-
"– Özünü atma ortaya. Səni neynirəm? Nəyə yarayırsan sən? İstedadsızın, avaranın birisən. Bütün günü içirsən, qeybətləşirsən, bu yaşında stajlı alkaqolik olub getmisən. Sualların, danışığın da elə hərəkətlərin, yazdıqların kimi mənasızdır.
– Başqa nə sual verim ki? Yekə–yekə romanlarınızdan, yoxsa əsərlərinizdəki obrazlar sistemindən, postmodernizmdən, modernizmdən danışaq? Bir hekayə yazmısınız, onun da haqqında 10 ildir ki, danışırlar, təhlil olunub...
– Mən hər cür söhbətə hazıram, nə istəyirsən, danışaq. Ancaq cəmi bir hekayə yazmağım sənə niyə yer eləyir?"
Gənc yazar Kəramət Böyükçölün Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidlə söhbəti
– Rəşad müəllim, ikinci dəfə dünyaya gəlsəydiniz, yenə Yazıçılar Birliyinin gənclər üzrə katibi olardınızmı?
– Sən indi guya belə tikanlı sualla başlamaqla nəsə bir qeyri-adilik etdiyini , cəsarət göstərdiyini düşünürsən? Bu fikirdəsənsə, deyim ki, uğursuz, gülünc variantdır. AYB–yə gəlincə, lap gəncliyimdən bu quruma marağım, burada təmsil olunmaq, işləmək arzum vardı. Yadımdadır, 14–15 yaşlarımda olanda gəlib Yazıçılar Birliyinin qabağında dayanırdım, İsmayıl Şıxlı, Mirzə İbrahimov, Hüseyn Abbaszadə və başqa məşhur ədiblərimizi görəndə necə sevinirdim. Məncə, ədəbiyyata həvəsi olan hər bir gənc üçün bu, tamam normal, müsbət haldır. O vaxtlar «Ulduz» jurnalına şeirlər də gətirirdim.
– Onda «Ulduz»un redaktoru Vaqif Cəbrayılzadə idi...
– Yox. Vaqif müəllim poeziya şöbəsinin müdiriydi. Mən də onun yanına gedib şeirlərimi verdim.
– Vaqif müəllim şeirlərinizi bəyəndimi?
– Pis qarşılamadı. Diqqət göstərdi, oxuyandan sonra da məsləhət kimi qeyd elədi ki, Mayakovski, Nazim Hikmət, Rəsul Rza və Məmməd Arazı yaxşı-yaxşı oxumalısan.
– O vaxtın gəncləri də iddialı və özündənrazı idilər?
– Özündənrazılıqdan daha çox, iddialı. İddia pis şey deyil ki. Ancaq gərək ona uyğun istedadın, qabiliyyətin ola. Yoxsa indikilərin bir çoxu, məsələn elə sənin kimi gülməli vəziyyətə düşərlər. Əlbəttə, o vaxt da gənclər bəzən sərt mövqe göstərir, çıxışlar edirdilər. Amma müəyyən həddi də gözləyirdilər. Yadımdadır ki, gənclərdən bəziləri rəhmətlik Mirzə İbrahimovun əleyhinə danışır, çayxanalarda onun qarasına müxtəlif sözlər deyirdilər. Ancaq bir fərq vardı ki, o vaxt həmin söhbətlər, dedi–qodular elə çayxanalarda da qalırdı.
– Bəs indi necədir ki?
– İndi mühit çox dəyişib, özü də əsasən mənfi yöndə. Ara söhbətləri, çayxanada danışılanlar birbaşa ya mətbuata, saytlara çıxır, ya da “facebook”da bəzi özünü dahi elan edənlərin səhifələrində yayılır. İçi sən qarışıq, onlar bu yolla əslində özlərini biabır edirlər. Çünki ağlı başında olan heç kəs o söhbətləri edənlərə ciddi yanaşmaz. Heç yanaşmırlar da.
- Mirzə İbrahimovun əlehinə danışdığınıza görə peşman oldunuz?
– İllər keçdikcə təkcə mən yox, bizim dövrün cavanlarının əksəriyyəti Mirzə İbrahimovun fəaliyyəti ilə daha yaxından tanış olduq. Onun müxtəlif illərdə xalqımızın milli varlığının qorunması, Azərbaycan dilinin yaşadılması ilə bağlı göstərdiyi xidmətləri öyrəndik. Əsərlərini, çıxışlarını tamam fərqli, obyektiv nəzərlərlə oxuduq. Məlum oldu ki, biz o vaxt çox böyük ədalətsizlik eləmişik.
