NİDA-çı gənc: «Elə bildim öldürməyə aparırlar»

arxiv foto

-
“Axtarışı hardan başlamaq prinsipal məsələ deyil” – MTN əməkdaşı Kamal Rəsulzadə NİDA-çıların məhkəməsində şahid ifadəsi verərkən belə deyib.

Məhkəmənin yanvarın 16-da gerçəkləşən növbəti iclasında bir gün öncə dindirilməsi yarımçıq qalan Kamal Rəsulzadənin ifadəsiylə proses davam etdirilib. Prosesdə Səbael Məhkəməsinin ötən il fevralın 14-də Bəxtiyar Quliyevin evində axtarışla bağlı qərarı və axtarış protokolu diqqətə yetirilib.

Bu zaman məlum olub ki, məhkəmə Sabunçu Rayonu Əhməd Cavad küçəsindəki ünvana baxış keçirilməsi qərarını versə də, bu iş qərarda olmayan ünvanda - Sabunçu rayonu S. Hüseynov küçəsində gerçəkləşdirilib.

Elan olunan protokolda deyilir ki, baxış zamanı Bəxtiyar Quliyevin geyim dolabından bir bükülüdə və iki kibrit qutusunda qurudulmuş ot tapılıb. Daha sonra həyətdə də axtarış aparılıb. Bu zaman maye ilə dolu ağzı lehimlənmiş 19 butulka tapılıb və möhürlənərək götürülüb. Bundan əlavə CD disklər və İPoD da götürülüb. Axtarış zamanı videoçəkiliş aparılıb.

Protokol açıqlanandan sonra şahid vəkillərin suallarını cavablandırıb. Bu zaman məhkəmə zalındakılar və təqsirləndirilən şəxslər şahiddən yüksək səslə danışmasını tələb ediblər. Məhkəməyə sədrlik edən hakim bu tələbə “şahid məhkəməyə danışır, sizə yox” deyə etirazını bildirib.

Bu etiraza barmaqlıqlar arasından Bəxtiyar Quliyev reaksiya verib:

“Şahid mənim üzümə durur, mənə danışsın”.

“EVDƏKİLƏRİN BAŞINI İÇƏRİDƏ QATMAQ LAZIM İDİ”

Daha sonra vəkil Elton Quliyev şahidə sual verib.

Elton Quliyev (E.Q): Niyə axtarışı qərarda göstərilən ünvanda deyil, başqa ünvanda etmisiniz?

Kamal Rəsulzadə (K. R): Qərarda qeydiyyat ünvanı göstərilmişdi. Ancaq onun faktik yaşadığı ünvan başqa idi. Biz əraziyə gedəndə bunu müəyyənləşdirdik və yaşadığı ünvana getdik.

E.Q: Niyə axtarışa həyətdən yox, evdən başladınız? Axı evə girmək üçün həyətə girmək lazım idi əvvəlcə...

K.R: Hardan başlanılması prinsipial məsələ deyil. Bir qayda olaraq evdən başladıq. Baxışa həyətdən başlamaq məcburiyyəti yoxdur.

Bu zaman gənc NİDA-çı Üzeyir Məmmədli dəmir barmaqlıqlar arxasından son cavaba müdaxilə edir: "Çünki evdəkilərin başını içəridə qatmaq lazım idi...".

Vəkil Elton Quliyev şahidə yenə suallarını yönəldir.

E.Q: Məhkəmə baxış keçirmə qərarı verib. Bilirsiniz baxış nə deməkdir ?

Hakim bu suala etirazını bildirir: "Bura imtahan zalı deyil ki, şahidin hüquqi biliklərini yoxlayasınız. İzah verməyin. Məhkəməyə davam edək...".

Vəkil Elton Quliyev qaldığı yerdən sualına davam edir:

" Baxış keçirmək o deməkdir ki, baxarkən görünən şeylərə baxmalısınız. Ancaq siz axtarış etmisiniz. Geyim dolabını açmısınız, sonra geyimlərin arasını axtarıb, bir bağlama tapıb onu da açmısınız...".

Şahid Kamal Rəsulzadə bu fikirlərə etiraz edib:
"Baxaq, şübhəli bir şey görək və elə oradaca qoyub gedək? Həyətdəki butulkalardan da spesifik qoxu gəlirdi. Bilmədik içində nə maye var. Onu da möhürləyib götürdük".

