selindən orda-burda zəif işartılar qalmışdı; bezgin-üzgün Günəş nəhəng qırmızı kürə kimi dənizin üzündəydi, ya bəlkə də tamam qüruba enmişdi.

Suyun sərinliyi bizi dirçəltdi. Çay yorğunlumuzu yuyub apardı, qarşı sahilə gümrahlaşıb, yüngülləşib çıxdıq; qətiyyətimiz özümüzə qayıtmışdı.

Çay soyuq, axar bir sərhəd xətti kimi araya düşəndə dönüb meşəyə boylandım. Ala-tala bəyaz dumanın içində tutqun görünürdü meşə, tədricən səmaya doğru yüksəlib onunla qovuşurdu. Meşə yuxunun girdabında qərq olur, məni, hamımızı unudub uyuyurdu. Dilxor oldum: meşə məni öz hüdudsuz yaddaşının ucqar bir küncünə dürtmüşdü – axı elə bu gün birlikdəydik! – və yada salması, həm cismimi, həm ruhumu xatırlaması üçün onun bağrına təkrar ayaq basmaq mənə nəsib olacaqdımı, bunu bilmirdim.

Göyün dərinliyindən ulduzlar boylanmağa başladı: böyükdən-kiçiyə düzüldülər, əvvəlcə iri, nisbətən parlaq, sonra isə, onlardan azca aralıda, topa-topa, tək-tək görünən xırdaca ulduzlarla doldu səma.

Çayın soyuq şırıltısı gecəni başına götürmüşdü: amma hərdən yuxulu quşların çığırtısı eşidiləndə adamın əti ürpəşirdi. Nəfəsimizi içimizə çəkib, o vəhşi çığırtının güllə səsi kimi yenidən yayılacağını gözləyirdik. Ancaq sakitlik idi: həmin çılğın, yanıqlı səsin qəfil qopub yayıldığı sonsuzluq onu yenidən udmuşdu.

Qısa, amma qızğın döyüşdən sonra yüksəkliyi ələ keçirdik. Düşmən pərən-pərən düşüb geriyə - bir kilometr yarım şərqdəki kəndə tərəf çəkildi.

Son bir həftədə bizə aman verməyən üç qaubitsa indi qatır kimi qısır qalmışdı, ətrafa çoxlu boş giliz səpələnmişdi. Biz həm hərbə-zorba gəlmək, həm də məzələnmək xatirinə bomboş lülələri kəndə tuşlayıb, yalandan gətir-götürə başladıq, guya atəş hazırlığıydı bu. Zarafat qanmayan komandirimiz bunu “havayı əziyyət” bilib deyinsə də, mane olmadı: qoy oynaqlasınlar bu cavan gicbəsərlər!

Kənd heç də zarafata oxşatmadığı bu vurhavurun qarşısında büzüşmüş, donub qalmışdı. Küçələrdə bircə kölgə də gözə dəymirdi, ölüm qorxusu hər yeri basmışdı. Az əvvəl döngələri, həyətləri, bağları səllimi dolaşan külək də qəfildən, izsiz-soraqsız harasa sovrulub getmişdi.

Əhali kənddən çıxmağa başladı: əvvəlcə tək-tək, çəkinə-çəkinə, sonra hamılıqla, hay-küylə. Qorxu adamları birləşdirmişdi, qığılcım kimi çaxnaşma da çıxırdı arada.

Uzaqdakı partlayışlardan, bir də təkəm-seyrək açılan yeknəsəq atəşlərdən savayı səs-səmir gəlmirdi. Gərək qulaqlarını dibinəcən şəkləyəydin ki, gündüzün parlaq cingiltisini eşidə biləydin. Elə bil heç müharibə getmirdi: o, yaddaşımızın qaranlıq bir küncünə, sərt, ağrılı nöqtəsinə çəkilmişdi.

Gecəki leysandan sonra bürkü öz yerini sərinliyə verəndə anladıq ki, yayın axırıdır. İkicə günəşli gün bəs edər ki, hava yenə də qızsın, amma bu qızmarlıq yayın qovurucu istisini uzaqbaşı ötəri xatırlada bilər: rahat, zəif, abırlı istidir bu. Günün işığı elə də gur deyil, yer-göyü gözqamaşdıran şüalar tutmayıb deyə, dünyanı yuxu kimi göstərən ilğımlar da yoxdur – hər şey aydın görünür.

