Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

Prezidentliyə namizədlərin debatında qalmaqal [Video]


Debat
Debat
-
Debatın əvvəlində Cəmil Həsənlinin ailəsi haqda fikirlər səsləndirən Hafiz Hacıyev sonra Milli Şuranın namizədi çıxış edərkən onun səsini təhqirlərlə kəsməyə çalışıb. Sonra isə üstünə su şüşəsi atıb. Bundan sonra Hafiz Hacıyev studiyadan çıxarılıb.

Studiyadan çıxarılarkən Hafiz Hacıyev müxalifət liderlərini küçə söyüşləri ilə təhqir edib.

Cəmil Həsənli Hafiz Hacıyevin təhqirləri ilə pozulan ödənişsiz efir vaxtının bərpasını tələb etsə də, aparıcı onun tələbinə məhəl qoymayıb və Cəmil Həsənli studiyanı tərk edib. [Yazının davamı videodan sonra]



Sentyabrın 19-da İctimai Televiziyada keçirilən dəyirmi masada prezidentliyə namizədlər - Hafiz Hacıyev, Cəmil Həsənli və Əli Əhmədov arasında mübahisə düşüb. Hafiz Hacıyev Cəmil Həsənliyə su şüşəsi atıb.

ƏLİ ƏHMƏDOV: «CƏMİL HƏSƏNLİNİN CAVABI MƏNİ QANE ETMİR»

İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov seçicilərə xitabən deyib ki, «yəqin, Cəmil Həsənlinin şübhəli şəkildə vaxtından xeyli əvvəl pensiyaya çıxması ilə əlaqədar ötən televiziya debatında qaldırdığımız suala cavabı gözləməkdəsiniz».

Cəmil Həsənli Əli Əhmədovun sualına cavab olaraq deyib ki, «mən Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin haqqımda olan tibbi rəyi qoyuram bura. İstəsəniz, gəlib tanış ola bilərsiniz».

Əli Əhmədov isə deyib ki, Cəmil Həsənlinin cavabı onu qane etmir.

24 SAAT DƏRS – 168 MANAT

Ümid Partiyasının sədri İqbal Ağazadə çıxışında təhsildən danışıb. Deyib ki, məktəblər tikilir, kompüterləşdirilir. Ancaq ildən-ilə təhsilin səviyyəsi geri gedir. Keçid balları hər il aşağı salınır. Təhsil sistemində çalışanların əmək haqları olduqca aşağıdır. 24 saat dərs deyən müəllimin maaşı cəmi 168 manatdır.

Ədalət Partiyasının nümayəndəsi İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimov deyib ki, populist vədlərlə seçiciləri ələ almaq mümkün deyil.

«Ədalət Partiyası problemlərdən çıxış yolunu göstərmək niyyətindədir».

«MƏNİM VAXTIMDA HAMINIZ DAMDA OTURACAQSINIZ»

Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev seçicilərə Qarabağ problemini 6 aya həll edəcəyini vəd edib.

Sonra Milli Şuranın namizədi Cəmil Həsənliyə deyib ki, məni təhqir etmisiniz:

«Niyə camaatı üstümə göndərirsiniz? Yığışdırın özünüzü. Sizi məhv edərəm. Mən fikirləşirdim sizə hörmət eləyəm. Ancaq belə getsə, mənim vaxtımda hamınız damda oturacaqsınız».

KADR BANKI, SOSİAL DÖVLƏT, İCBARİ SIĞORTA, KOSMODROM...

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev deyib ki, hökumətin yürütdüyü yalnış siyasət nəticəsində Azərbaycan ziyalıları ölkəni tərk etmək məcburiyyətində qalıb. Onun fikrincə, kadr bankı yaradılmalıdır. Burda ən yaxşı mütəxəssislər cəmləşməlidir.

ADP sədri Sərdar Məmmədov (Cəlaloğlu) deyib ki, Azərbaycanda sosial dövlət yoxdur. O, prezident seçilərsə, sosial dövlət yaradacağını vəd edib.

Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə də deyib ki, «sosial dövlət olmasa, bu dövlət xaraba qalar».

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev isə seçicilərə icbari sığorta vəd edib.

Zahid Oruc Xəzər üzərində kosmodrom sistemi yaradılacağından, dəniz limanlarının sayının artırılacağından danışıb.

ƏLİ ƏHMƏDOV CƏMİL HƏSƏNLİ BİR-BİRİNİ İTTİHAM EDİB

Cəmil Həsənli hakim partiyanı korrupsiyalaşmaqda ittiham edib. Deyib ki, «20 ildən artıqdır ki, Yeni Azərbaycan Partiyası ölkədə kriminal hakimiyyət, korrupsiya bataqlığı yaradıb».

