"Türklər baxandan sonra soruşdular ki, budurmu sizin ən yaxşı filminiz?.."

Mətləb Muxtarov

-

AYO-çular lap elə AYB-çilər kiçik bir kütlənin içində məşhurdular. Onlarda eqo hissi yüksəkdir.

Mən görsəm ki, qazancımla yaşaya bilmirəm, gedib satıcı da olaram, sürücü də işləyərəm, yazıb-yaratmaq arzumu yerinə yetirərəm.

Türkiyədə bir yazıçı ayda üç dəfə də köşə yazısı yazaraq dolana bilir, Azərbaycanda isə bu yoxdur.



Türkiyədə çalışan azərbaycanlı yazar Mətləb Muxtarovla söhbət


- Mətləb, bildiyim qədərilə, indi Türkiyədə yaşayırsan, bir qədər “Oxu zalı”nın izləyicilərinə özün haqqında danışardın.

- Mən Sumqayıtda doğulub böyümüşəm, Azərbaycan İncəsənət Universitetinin Kinoşünaslıq fakültəsini bitirmişəm. Bundan sonra Azərbaycanda iş tapmaqda çətinlik çəkdiyim üçün Türkiyəyə gəldim, iki ilə yaxındır ki, Türkiyədə yaşayıram və kino sahəsində işləyirəm. Burda gah operator, gah da operator köməkçisi kimi çalışmışam.

- Bəs səni kinoyla məşğul olmağa çəkən nə olub? Hardan yaranıb kinoya maraq?

- Sözün düzü, kinoyla məşğul olmaq heç də uşaqlıq arzum olmayıb. Uşaqlıqda ədəbiyyata marağım daha çox olub, nəinki kinoya. 17 yaşıma qədər ya jurnalist, ya da yazıçı olmaq istəyirdim. Universitetə sənəd verərkən yazdığım sıralamaya görə, tamamilə təsadüfən kinoşünaslıq fakültəsinə daxil oldum. Sonradan kinoya münasibətim ciddiləşməyə başladı.

- Eşitmişəm, 1968-ci ildə Fransada baş vermiş tələbə hərəkatında kinonun böyük rolu olub. Bəs kino bizim kimi cəmiyyətlərdə nəyisə dəyişdirmək gücündədirmi?

- O tələbə hərəkatında rejissor Jan Lyuk Qodarın da rolu olub, eyni zamanda o hərəkata Sartrın da təsiri vardı. Azərbaycanda isə sovet dövründən qalma müəyyən bir kino məktəbi vardı, o məktəb 90-cı illərdə tamamilə məhv olmağa doğru getdi. Bir növ kapitalizmin insanların həyatına girməsi və onları çörək dalınca qaçmağa məcbur etməsi sənəti öldürdü. Mən özüm indi niyə Türkiyədəyəm? Çünki həm sənətimlə məşğul oluram, həm də burda işləyirəm. 1968-ci il Fransa gəncləri ilə 2014-cü ilin Azərbaycan gəncləri arasında isə böyük fərq var. Bizdə Qodar kimi bir rejissor yoxdur, o ki qaldı fikir adamına, ədəbiyyat adamına.

- Səncə, bu boyda Azərbaycanda insanları öz haqlarını bilməyə həvəsləndirən, maarifləndirən bircə fikir adamı da yoxdur?

- Varsa da belə, onlar ortalıqda deyillər. Bizim gördüklərimizin də ən çoxu min nəfərlik çevrəsi var, ola bilsin biz onu tanıyırıq, amma xalq onları tanımır. Əlbəttə, burda dövlətin də sıxışdırması var, amma nə qədər olmasa belə, fikir adamlarının çoxu kiçik çevrələrdən kənarda tanınacaq qədər işlər görmürlər.

- Bizdə son dövrlərdə çox filmlər çəkilir, istər seriallar olsun, istər bədii filmlər. Bu filmlər səni qane edirmi?