"Bəlkə bu dəlləkdir"

Beləcə, müdafiəçi ilə şahidin dialoqu davam edir:

E.Q: Tərtib etdiyiniz protokolda videoçəkənin adı, vəzifəsi, kimliyi barədə niyə heç nə qeyd edilməyib? Bəlkə bu dəlləkdir və ya ailə ilə əvvəlcədən düşmənçiliyi var?

K.R : O şəxsin əməliyyata heç bir dəxli yoxdur. Biz gətirmişdik ki, çəkiliş aparsın.

E.Q: Siz həyətdən tapıldığını dediyiniz butulkaları neçə qablaşdırdınız? Onlar açıq formada aparılıb?

K.R: Biz butulkaları quruluşuna görə qablaşdırdıq. Ağzını "skotç"la bağladıq və möhürlədik. Açıq formada apardıq.

Elton Quliyev hakimə ekspertiza ilə bağlı iradını bildirir:

"O butulkalar açıq formada aparılıb. İçərisindəki mayenin nə olması məlum deyildi. O butulkalardakı bəlkə də kompotdur? Butulkalar açıq formada ekspertizaya çatana qədər kimlərin əlindən keçib gedib, – bu, hələ məlum deyil. Və bununla belə ekspertiza ona partlayıcı adını verib. Bu butulkaların hansı əllərdən keçib getməsi sualına kim cavab verəcək?"

"SUALLARINIZ QƏRİBƏDİR"

Hakim bu fikirə etirazını bildirir və məhkəmənin hər şeyi dəqiqləşdirəcəyini deyir.

"Şahidin hüquqi savadını yoxlayırsınız?"

Məhkəmə digər vəkillərin sualları ilə davam edir. Tərtib edilən protokolla bağlı suallara hakim yenidən etirazını bildirir:

"Suallarınız qəribədir. Sual vermək xətrinə sual verirsiniz. Şahidin hüquqi savadını yoxlayırsınız?".

Vəkillər bu dəfə sualı Bəxtityar Quliyevə ünvanlayaraq, ondan evlərinə baxış zamanı harada olmasını soruşurlar. Bəxtiyar Quliyev mərkəzə gəlmək üçün evdən çıxdığını deyir:

"Koroğlu metrosunda idim. Birdən qolumdan iki nəfər tutdu, biri də "bərk tutun qaçmasın" deyə qışqırdı. Məni tulladılar maşına. Əvvəlcə qorxdum, elə bildim ki, facebookda admini olduğum məlum səhifəyə görə məni öldürməyə aparırlar. Sonra getdiyimiz yolun öz evimizə apardığını gördüm... Sakitləşdim bir az".

Şahid ifadəsi verən MTN əməkdaşı Kamal Rəsulzadə ilə bağlı əsas yaddaqalan məqam ona ünvanlanan bir çox sualı "dəqiq yadımda deyil, xatırlamıram" kimi qeyri-müəyyən sözlərlə cavablaması olur.

Məhkəmə yanvarın 23-nədək təxirə salınıb.

NİDA üzvləri mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları kütləvi iğtişaşlar təşkiletmə və ya belə iğtişaşlarda iştiraketmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı narkotik vasitələri qanunsuz əldəetmə, saxlama ittihamı da irəli sürülüb.

Tutulandan sonra NİDA-ya üzv olan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra isə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkiletməyə və ya belə iğtişaşlarda iştiraketməyə cəhd ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir və həbslərini siyasi sifariş sayırlar.

****
Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çıların işi üzrə proses davam edib.

Bir gün əvvəl yarımçıq qalan şahid ifadələri dinlənilib. Sonra hərəkat üzvü Bəxtiyar Quliyevin evində aparılan axtarışla bağlı Səbail məhkəməsinin qərarı və axtarış protokol elan olunub.

Bu zaman qərarda axtarış edilməli ünvanla axtarışın aparıldığı ünvan arasında uyğunsuzluğun olduğu üzə çıxıb. Bu, vəkillərin etirazına səbəb olub.

Şahid Kamal Rəsulzadə bunu, Bəxtiyar Quliyevin faktiki yaşadığı ünvanla əlaqələndirib.

Vəkillərin digər suallarına şahid “dəqiq yadımda deyi”, “bilmirəm” kimi qeyri-müəyyən cavablar verib.

Növbəti proses yanvarın 23-ə təyin edilib.

Az sonra məhkəmə prosesi ilə bağlı daha ətraflı mətni oxuya biləcəksiz.