Abxaziyada payız gələndə dünya büllur kimi saflaşır: duyğularımız hələ heç vaxt bunca həssas olmamışdı.

Dünyanın cansıxıcı əlvanlığı, ölümcül xəzan dalğası...

Uzaqda dəniz görünür – sakit, həyəcansız. Onun nəhəng bədənində torpağın ağrısından əsər qalmır, ləpədöyəndən o yanda bu ağrı itib-batır, anlaşılmaz bir şəkildə tutqun dərinliklərə dalır: eynilə güllənin suda gücdən düşməsi, öldürücü qızmarlığını itirməsi kimi. Dənizin sərinliyi, rütubəti bizi - bu alışıb-yanan yüksəkliyi də vururdu. Onun parlaq səthi oynaq bir qövslə bitir, ordan isə səma divar kimi ucalırdı.

Keçmişin qaranlığını yarıb, əcdadlarımın bədənindən, ruhundan keçib gələn uzun, parlaq teli öz canımda hiss edirdim mən. Qıllı əcdadımın ilk dəfə qadınının bətnində əkdiyi toxumda da var imişəm, şirin qapışmalarla, ləzzətli boşalmalarla keçən sonrakı gecələrdə də. Nəslimin kişiləri məni - bəlkə milyon dəfə - qaynar bir axınla qadın bətninin qaranlıqlarına püskürdüblər. Onlar artıq ölüb-gediblər, bu torpağa bürünüb, ona qarışıblar. Tezliklə mən də bu torpağa bürünəcəyəm...

Avtomatımı sinəmə sıxıram: sağlığımda onun dürüst biçimli qara bədəni, qurğuşun canı məndən ötrü çox şirin idi, sevimliydi. Axı təkcə onu ürəkdən sevməyə macalım olmuşdu. Avtomatın adi vaxtlardakı yalançı soyuqluğuna fikir verməzdim, çünki işə düşəndə onun necə qızışdığını bilirdim.

Davanın ilk günlərində onu necə arzulamışdım! Avtomatı olanlara necə paxıllıq eləmişdim! Belələri az idi: çoxları - mənim kimi – qüssəli, atəşli gözlərlə Eşerayla Qudauta arasında yol ölçürdü. Tək bircə arzu - avtomat tapmaq istəyi dincliyimi əlimdən almışdı. Müharibənin onuncu günüydü, mən isə avtomatsız, boş-boşuna Eşeranın tozlu yollarında it döyürdüm; Qudautada, bizim – Suxumdan olan qaçqınların yerləşdirildiyi istirahət evlərində naharı pomidorla yola verəndə, hər dəfə “Yeniliklər”, “Xəbərlər” üçün televizorların qabağına yığışanların tüstü-dumanından, hay-küyündən ürəyim sıxılırdı: belə məqamlarda təmkinli diktorun hər sözünə adamın başını xarab eləyən min cür sətiraltı məna yüklənirdi – hərbi əməliyyatlara dərhal son qoyulmasından, təcavüzkarın cəzalandırılmasından tutmuş, bizim doğma yurd-yuvamızdan qovulmağımıza qədər...

Ancaq mən tezliklə avtomat tapa bildim. Davanın ilk günlərindən qərargahda özünə yer eləmiş bir qohumum, çox yalvar-yapışdan sonra, hansısa çeçenlə bu barədə danışacağına söz verdi. Çeçen iki yüz dollar istəmişdi. Mənim yüzcə dollarım vardı. Bilirdim ki, “çeçen söhbəti” fırıldaq qohumumun uydurmasıdır, avtomat onun özünündür... Amma burası mənim vecimə deyildi. Pulun hamısını düzəldə bilməməyim qohumbalanın kefinə soğan doğradığından, qərargahda sakit bir işə düzəldəcəyini vəd edib, məni bu niyyətimdən daşındırmağa çalışdı. Qərarım qətiydi, odur ki, qohumluğumuzu üzümə tutub dirəşdim. “Qərargah adamı” duruxdu, “həmişəyaşıl” yüzlüklərin xışıltısı onu yoldan çıxarmışdı. Amma qohumluq məsələsi tamahını üstələdi, “tərs çeçeni razı salmağa” çalışacağını ağzından qaçırtdı. “Razı saldı” da: qalan yüz dollar borca yazıldı. Ancaq dilimdən söz aldı: evdəkilər bunu bilməsinlər, işdir, başıma bir iş gəlsə, kimsə qınamasın ki, “qanmaz uşağın sarsaqlamağı”nda onun da barmağı var.

