ABŞ: Xədicə İsmayılova qarşı hücumlara son qoyulmalıdır

Xədicə İsmayılova

-

ABŞ-ın Azərbaycandakı səfirliyi AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı son hücumlar barədə bəyanat yayıb. Bəyanatda deyilir:

«Əvvəl qeyd etdiyimiz kimi Amerika Birləşmiş Ştatları Azərbaycanda ifadə azadlığını dəstəkləyir. Lakin ABŞ-da və digər yerlərdə də olduğu kimi, bu azadlıq iyrənc şəxsi hücumların ictimailəşdirilməsi üçün istifadə olunmamalıdır. Jurnalist Xədicə İsmayılovaya qarşı istiqamətləndirilmiş davamlı təhqiredici təqib bizi çox təlaşlandırır. Bu cür davranışlar dəhşət doğurur və dayandırılmalıdır.

Biz davamlı şəkildə təkid edirik ki, bu halın qanuni istintaqı Azərbaycan qanunvericiliyinə və beynəlxalq öhdəliklərə müvafiq şəkildə tamamlansın. Bunu etməklə Azərbaycan göstərəcək ki, ələlxüsus bu seçki ilində, qanunun aliliyini dəstəkləyərək və etik və möhkəm media mühitini təbliğ edərək, müxbirlərin haqq və təhlükəsizliyinin qeydinə qalır».

2012-ci ilin martında Xədicə İsmayılova şantaj məktubu alıb və bundan sonra onun özəl həyatı haqqında video yayılıb. Jurnalist bunu ölkə prezidentinin ailə üzvlərinin biznes layihələrini üzə çıxaran araşdırmaları ilə əlaqələndirir. Bu yaxınlarda hakimiyyət mediası İsmayılovaya qarşı kampaniyanı daha da gücləndirib. AzadlıqRadiosunun rəhbərliyi hakimiyyətə çağırış edərək, jurnalistə təhdid kampaniyasına son qoymağa çağırıb.