– Demək istəyirsiniz, Anar müəllimin əlehinə çıxış edən cavanlar da peşman olacaqlar?
– Mütləq! Həm də bundan ötrü çox gözləmək də lazım gəlmir. Elə indidən başlayıblar. Yəni bəzilərinin peşman olduqları artıq özünü göstərir. Təzə-təzə dili söz tutan, özünü düz-əməlli təqdim edə bilməyən, ikicə kəlməni birtəhər yan-yana gətirən bəzilərinin ilk işi Anar müəllimi hədəfə almaqdır. Amma belələri sonradan çox xəcalətli vəziyyətə düşürlər. Anar müəllim haqqında min cür böhtan, hədyan yazanların hamısı peşman olacaqlar. Geci-tezi var sadəcə. Buna qəti şübhən olmasın.
– Rəşad müəllim, neçə yaşınızdan jurnalist kimi fəaliyyətə başlamısınız?
– Əgər bu səni belə çox həyəcanlandırırsa, deyim ki, çox erkən yaşlarımdan, orta məktəbdəykən rayon qəzetində xırda məqalələrim çıxırdı. Məktəbi bitirəndən sonra jurnalistika fakültəsinin qiyabi bölməsinə qəbul olundum. Elə o ərəfədə də Aqil Abbasla tanış olduq. Aqil müəllimin köməkliyi ilə 1983–cü ildə «Elm və Həyat» jurnalında korrektor kimi işə başladım. Aqilin vasitəsiylə yazıçılarla tanış oldum. Mənim “Elm və Həyat”da korrektor olmağımla bağlı o vaxt belə bir ifadə də yaranmışdı ki, Rəşad “alimlərin səhvini düzəldir”.
– O vaxtdan bu günə kimi də səhv düzəldə-düzəldə gəlirsiniz...
- Həmin ifadədəki “səhv düzəltmək” məsələsi dolayı, məcazi mənadaydı. Həm də alimlərin yazılardakı hərf-filan səhvlərini düzəltməyə nə vardı. Sonra elə oldu ki, gənclərlə işləməli oldum və həqiqətən də, bir çox cavanların, məsələn, elə sənin özünün cürbəcür səhvlərini düzəltməyə başladım. Amma bəziləriniz heç düzələnə də oxşamırsınız.
– Maraqlıdır, bəs sizin səhvlərinizi kim düzəldir?
– Mənim səhvlərim az olur. Olanları da ya zaman düzəldir, ya kitablar, ya da ətrafımdakı ağıllı adamlar, valideynlərim, dostlarım...
– Jurnalist kimi ən çox yadınızda qalan və ürəyinizcə olan müsahibəni kimdən almısınız?
– 1989–cu ildə «Kommunist» qəzeti üçün Flora Kərimovadan «Bağlı qapı açaram» adında böyük bir müsahibə almışdım. O vaxtlar Flora Kərimovaya münasibət başqa cür idi, haqqında yazılar çıxmırdı, intervüləri getmirdi. Elə bir dövrdə Flora xanımla ilk dəfə mən geniş söhbət etdim. Yadıma gəlir, o müsahibəni yazıya alandan sonra onu özünə elə bəlağətli tərzdə, təsirli oxudum ki, Flora xanım məndən dəsmal istəyib, hönkür–hönkür ağladı.
– Tutalım, kimdənsə müsahibə alırsınız, sonra baxırsınız ki, diktafon yazmayıb. Onda nə etmək lazımdı?
– Jurnalistdən bir sıra xüsusi keyfiyyətlər tələb olunur. İndi bu sahəyə girişmək istəyənlərin əksəriyyətində həmin keyfiyyətlər tapılmır. Dəqiq bilirəm ki, sənin özündə də belədir. Onda deyim, bil ki, jurnalist üçün vacib keyfiyyətlərdən də biri situasiyadan çıxmaq bacarığıdır. Əgər diktafon yazmayıbsa, peşəkar jurnalist üçün bu çox da qorxulu vəziyyət olmamalıdır. Həmsöhbətini diqqətlə dinləməli, lazımi qeydlər aparmalıdır ki, diktafonda problem olsa, yaddaşının hesabına, qeydlərinin köməyilə vəziyyətdən çıxsın.
