Prezidentliyə namizədin plakatı zədələnsə... [Video]

Telman Məmmədov

-
Seçki günü yaxınlaşdıqca, məntəqələrin işi çoxalır. Bunu məntəqə sədrləri deyir. Sentyabrın 18-də baş çəkdiyimiz 17 saylı Yasamal 3-cü seçki dairəsinin 15 və 16 saylı məntəqələrində sakitlik idi. Ancaq məntəqə əməkdaşları işlərin çoxluğundan danışırlar.

15 saylı məntəqə üzvü Telman Məmmədovun dediyinə görə, indi əsas işləri seçici siyahılarını dəqiqləşdirməkdir:

«Təqvim planına uyğun olaraq əsas işimiz seçici siyahılarının dəqiqləşdirilməsidir. Qeydiyyata düşənlər, çıxanlar, vəfat edənlər olur. 12 nəfər xəstə var, onlar seçki məntəqəsinə gəlmək iqtidarında deyillər. Belə vəziyyətdə seçki günü onlar üçün daşınan qutu aparılacaq».

16 saylı məntəqənin sədri Mənsurə Qurbanova vaxtaşırı seçicilərlə görüşdüklərini bildirir:

«Ona görə ki, 18 yaşını tamamlayan, əsgərlikdən gələn olur, kimlərsə qeydiyyata düşür, kimlərsə qeydiyyatdan çıxır, vəfat etmişlər olur. Bu üzdən tez-tez seçicilərlə görüşür, siyahını dəqiqləşdiririk. Sonra əməkdaşlara protokolu öyrədirəm. Müəyyən dəyişikliklər var, onları oxuyuruq».

Məntəqə sədri deyir ki, dünən seçicilərdən bir nəfər onlara müraciət edib adının seçici siyahısında olub-olmamasını yoxlayıb. Onun dediyinə görə, belə problem bir günə həll olunur.

NAMİZƏDİN ZƏDƏLƏNMİŞ PLAKATINI KİM BƏRPA EDİR?

Seçki məntəqələrinin qarşısındakı lövhələrə artıq bəzi namizədlərin plakatları, şüarları vurulub. Bəzən bu şəkillər zədələnir, cırılır və ya qəsdən rənglənir. 15-17 saylı məntəqələrin qarşısındakı lövhədə İlham Əliyevin şəklinə bənövşəyi rəng çəkilmişdi.

Məntəqə əməkdaşlarından biri şəkli təmizləyir.

Bu haqda məntəqəyə məlumat verilən kimi, məntəqə əməkdaşlarından biri şəkli təmizlədi.

Məntəqə sədri Mənsurə Qurbanova deyir ki, bu iş təhkimçilərin və MİS müdirlərinin işidir. Bəs niyə bu işi məntəqə əməkdaşı görür? Mənsurə Qurbanova həmin sualı belə cavablayır:

«Bir vətəndaş kimi, şəxsən öz adımdan deyirəm, prezidentimizi çox sevirəm. Amma vəzifə borcumuza görə, məntəqə əməkdaşı bu işi görə bilməz. Onu da MİS müdiri deyib, qadın da edib».

CƏMİL HƏSƏNLİ: GECİKMƏMİZ ONUNLA BAĞLIDIR Kİ...

Namizədlərdən, hələ ki, İlham Əliyevin, Fərəcə Quliyevin və İqbal Ağazadənin plakatları gözə dəyir. Milli Şuranın namizədi Cəmil Həsənli öz plakatının indiyədək lövhəyə vurulmamasının səbəbini belə açıqlayır:

Cəmil Həsənli


«Gecikmə, ümumiyyətlə, prosesə gecikməmizlə bağlıdır. Bilirsiniz ki, biz hamıdan sonra namizədlər cərgəsinə qoşulmuşuq. Ancaq bu gün – günortadan sonra plakatlar olacaq və yapışdırılacaq. Seçki şüarımız «Bəsdir!»dir – korrupsiya bəsdir, ədalətsizlik bəsdir, haqsızlıq bəsdir, torpaq itkisi bəsdir, insan hüquqlarının pozulması bəsdir, siyasi məhbus bəsdir. Bütün bu bəsdirlərin fonunda doğrunu seç – oğruların idarə etdiyi bəsdir. Bizim əsas şüarımız bundan ibarətdir».

PREZİDENTLİYƏ MƏHBUS İDDİALIYA TOPLANAN İMZALAR YENİDƏN YOXLANACAQ

İlqar Məmmədova yığılan imzalar yenidən yoxlanacaq. Bu qərar sentyabrın 18-də keçirilən məhkəmə bu qərara gəlib.

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində «ReAL» Hərəkatının liderlərindən İlqar Məmmədovun şikayətinə baxılıb. O, namizədliyini qeydə almadığı üçün Mərkəzi Seçki Komissiyasını məhkəməyə vermişdi.

Hakim Elmira Nağıyeva ekspertiza rəyinin təyin edilməsi haqda qərar çıxarıb.
Bu haqda İlqar Məmmədovun vəkili Xalid Bağırov məlumat verir:

İlqar Məmmədov


«Məhkəmə hesab elədi ki, iş üzrə xətşünaslıq ekspertizası təyin edilməlidir. MSK-nın işçi qrupunun İlqar Məmmədovun imzaları haqqında verdiyi rəy yenidən yoxlanılmalıdır».

Vəkilin fikrincə, MSK sənədləri düzgün yoxlamayıb, məhkəməyə təqdim olunan sənədlər ehtimallar əsasında hazırlanıb.

Məhkəmədə İlqar Məmmədov ekspertiza rəyinin uzanacağı halda tərəfdarlarını Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verməyə çağırıb.

«ReAL» namizədinin məhkəmə iddiasına səbəb Mərkəzi Seçki Komissiyasının namizədliyini qeydə almamasıdır. MSK bildirib ki, onun namizədliyi üçün yetərincə imza toplanmayıb.

İlqar Məmmədov bu ilin fevralında həbs olunub. O, İsmayıllı hadisələrinin təşkilatçılığında ittiham edilir. İndi o, Bakı İstintaq Təcridxanasında saxlanır.

PREZİDENT SEÇKİSİNƏ MƏHBUSLAR DA QATILACAQ

Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqovun dediyinə görə, məhbuslar üçün məntəqələr seçkiyə 5 gün qalmış yaradılacaq. O bildirib ki, seçki hüququ olan məhkumların dəqiq sayı seçkidən bir-iki gün qabaq müəyyənləşəcək.