"Qanun" nəşriyyatından iki yeni kitab

-

"Qanun" nəşriyyatı oxuculara iki yeni kitab təqdim edib.

Bunlardan biri mərhum yazıçı Eyvaz Əlləzoğlunun hekayələri, digəri isə məşhur detektiv yazarı Aqata Kristinin “Qara qəhvə” əsəridir.

Eyvaz Əlləzoğlunun bu kitabına 80-ci illərdə qələmə aldığı hekayələr toplanıb.

Hekayələrdə tənhalıqla, həyatın qanunu ilə barışa bilməyən personajların iç dünyası təsvir edilib. Cəmiyyətdəki boşluqda çapalayan, çıxış nöqtəsi tapmayıb həyatla barışan, aciz, zəif və talelərinə boyun əymiş insanın mənən özünü tapması, bu yolda çətinliklərə qatlaşması, ətrafını anlamaq cəhdi, günah hissini qavraması və bütün bunlara rəğmən yenə yaşamaq uğrunda mübarizə aparması kimi mühüm məsələlərin əks olunduğu hekayələr çağdaş dövrün reallığı ilə də səsləşir.

“Qara qəhvə”də Aqata Kristi artıq təqaüdə çıxmış detektiv Erkül Puaronun iti zəkasının açdığı cinayət işindən bəhs edir. Əsərdə görkəmli fizikin zəhərlənərək öldürülməsindən danışılır. Onun qətlində şübhəli şəxslər çoxdur – oğlundan gəlininədək. Ancaq Erkül Puaro tələsik nəticələr çıxarmır və cinayətin üstünü isti izlərlə aça bilir. Bu zaman o, bir sıra maraqlı fəndlərə əl atır.

Əsəri ruscadan Ramil Rahiboğlu çevirib.