– Rəşad müəllim, bir hekayəniz işıq üzü görüb, çoxlu da şeirlər yazmısınız. Ancaq cəmiyyətdə bir məmur obrazınız da var. Qəribədir ki, adamlar şair, yazıçı, jurnalist Rəşad Məcidlə deyil, daha çox məmur Rəşad Məcidlə hesablaşırlar. Bu, sizi narahat etmir ki?
– Niyə narahat eləməlidir ki? Hər bir normal insan istəyər ki, onu saysınlar, onunla hesablaşsınlar. İstənilən sahədə belə olmalıdır. Mən də buna nail olmuşamsa, sevinməliyəm. İndi kimlərsə özlərini qeyri-ciddi vəziyyətə salırsa, özləri bilər. Mənim ədəbiyyata o qədər böyük həvəsim olub ki, əvvəllər həyatımı tamamən ədəbiyyata, yazmağa həsr eləmək istəyirdim. Ancaq sonralar başa düşdüm ki, təkcə yazmaqla iş bitmir. Məndə bu sahədə fəal iş aparmaq, prosesin yönləndirilməsində də rol oynamaq istəyi yarandı. Buna da nail oldum. Əlbəttə, söhbət yaradıcılığın bütünlüklə əzab içində keçən, özünü hər şeydən məhrum edib yazmağa qapılmaq formasından gedirsə, mən o yolu tutmadım. Birincisi, elə passiv həyat tərzi mənlik deyildi. İkincisi, o cür qapalı yaradıcılıq həyatı yaşamağıma ən çox da zaman özü, mühit imkan vermədi. Ölkədə baş verən gərgin, ağır hadisələr, torpaqların işğalı, mürəkkəb ictimai-siyasi proseslər burada rol oynadı. Bununla da bir yandan yaradıcılığa, ədəbiyyata böyük meyli olan, digər tərəfdən də aktiv fəaliyyətə, proseslərdə birbaşa iştiraka üstünlük verən bir adam kimi formalaşdım.
– İkiləşmiş, təzadlı adam?
– Ola bilsin, cəmiyyətin nəzərində iki Rəşad Məcid var. Biri çox ciddi, zəhmli görünür, kimlər üçünsə sifətindən qorxu, ciddilik yağır, hər zaman hisslərinə hakim olur. O biri Rəşad Məcid isə, yeri gələndə duyğulanır, kövrəlir, məsələn, Zərdüştün qəbrinin üstündə, Tofiq Abdinin dəfnində hönkür-hönkür ağlayır.
– Bəs əsl Rəşad Məcid hansıdır?
– İkisi də mənəm. Özüməm. Ancaq mənim bəzi zəif, dəymədüşər adamlardan fərqli və üstün cəhətim budur ki, ciddiliyimi də, həssaslığımı da layiqincə qoruyub saxlayıram. Bunları yerində biruzə verirəm. Yoxsa bütün keyfiyyətlər hörmətdən düşər, adam özü də mənasızlaşar. Şair kimi götürəndə isə, sözsüz ki, hönkür–hönkür ağlayan Rəşad Məcidəm.
– Onda niyə həmişə əsl Rəşad Məcid olmursunuz?
– Hər zaman, hər yerdə o cür olmaq düz gəlməz. Hamıyla eyni şəkildə rəftar etmək yaramaz. Həyat, mühit elədir ki, həmişə kövrək olmaq mümkün deyil. Cəmiyyətin qəddarlığı insanı qeyri-səmimi olmağa məcbur edir. Həm də tək mən deyiləm ki. Hər yaradıcı, düşünən adam gündə neçə ovqata düşür. Bu təbiidir.
– Rəşad müəllim, sizə elə gəlmirmi ki, yazıçı olmağa istedadınız, potensialınız çatmadı və yolunuzu dəyişib məmur oldunuz? Halbuki səbəb kimi gətirdiyiniz Qarabağ hadisələri, torpaqlarımızın işğalı, doğulduğunuz kəndin və oxuduğunuz məktəbin darmadağın olması istedadlı bir adamı daha çox yazıçı eləyən şeylərdir.