- Azərbaycanda gördüklərim budur ki, kino sahəsində nə qədər işlər görülsə də, ortada heç nə yoxdur. Bizim rejissorlar cəmiyyəti araşdırmırlar. Mənə görə, əgər həqiqi sənət yaratmaq istəyirsənsə, sadə insanların həyatına da diqqət ayırmalısan. Məsəlçün, Aki Kaurismyaki adlı bir fin rejissoru var. O çox sadə filmlər çəkir, kadrajları çox bəsitdir, səhnəyə bər-bəzək vurmur. Bunun üçün çox da güc sərf etmək lazım deyil. Çox təəssüf ki, müasir Azərbaycan filmində belə bir şey yoxdur. İstanbulda son dəfə baxdığım Azərbaycan filmi “Qırxıncı qapı” idi. Bu filmdə rejissorun nə demək istədiyini anlaya bilmədim. Baş düşə bilmədim film mədəniyyət propaqandası etmək üçün, yoxsa bir ailənin faciəsini göstərmək üçün çəkilmişdi. Filmdə, çox böyük boşluqlar vardı, nağara propaqandası, hətta dolma propaqandası belə var idi. Amma məni ən çox aktyor oyunu narahat etdi. Azərbaycanda aktyorluq hələ də pafosludur, teatr aktyorluğu səviyyəsində qalıb. Burda mənimlə birlikdə həmin filmə baxan türklər dedilər ki, “Budurmu sizin ən yaxşı filminiz? Bunu Azərbaycan filmi kimi qəbul edək?”. Mən nə deyəcəyimi bilmədim.

- Bəlkə kinomuzun belə vəziyyətinin bir səbəbi də ölkədə kino çəkilişlərinin sovet dövründəki kimi dövlətin sifarişi ilə yerinə yetirilməsi və çəkilişdən sonra senzuradan keçməsidir?

- Sovet dövrünün məşhur rejissorlarından biri Tarkovskinin də filmlərini dövlət maliyyələşdirirdi, amma bu insan “Stalker”i, “Solyaris”i çəkib. Onun filmlərində sovet təbliğatı görünmür. Yaxud Tofiq Tağızadənin çəkdiyi “Köpək” filmi var. Mənə görə bu, müstəqillik dövründə çəkilmiş, baxıb örnək götürəcəyimiz bir filmdir. Rejissor dövlətdən pul alsa belə, gördüyü həqiqətləri çəkməlidir. Məsəlçün, müasir türk filmində dövlətin pulu ilə filmlər çəkən rejissor Zeki Demirkubuz var, onun filmləri dövlətin təbliğat siyasətinə xidmət etmir, hətta onun filmlərində cəmiyyətin problemlərindən gen-bol bəhs olunur.

- Deməli kino ilə ciddi məşğul olursan, maraqlıdır ədəbiyyata münasibətin necədir, bu sənin üçün bir hobbidir, yoxsa nə vaxtsa ciddi ədəbiyyatla məşğul olmaq istəyirsən?

- Hələ ki, daha çox rejissor olmağı hədəfləyirəm, ədəbiyyatla çox ciddi məşğul olmuram. Hətta bir ara kino ilə ədəbiyyat arasında yolayrıcında da qalmışdım. Qərar verdim ki, ikisini eyni zamanda apara bilməyəcəm və diqqətimi kino üzərində topladım. Rus rejissorlarından biri demişdi ki, ədəbiyyat kinodan daha üstündür, çünki ədəbiyyat tək adamın səyləri nəticəsində ortaya çıxır, kino isə kollektiv işdir. Əsas problem odur ki, ədəbiyyatla məşğul ola bilmək üçün uzun müddət işsiz qalmağı bacarmalısan, indi Azərbaycanda bu, böyük problemdir, Türkiyədə bir yazıçı ayda üç dəfə də köşə yazısı yazaraq dolana bilir, Azərbaycanda isə bu yoxdur. Bir şey də var ki, Azərbaycanda oxucu kütləsi azdır deyə, çox uğurlu bir əsərlə ədəbiyyata gələn adam, kitabının satılmaması ilə ruhdan düşür, Türkiyədə isə belə deyil, yazıçı öz kitabının gəliri ilə dolana bilir.

- Sənin şeirlərini oxuyanda öz millətinə, cəmiyyətinə yadlaşma, vətənindən bir küskünlük görürəm. Xüsusilə “Azərbaycan” adlı şeirində bu duyulur.

- Bəli, həqiqətən də içimdə belə bir küskünlük var. “Azərbaycan” şeirimin özəl bir tarixçəsi var. O şeir yazılanda Rafiq Tağı bıçaqlanmışdı və xəstəxanadaydı. Rafiq Tağı mənim çox hörmət etdiyim, sevdiyim bir adam idi. Həmin şeir çıxandan bir neçə ay sonra məşhurlaşdı. Şeiri ilk dəfə Əsəd Cahangir bəyənmişdi və “Ulduz” jurnalının gənclərin dəstəyi ilə çap olunan sayında verilməsini təklif etmişdi. Mən dedim ki, şeirimdə müxalif fikirlər çoxdur, onlar bunun problem olmadığını dedilər və şeir çap olundu. Hətta səhv eləmirəmsə o şeiri Səməd Vurğunun Azərbaycan şeiri ilə birlikdə çap etmişdilər.