Dümağ bədəni adamın ağlını alan Səriyyə mənim üçün “lifçik” tikdi, öz əlləriylə də geyindirdi. Qızın qoxusunu duyduqca beynim çönürdü. Arada zarafatlaşdıq - bir-birimizin gözlərinə baxmadan...

“Lifçiy”imə güllə qutuları yığdım, onlar bütün ağırlığıyla sinəmə qısılıb, doğma adamlar kimi qucaqladı məni. Başıma yaşıl lent dolayıb, uzun müddət güzgünün qabağında dayandım: özümə baxmaqdan doymurdum. Yox, o dəqiqə Qumistaya tərəf yüyürmədim: neçə vaxtdan bəri təşnəsi olduğumu birdən-birə əldə elədiyim üçün bütün bədənim boşalmışdı, özüm öz xoşbəxtliyimə inanmırdım; avtomatımı bağrıma basıb iki gün Qudautada veyilləndim, ta qara paltarlı bir qadının sərt, həm də haqlı qınağına tuş olanacan: “Sən burda sülənirsən, orda isə qardaşların qırılır!” Elə bil yuxudan ayıldım: tez ön xəttə sarı götürüldüm.

Elə o vaxtdan da avtomatımla Siam əkizləri kimiyik; sağlığımda hər nə yadımdan çıxsa da, avtomatımı unutduğum, onun öz ilan soyuqluğu ilə qəlbimi isitmədiyi bircə an da olmayıb.

Artıq iki sutkadır ki, Günəş mənim üzərimdə doğub-batır, aman vermədən yaxıb-yandırır: iylənməyə, çürüməyə başlamışam. Meyitim tapılanacan, ya da dəyişdirilənəcən eləcə sümüklərim qalacaq. Başımın üstündə topa-topa milçək uçuşur, bir xeylisi də sifətimdə gəzişir. Qurdlar isə dinməzcə öz işindədir, hərəsi bir tərəfdən səbrlə didib yeyir məni. Hərdən elə bilirəm ki, qurdlar təkcə ətimi yemirlər. Onların bu səliqəsi, hövsələsi zamanın sonsuzluğuna, bədənimin nəhəngliyinə işarədir, üstümə hər tərəfdən daraşmaqları da nəsə qeyri-adi bir axtarışdan xəbər verir. Onlar mənim ruhumu axtarırlar, onu da əmib-sümürmək istəyirlər! “Hardasa buralardadır o: seliyin-şirənin içində, damarların əyri-üyrü, qaranlıq keçidlərində, bədənin dik yerlərində, çala-çökəyindədir... Əlimizdən qaça bilməz!” Elə hey arayıb-axtarırlar: ürəyin mədəciklərində, iri, bərk xayaların qırışmış kisəsində, saçların qarğa tükünə çalan cod qıvrımlarında...

Axı insanın ən dadlı yeri onun ruhudur!

Səhərisi atışma başlandı. Yer xam dayça beli kimi titrəyirdi. Gürcülər təpənin üstünü kəsib, fürsət ikən bizi bu girdabda gömmək istəyirdilər. Vertolyotlar da peyda oldu. Gümüşü “halqa”lar başımızın üstündə səmanı yarıb-keçir, dalbadal raketlər yağdırırdı. Biz yerə sərələnmiş, ümidsiz halda quruyub qalmışdıq, pulemyot güllələrinin öz qurğuşun ağırlığıyla haçan kürəyimizə çırpılacağını, öldürücü deşiklər açacağını gözləyirdik.

Sonra təpəyə tanklar dırmanmağa başladı. Bununla da döyüş lap qızışdı - sevən bir qızın od tutub yanan bədəni kimi. Mən nəhəng, qaynar dalğanın qoynunda bihuş olmağın nəşəsini yaşadım. Ancaq çox çəkmədi bu: başıma zərblə nəsə çırpıldı, öldüm.

Ölümlə təzə-təzə rastlaşdığım vaxtlar məni ən çox təəccübləndirən ölənlərin ona fas-farağat tabe olmaları idi. Sakitcə, fağır-fağır uzanıb “o tərəf”i fikirləşirdilər! Halbuki, adama elə gəlirdi, yüngülvari hərdəm eləsələr, onları bürüməkdə olan buzu sındıra, ətrafdakılarda həm sevinc, həm də dəhşət oyadıb, ayağa qalxa bilərlər! Ölənlərin laqeydliyi, ərincəkliyi anlaşılmaz görünürdü mənə. Onda ölümün gücünə bələd deyildim, adamı necə bir məngənəyə saldığını bilmirdim. Bu an mənə bütün dünyanın, lap bütün kainatın gücünü toplayıb versələr, yenə bircə barmağımı da tərpətməyə yetməzdi. İçimdə hərəkətli hər nə vardısa, hamısı xırp dayanmışdı, özü də, yəqin ki, həmişəlik; daha məni heç nə hərəkətə gətirə bilməzdi.