– O ağrılar, itirdiklərim mənim icimdə, dərinliyimdədir. Çox vaxt gizlətməyə çalışıram. Amma bəzən esselərimdə, çıxışlarımda, müsahibələrimdə boy göstərir. Görənlər, görür. Bəlkə sənə çatmaz belə məsələlər, amma hərənin öz yolu, taleyi var. Həyatda heç nə reseptlə olmur. Mən ədəbiyyatdakı rolumu, mövqeyimi, cəmiyyətə xeyrimi bu şəkildə gördüm, belə də fəaliyyət göstərdim. Ədəbiyyata böyük həvəs, sözə həqiqi sevgi başqa şeydir, yersiz ambisiyaya qapılmaq, yalandan dahilik eşqinə düşüb həyatını korlamaq başqa. Məncə, düzgün yol seçdim, indi də bu mövqedəyəm. Şeirlər, esselər, məqalələr yazdım, hekayəm geniş rezonans doğurdu. Baş redaktor kimi, katib kimi gördüyüm işlərin dəyərini özüm də bilirəm, özgələri də. Ədəbiyyatın yersiz iddiaya düşmək, dahilik azarına tutulub özünü də, başqalarını da bezdirmək tərəfi mənə yaddır.
– Bəs sizə nə lazımdır?
– Lazım olanları özüm bilirəm, sən bilməsən də olar. Çünki sənin anlayacağın işlər deyil. İndiyədək lazım olanların böyük bir qisminə nail olmuşam. Həyatda da, elə ədəbiyyatda da. Hər halda özüm öz ədəbi imkanlarımı, nəyi və necə yazmaq lazım gəldiyini, yazıçı kimi hansı həyat tərzini yaşamalı olduğumu yaxşı bilirəm. Onu da bilirəm ki, əsl yazıçı ömrü yaşamaq, sırf yazıçıya xas həyat tərzi ağır işdir, düzü, bunu özümə rəva görmürəm.
– Heç olmasa, ədəbi zövqünüzə inanırsınızmı?
– Zövq nisbi məsələdir. Vəziyyət elə gətirib ki, indi Azərbaycanda ümumən ədəbi zövq xeyli aşağıdır. Mütaliə səviyyəsi, kitaba maraq, yaradıcılığa diqqət də onun kimi. O hesabla götürəndə dəqiq bilirəm ki, mənim ədəbi zövqüm ortadan xeyli yuxarıdır. Ədəbiyyatın mahiyyətini və bədii dəyərin nə olduğunu yaxşı bilirəm. Buna görə də istedadsız yazılara sərt münasibət göstərirəm. Qorxmuram. Düzdür, düşmən qazanıram. Amma adam öz içindəki həqiqətə inananda, dürüstlüyünü biləndə heç nə vecinə olmur.
– Maraqlıdır, yazıçılıq həyat tərzidir deyəndə nəyi nəzərdə tutursunuz ki?
– Mənim yazıçı üçün gərəkli bildiyim həyat tərzi sənin düşündüyündən tamam fərqlidir. Məncə, yazıçının həyat tərzi hər an ədəbiyyat barədə, nə yazacağı, necə yazacağı haqda düşünməyidir. Təsvirlər, obrazlar, ədəbi priyomlar içərisində yaşamağıdır. Çox şeydən imtina edib, bəzən günlərlə bir yerə qapanıb yazmağıdır. Misal üçün, Orxan Pamukun həyat tərzi kimi. Amma səndən və bəzi dostlarından ötrü bir yazıçı obrazı var: yazıçı hər gün içməlidir, səfil gündə olmalıdır, ağzına gələni danışmalıdır. Sonra da azca ayılan kimi neçə adama yalvarıb üzr istəməlidir. Arada da bir-iki cızma-qara eləyib dahilikdən dəm vurmalıdır.
– Təkcə Azərbaycanda deyil, bu obraz dünyada var.
– Düzdür, dünyada var, yazıçının şəraba, içkiyə meyl barədə çoxlu əsərlər də yazılıb. Bunun səbəblərini də bilirəm. Ancaq mən bunun qaçılmazlığını, yazıçının mütləq içib özündən xəbəri olmamasını da qəbul etmirəm. Buna yaradıcı həyat tərzi demək olmaz, özünü belə aparmaq adamı gülünc hala salır. İçməyə qalanda, mənim içdiyim içkiləri də sən yüz il də bundan sonra içə bilməzsən. Həm kəmiyyət, həm də keyfiyyət, dəyər baxımından deyirəm. Gör neçə ildir, təkcə Azərbaycanın yox, neçə ölkənin ədəbiyyat adamlarıyla oturub-dururam. Yəni təcrübəm var, kimin necə içib, necə yazdığını bilirəm. 100 qramdan sonra kimin nə hala düşdüyünü də cox görmüşəm.
