MSK Cəmil Həsənli ilə Hafiz Hacıyevə xəbərdarlıq etdi

Cəmil Həsənli və Hafiz Hacıyev

-
Sentyabrın 21-də Mərkəzi Seçki Komissiyası (MSK) İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovla Milli Şuranın namizədi Cəmil Həsənlinin müraciətlərinə baxıb.

Əli Əhmədov müraciətində sentyabrın 19-da İctimai Televiziyada keçirilən debatda Cəmil Həsənlinin prezident İlham Əliyevi, onun ailəsinin şərəf və ləyaqətini təhqir etdiyini bildirib.

Cəmil Həsənli də müraciətində eyni debatda prezidentliyə namizəd Hafiz Hacıyevin onu və ailəsini təhqir etdiyini, ona plastik su qabı atdığını, ayrılmış 1.5 dəqiqə vaxtını aldığını bildirib. O, müraciətində eyni zamanda Əli Əhmədovun da onu təhqir etdiyini yazıb.

MSK, həmçinin, İctimai Televiziyanın Cəmil Həsənli ilə bağlı şikayətinə də baxıb. Şikayət məktubunda Cəmil Həsənlinin efir qaydalarını pozduğu, əlavə 6 dəqiqə 12 saniyə efir vaxtından istifadə etməklə televiziyaya maddi ziyan vurduğu bildirilib.

MSK sonda Cəmil Həsənliyə ciddi, Hafiz Hacıyevə isə adi qaydada xəbərdarlıq edib.

MSK prezidentliyə namizədləri etik davranış qaydalarına əməl etməyə çağırıb. Namizədlərə Seçki Məcəlləsinin 88.1 və 88.2 maddələrinə xüsusilə əməl edilməsinin vacibliyi xatırladılıb.