Hər yeri toz-tüstü bürümüş, cingilti-gurultu götürmüşdü: boğuq-boğuq uğuldayan tanklar təpəyə dırmanmaqdaydı. Bir balaca əyilsəydim, güllə boşa çıxıb pərt olar, mən isə sağ qalardım...

Gözlərin, qulaqların, əllərin, ayaqların – bax bunlarsan sən, hə, bir də bu sadə təsərrüfatı öz adətincə idarə edən beynin var. Səni kövrəldən, zəif salan ruhun isə lazımsızdır, qoy rədd olsun. İçində canlı nəsə varsa, darıxıb ötəri qımıldandısa, deməli, axırın çatıb, meyitsən artıq. Bir qırıq metal sənə doğru şığıyır, amma sən özün də metalsan, ancaq onun qədər sərt, amansız deyilsən. Qatar-qatar uçuşan güllələrin qarşısına yenilməz bir istəklə çırpınan zərif bədənimiz çıxır və... hansısa labüd səhvin ağrı-acısı bizi həyata qaytarır – ruhumuzu oyadır: köhnə, kökü dərinə işləmiş ölüm qorxusu təzədən dolur didilib-dağılmış bədənimizə.

Buna qədər isə adicə ümid etmək haqqımız da olmur; ümid əsgər üçün çəkilməz yükdür, mən elə ilk günlərdən onu üstümdən atdım, Nuh əyyamından qalmış, ölü duyğu təki geriyə - keçmişə yolladım.

Bircə kimsə məni basdırsaydı... Dərin qazmağa ehtiyac yoxdur, onsuz da torpaq daş kimidir; eləcə istehkamçı beliylə yeri bir az eşən olsa, qəbir hazırdır. Təki bədənim örtülsün: meyitin göylərin altında beləcə açıqda qalması yaxşı deyil, ölümün bu cür çılpaq şəkli mənzərəni korlayır.

Özümə qalsa, bədənimin torpağın dərin, qatı sərinliyinə gömülməsini istərdim. Çayın üstündəki təpə bizim nəslin qəbiristanıdır; həyatla haqq-hesabı çürütmüş əcdadlarım vəfalı qohumlar, etibarlı qonşular kimi üst-üstə yığılıb, bu təpəni əmələ gətiriblər; orda torpağı yarıb, yerin dibinə qapı açıblar...

Əzizlərinin sümükləriylə yan-yana uzanmaq, yavaş-yavaş çürüyüb torpağa qarışmaq – bundan artıq nə istəyirsən! Ancaq indi mən o doğma təpədən çox uzaqlardayam, Günəş də çox amansızdır! Torpaq bir yığın ağ sümüyü laqeydliklə qoynuna alacaq; çürüyən bədənimin munis xatirələrindən uzaq düşmüş sümüklərim yad yerdə yalqızlığa gömüləcək.

Hər şey aydın idi əslində, heç o yan-bu yan yeri qalmamışdı; di gəl yenə də müharibənin hər keçən günü içimə qatı zülmət çökür, sonsuz bir gecə axıb calanırdı. Ancaq mən işığın nə olduğunu bilirdim: müharibənin bitməsiydi, sülh idi işıq. Ona qovuşmağa can atırdım mən, yarıyolda qalmaq istəmirdim. Bu zülmətdəki itkin ruhuma gəlincə, onun buradan öz bütövlüyü, zərifliyi ilə sıçrayıb çıxacağına inanırdım. Bircə bu ətdən və sümükdən ibarət bədənimi salamat apara bilsəydim, ruhum da onunla birgə mənzilə yetərdi...

Kaş ki, hələ ölüm özünü yetirməmiş, ağrıdan keçinəydim. Onda ölüm yaşamadığım illərin, çəkmədiyim iztirabların hesabına qat-qat qalınlaşmış, möhkəm bağlanmış qapıların ardında qalar, yerində sayardı...

Payıza az qalıb...