– Rəşad müəllim, sizcə, ədəbi elita nədir?
– Ədəbi elitanın nə olduğunu lap gənc yaşlarımdan bilmişəm. Çox keçməyib ki, özümü o elitanın ortasında görmüşəm. Aqil Abbasın həyatımdakı rolu barədə dedim. Hardasa 20 yaşımdan ölkənin ən üst ədəbiyyat adamları ilə yaxşı əlaqələri olan Zakir Fəxri ilə dostlaşmışam. Onun sayəsində bir çox məclislərə düşmüşəm, yazıçılarımızı, şairlərimizi yaxından tanımışam. Yusif Səmədoğlu ilə, Anar müəllimlə oturmuşam. Çoxlu qonaqlıqlar verirdim ki, Zakir Fəxri məni Azərbaycanın ədəbi elitası ilə yaxından tanış eləsin. «Zümrüd» restoranında çox qonaqlıqlar vermişəm ki, sənin də, indi özünü hər gün qonaqlıqda sayanların da heç yuxusuna girməz elə məclislər.
– Qonaqlığı siz verirdiniz?
- Nədi, sənə qəribə gəlir? 20 yaşında ədəbiyyat həvəslisinin o cür dəyərli adamlara qonaqlıq verməkdən, onlarla bir yerdə oturub söhbətlərinə qulaq asmaqdan, onlardan öyrənməkdən gözəl nə ola bilərdi...
– Pulunuz varıydı?
– Varıydı. Atam ticarətə rəhbərlik edirdi. Pul sarıdan korluq çəkmirdim. Amma pulu da kitaba, ədəbiyyat adamlarına xərcləyirdim..
– Yəni, kasıbçılıq görməmisiniz...
- Həmişə cibimdə pul olub. Özü də cibimdə pulun ayrı bir hissəsi də olub ki, tutalım, qabağıma hansısa sevdiyim şair çıxsa, ona qonaqlıq verim. Məsələn, fikirləşirdim ki, kaş Vaqif Cəbrayılzadə qabağıma çıxaydı, aparıb «Karvansara»da qonaqlıq verəydim, söhbətlərini, şeirlərini dinləyəydim. Yaxud da Ramiz Rövşənlə tanış olmaq, onun məclisinə düşmək üçün qardaşı Yaşara düz 1 il əməlli-başlı minnət eləmişəm. Axırda Yaşarın dostu kimi Ramiz Rövşənlə tanış oldum. Uzun illər onun qeyri-adi, yüksək, mədəni-ədəbi elitanın cəmləşdiyi ad günü məclislərinin ən cavan iştirakçısı oldum. Sonra da dostlaşdıq. Elə bu dostluqların, münasibətlərin, mənə etibarın nəticəsiydi ki, 26 yaşımda rəhmətlik Aydın Məmmədov yüzdən artıq ipə-sapa yatmaz yazarın çalışdığı Tərcümə Mərkəzinə məni sədr müavini təyin etdi.
– Rəşad müəllim, Yazıçılar Birliyində gündə bir təqdimat, imza günü keçirilir, əksəriyyəti də ədəbiyyatın «ə»sinə dəxli olmayan adamlar. Sizcə, AYB bu xaotik durumda daha ciddi əsərlərə dəyər verib, təbliğ etməli deyilmi?
– Əslinə qalsa, Yazıçılar Birliyi ilk növbədə bir az sərt olmalıdır. AYB–də bəzən elə adamların təqdimatları keçirilir, hamımız, Anar müəllimin özü də məəttəl qalır ki, bunlar kimdir, haradan gəliblər, neyləmək istəyirlər... İkincisi, bu məsələ təkcə AYB–nin problemi deyil. Məsələn, Azərbaycan parlamentində mədəniyyətimizə rəhbərlik eləyən, dəyərli alim kimi tanıdığımız Nizami Cəfərov hər mənasız əsərə ön söz yazırsa, onda dəyərlər qarışır, meyar itir. Bizdə elə istedadlı cavanlar var ki, onları vaxtında düz yola yönəltsən, bəlkə də gələcəkdə ciddi uğurlar qazanar. Ancaq bu xaotik durum bəzi istedadlıları da çaşdırır.
– Amma vaxtı ilə düz yola yönəltdiyiniz cavanlar AYB–dən quş kimi uçub gedilər...