- Bizdə xeyli ədəbiyyat adamı, jurnalistlər mühacirətə gedib, maraqlıdır, başqa ölkədən, bizim cəmiyyətə ədəbiyyatçı gözü ilə baxanda bizim fərqində olmadığımız nələri görmək olur?

- Əgər türklərlə müqayisə olunacaqsa, bizim millət daha müasirdir, türklər daha mühafizəkardır. Ədəbiyyat adamı kimi, kənardan bizim ədəbiyyatın çox gerilərdə, orta əsrlərdə qaldığını deyə bilərəm. Yenilik etmək istəyən adamlar var, amma bu yeniliklər elə də effektli deyil. Postmodernist adı ilə tanınan yazıçıları azdan-çoxdan oxumuşam, əsərlərində daha çox modernist axınını görmüşəm.

- Səncə, indi yaşadığımız cəmiyyətdə həm həyatda qalmaq, həm də həqiqəti yazmağın dolayı və mürəkkəb bir yolu ola bilməzmi, yəni həm susmayasan, həm də danışdıqların sənə təhlükə gətirməyə, ən azı ayaqda qalasan?

- Azərbaycan yazıçı üçün kiçik ölkədir, burda çox kiçik bir ədəbi mühit var. Haqqında danışılan o postmodernist yazarlar, AYO-çular lap elə AYB-çilər kiçik bir kütlənin içində məşhurdular. Onlarda eqo hissi yüksəkdir. Mən görsəm ki, qazancımla yaşaya bilmirəm, gedib satıcı da olaram, sürücü də işləyərəm, yazıb-yaratmaq arzumu yerinə yetirərəm. Azərbaycanda yaxşı pul qazanan sürücülər var. Yaşamaq və sözünü deyə bilmək üçün nə vacibdirsə gərək onu edəsən. Marina Svetayeva paltaryuyan belə işləyib. Mənə görə bu çox normal bir şeydir.

- Bütün yazdıqlarından görünür ki, sosialist təfəkkürlü birisisən. Səncə, sosializm artıq gözdən düşmüş, utopik bir nəzəriyyəyə çevrilməyibmi? Bir sosialist kimi onun qayıdışına inanırsan?

- Bununla qəti razı deyiləm. Sosializmin gözdən düşməsi ona qarşı aparılmış təbliğatın nəticəsidir, bunu Azərbaycan barəsində demək olar, amma Türkiyədə sosializm qətiyyən gözdən düşməyib.

- Türklər ki, sosializmdən əziyyət çəkməyiblər, Azərbaycan isə əziyyət çəkib, özü də düz 70 il.

- Əziyyət deyəndə nəyi nəzərdə tutduğunuzu bilmirəm, indi güya Azərbaycanda hakimiyyətdə liberal-demokratik bir hökümət var, halbuki, belə deyil. Sovet dönəmində də neftimizi özümüzə vermirdilər, indi də vermirlər. Hətta ölkədə demokratik hökümət iqtidara gəlsə belə, yenə də neftimizi imperialist qüvvələrə satacaq. SSRİ-nın müəyyən səhvləri ola bilər, bu qəbulediləndir. Onların ədəbiyyatı bəsitləşdirib, ideoloji vasitə kimi istifadə etməkləri ilə mən də razı deyiləm. Amma İstanbulda insanların 70 faizi kirayədə yaşayır, Azərbaycanda isə belə hal yoxdur. İş yerlərinin sayı, təhsil sisteminin səviyyəsində sosialist bir cəmiyyət kapitalist cəmiyyətlərdən üstündür. Engelsin “Ailənin, dövlətin şəxsi mülkiyyətin təməli” adlı bir kitabı var. Orda deyilir ki, insanlar ilk cəmiyyətlər yaranandan bəri kommunist quruluşunda yaşayıblar, sadəcə eqo hissini öldürüb yenidən o dövrə qayıtmaq lazımdır, kapitalizm isə bizə eqo hissini yüksəltməyi aşılayır. Mənə görə sosializm vicdan məsələsidir, bunun doğru yol olduğuna inanıram və başqa insanlar buna normal yanaşmalıdır.

- Yaxın zamanlarda hekayələr, yaxud roman kitabı buraxmaq planın varmı? Səni daha çox hansı mövzu çəkir?

- Roman yazmaq kimi bir məqsədim var, artıq skeletini də düşünmüşəm, daha çox uşaqlığım, onun üzərimdə buraxdığı izlər, doğulub-böyüdüyüm mühit haqda yazmaq istəyirəm. Amma müəyyən mənada etiraz hissimi də ortaya qoymağı hədəfləlirəm.

Söhbətləşdi: Namiq Hüseynli