Avropa komissarı: «Əvvəlkilərdən daha yaxşı seçki gözləyirik».

Štefan Füle

-
«Biz Azərbaycanda azad və ədalətli seçkilər gözləyirik. Biz əvvəlkilərdən daha yaxşı seçki gözləyirik».

Bunu AzadlıqRadiosuna müsahibəsində Avropa Birliyinin Genişlənmə məsələləri üzrə komissarı Štefan Füle deyib.

Onun fikrincə, bu gözlənti reallıqla tam da uzlaşmır:

«Siyasi şərait açılmaqdansa, daha da daralır. Seçkilərdən əvvəl başqa səslər eşitmək istəyirsən. Gözləyirsən ki, onlara öz dəlillərini ortaya qoymalarına imkan yaradılsın. Prezidentliyə namizədlərdən birinin hələ də həbsdə olması bu narahatlıqları yüngülləşdirməyə kömək etmir».

AB rəsmisi deyir ki, Birliyin Azərbaycanla münasibətləri təkcə neftlə məhdudlaşmır:

«Sizi əmin edirəm ki, bizim Azərbaycanla dialoqumuz daha mürəkkəbdir, yalnız neft, neft, neft deyil. Daha strateji tərəfdaşlıq üçün irəliləmək istəyiriksə, bu, yalnız müəyyən sahələrdə deyil, insan haqları və demokratiya daxil olmaqla bütün sahələri əhatə etməlidir».

Štefan Füle Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən də danışıb. Deyib ki, Birlik münaqişənin həlli üçün indi nə mümkündürsə, onu edir:

«Son iki-üç ildə biz etimadın qurulması üçün çoxlu səylər etmişik. Biz münaqişənin həllinə hazırlaşırıq, bunun baş verəcəyinə ümid edirik. Daha çoxunu etmək üçün şərait yaransa, bundan ən birinci bizlər faydalanaraq həllinə nail olacağıq. Çünki münaqişə dondurulmuş və həll edilməmiş qalırsa, qonşuluqda sabitlikdən danışmaq çətindir».

AB rəsmisi eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin də tezliklə düzələcəyinə əmin deyil:

«Biz Assosiasiya Sazişindən istifadə edərək Türkiyə ilə Ermənistan arasında barışıq üçün qapıları açmağın yollarını müzakirə etmişik. Amma indi bunun yarayıb yaramayacağını yəqin ki, heç vaxt görməyəcəyik».