– Uçan uçacaq, qaçan qaçacaq, qalan da qalacaq. Belə də olmalıdır. Ola bilsin, cavanlara həddən artıq diqqət göstərmək də ziyanlıdır. Bir dəfə Qulu Ağsəs mənə dedi, sən cavanları yetişdirmirsən, onları qudurdursan. Sonra hadisələr elə gətirdi ki, düşündüm, bəlkə Qulu düz deyir. Onları bu yaşda yuxarı başa keçirdir, hətta Anar müəllimin yanında oturduram, bir az sonra havalanırlar, elə bilirlər, dahidirlər. Ancaq ümumilikdə, AYB adamı nə yazıçı eləyir, nə də istedadını, qabiliyyətini əlindən alır. Sadəcə, yaradıcılığına stimul verə, həvəsləndirə bilərik, yetişməsinə dəstək verərik. AYB-dən çıxan cavanlar da, mənə elə gəlir, bununla daha çox özlərini göstərirdilər. Özlərini artıq vacib, lazımlı adam hesab etdilər. Yəni, baxın, mən də varam və AYB–dən gedə bilirəm. Guya burda nə var?! Bəlkə də indi AYB–yə gəlməkdən də, oradan getməkdən də asan iş yoxdur. Əsas odur, lazımlı bir iş görəsən, dəyərli nəsə yaradasan.
– Deyirsiniz ki, AYB–dən getməkdən və AYB–yə gəlməkdən asan bir şey yoxdur. Bəs bu boyda ciddi bir qurumu niyə bu qədər nüfuzdan salmısınız? Kefi istəyən girir, kefi istəyən çıxır...
- Nüfuzdan niyə düşür ki? Gələnlər varsa, həm də arzulayanlar həddən artıq coxdursa, deməli, nüfuzlu qurumdur. Gedənlər də olmalıdır, çünki AYB, bəzilərinin böhtanlarına rəğmən, azad yaradıcı qurumdur. Kimsə gedə də bilər. Belə də olmalıdır. Ancaq, təbii, mən düşünürəm ki, Yazıçılar Birliyinin də Bəstəkarlar İttifaqı kimi cəmi 200 üzvü olmalıdır. Bir çoxları heç yaxına da buraxılmamalıdır.
– Yazıçılar Birliyinə Sovet vaxtında əlçatmaz bir yer kimi baxırdılar, indi əvvəlki nüfuzu da yoxdur...
– Məsələ burasındadır ki, yazıçının əvvəlki nüfuzu və ictimai fikrə təsir gücü qalmayıb. Buna baxanda hələ AYB yaxşıdır ki, davam gətirir, müəyyən qədər sözü eşidilir. Tutaq ki, əvvəl yazıçının kitabı yüz min tirajla çap olunur və oxunurdu. Amma indi beş yüz tirajla çap olunur və heç o da tam satılıb qurtarmır. Bir də ortalıqda yazıçı-şair adıyla elə adamlar dolaşır ki, olan-qalan nüfuz da gedir.
– Bəs bu gün yazıçı kimdir?
– Məsələn, rəhmətlik Əlibala Hacızadə kimi bir adamı bu gün Xoşqədəm Hidayətqızı əvəz edir.
– Necə yəni?
– Əlibala Hacızadənin kitablarını oxuyub təsirlənən, ağlaşan, o əsərlərin ardını həsrətlə gözləyən adamlar indi gözlərini dikiblər Xoşqədəmə. Gecə-gündüz fikirləşirlər ki, görən təzə kimi tapıb çıxaracaq ortaya, indi kimin paxırını açacaq. Bir də görürsən, birinin anasını tapır, birinin balasını, birinin arvadı çıxır ortaya, birinin əri tapılıb gətirilir. Adamlar da dəsmal götürüb ağlaşırlar. Halbuki, bu auditoriya 30–40 il qabaq heç olmasa Əlibala Hacızadənin kitablarını oxuyub təsirlənirdilər, mütaliədən nəsə öyrənirdilər.
– Rəşad müəllim, Əlibala Hacızadəni kim Xoşqədəm Hidayətqızı elədi?
– Zaman. Bunu onun yerinə gətirən zaman oldu. Adamlar da çox həvəslə bunu seçdilər, kitabdan, yazıçıdan uzaq düşdülər. Görünür, indi belə maraqlıdır.