O, İlham Əliyevin 3-cü dəfə prezidentliyə qatılmasının anti-konstitusion olduğunu deyib. O, prezidentin gəlirləri haqqında deklarasiya verməli olduğunu xatırladıb:

- Məndən başqa həyat yoldaşlarının gəlirləri barədə heç kəs deklarasiya verməyib. Həmin deklarasiya ilk növbədə İlham Əliyevə aiddir. Çünki qanunda göstərilir ki, nikah müddətində ər-arvadın birgə qazandığı vəsaitlər onların birgə mülkiyyətidir. Bu olsa, biz görərik ki, Dubaydan Vircin adalarına qədər, Malayziyadan Qətərə qədər olan, bütün dünyanı bürümüş Əliyev ailəsinin şirkətləri barədə hansı sənədlər ortaya çıxar.

Əli Əhmədov:

- Korrupsiya və talançılığa görə ar olmalı, utanmalı bir insan varsa, o da yəqin ki, elə Cəmil Həsənli olmalıdır. Satmaq, dağıtmaq nə mümkün idisə, etdiniz. Ölkəni viranə qoyandan sonra qaçdınız.

YENƏ HAFİZ HACIYEV: «SİZİ AZƏRBAYCANDAN SÜRGÜN ELƏYƏCƏYƏM»

Hafiz Hacıyev:

- Həsənov Cəmil bizə dərs öyrədir. Sizdən prezident olar? Mənəm prezident. Azərbaycanın budəfəki prezidenti mən olacağam. Sizə qan udduracağam, sizi Azərbaycandan sürgün eləyəcəyəm, görərsiz.

Cəmil Həsənli:

- Əli Əhmədovun qaldırdığı o 2 minin sənədini gətirdim. Soruşmaq istəyirəm, Əli Əhmədov İlham Əliyevin bu ölkədən çıxardığı 48 milyardın sənədini gətirib? 75 milyon Dubay mülklərinin kağızını gətirib? Nyu-York Məhkəməsinin təsdiq elədiyi, şəxsən İlham Əliyevin aldığı rüşvətin kağızını gətirib? Dünyanın müxtəlif ölkələrində Əliyev ailəsinin bu ölkədən oğurlayıb çıxartdığı mülklərin, maliyyə vəsaitlərinin kağızını gətirib? Gətirməyibsə, mən onların hamısını gətirmişəm. Bank hesabları ilə birlikdə gətirmişəm.

Bundan sonra Hafiz Hacıyev Cəmil Həsənlinin sözünü kəsib. Aralarında mübahisə qızışıb.

CƏMİL HƏSƏNLİ: İLHAM ƏLİYEV XİRTDƏYİNƏ QƏDƏR KORRUPSİYANIN İÇİNDƏDİR

Cəmil Həsənli:

- İlham Əliyev Hafiz Hacıyev düşüncəsində, əxlaqında və mənəviyyatında olan adamdır ki, bunu bura göndərməklə...

Hafiz Hacıyev Cəmil Həsənlinin qızının ingilislə ailə qurmasından danışanda, Cəmil Həsənli deyib ki, «Mənim qızımın günahı bir ingilisə ərə gedib bir xristianı müsəlman etməkdir. İlham Əliyevin qızları kimi bu ölkədən oğurluq etməyib».

Bundan sonra mübahisə daha da qızışıb.

Cəmil Həsənli:

- Yeni Azərbaycan Partiyası topuğuna qədər, İlham Əliyev hökuməti dizinə qədər, şəxsən İlham Əliyev xirtdəyinə qədər korrupsiyanın içindədir. Bundan utanın!.

Əli Əhmədov:

- Cəmil, sənin ləyaqətin ona çatır ki, bu dövlətin başçısı haqqında belə danışırsan.

Cəmil Həsənli deyib ki, Hafiz Hacıyev ona mane olduğu üçün vaxtı bərpa olunmalıdır. Hafiz Hacıyev su qabını Cəmil Həsənlinin üstünə atıb. Onu zaldan çıxardıblar. Sonra Cəmil Həsənli də zaldan çıxarılıb.

Əli Əhmədov:

- Burdakı səhnəni gördünüz. Özünü aparmağı bacarmayan, ləyaqətini qoruya bilməyən, başqasına böhtan atmaqla ad qazanmağa, şöhrət qazanmağa çalışan bir insanın prezidentliyə namizəd qəbul olunmasını mən təəssüf hissi ilə qeyd eləmək istəyirəm.
XS
SM
MD
LG