– Deyirsiniz, gənclərə yaxşılıq etmişəm, dəstəkləyib özünəgüvən hissi yaratmışam, inkişaf eləmək üçün şərait qurmuşam, qabağa vermişəm. Ancaq AYB–də sizdən narazı qalan gənclər də vardı. Belə demək mümkünsə, Rəşad Məcid Yazıçılar Birliyində gənc üzrə katib deyil, konkret bir neçə gəncin katibi idi və onlar da axırda buranı tərk elədilər...
– Gənc Ədiblər Məktəbində əlli nəfərə diplom və prezident təqaüdü verildi. Ancaq mən onların hamısında eyni potensialı görmürdüm. İstedadına güvəndiyim, potensiallı bildiyim gəncləri də qabağa çəkirdim. İkincisi, gənclərin özündən də çox şey asılıdır. Məsələn, zaman–zaman bəzi gənclərə rəğbətim artır. Tutaq ki, son vaxtlar Fərid Hüseynin çalışqanlığı, işgüzarlığı çox xoşuma gəlir. Elə sənin özünü qəzetimdə nə qədər çap elədim. Amma iş tapşırırdım, özünü doğrultmurdun, məsuliyyətsizlik edirdin. Çünki istedadın, bacarığın yoxdur. Qabiliyyətin, qanacağın heç yoxdur. Üzünə deyirəm, o «Çöl» romanında elə hissələr var, məncə, onları sən yazmamısan...
– Mən dəfələrlə etiraf etmişəm ki, o mənasız «Çöl» romanını bütövlükdə atam yazıb, nəinki ayrı-ayrı hissələrini...
– Özün bilərsən, öz işinizdir... Üzdə olan nə qədər cavan yazarlar var, hamısına «525-ci qəzet»də yer vermişəm. Bizdə kimlər çap olunmayıb?! Ancaq sonralar bir çoxları ayrı yol tutdu. Heç ona yol da demək olmur. Özləri də bilmirlər, nə istəyirlər, nə iş görürlər.
– Yaxşı, «Gənc Ədiblər Məktəbi» ədəbi prosesə kimləri verdi?
– Bu gün Azərbaycanda ədəbi gəncliyin, yeni ədəbi mühitin 90 faizini Gənc Ədiblər Məktəbindən çıxan 15–20 nəfər təşkil edir. Hətta onlar idarə edir də deyə bilərəm. Deməli, bu iş fayda verib, Azərbaycan ədəbiyyatına xeyri dəyib.
– Mənə elə gəlir, gənclərə çox vaxt ayırırsınız, belə getsə yaradıcılığınızda dərin boşluq yaranacaq. İkinci hekayənizi yazmaq haqqında fikirləşmirsiniz ki?
– Sən bundan narahat olma. Gör özün “vodka”dan baş açıb ələ gələn nəsə yaza bilirsənmi? Mənim yazmağım problem deyil. Vaxt məsələsidir, fürsət düşən kimi hələ çox yazacağam, bir–iki irihəcmli nəsr əsəri yaradacağam, sorağı da çox uzaqlara yayılacaq.
– Cənab katib, Azərbaycanda ən nüfuzlu ədəbiyyat mükafatlarında münsif kimi təmsil olunursunuz, bədii əsərlərə qiymət verirsiniz... Özünüz də deyirsiniz ki, ədəbiyyata iddiam yoxdur. Maraqlıdır, bəs Rəşad Məcid hansı ədəbi zövqlə, hansı istedadla bu əsərləri qiymətləndirir?
– Səncə, niyə? Yəni bunu da başa düşəcək səviyyədə deyilsən? Anlamırsan onların Rəşad Məcidi seçmələrinin səbəbini?
– Vəzifəsi var, əlaqələri genişdir, hər yerə əli çatır...
– Əlaqələr mənə babamdan qalmayıb ki. Onları özüm yaratmışam, özüm qazanmışam da. Əlbəttə, sən hardan anlayasan ki, ağıllı, zövqlü adamlar, yüksək səviyyəli təşkilatlar məhz özlərinə uyğun adamlara üstünlük verirlər.
Ola bilsin, sənin olduğun yerdən, sizin cılız qrup mövqeyinizdən, ucuz «vodka» məclislərinizdən baxanda Rəşad Məcid başqa cür görünür. Ancaq tam əksəriyyət, elə dediyin o insanlar və qurumlar da vəziyyəti, kimin kim olduğunu düzgün qiymətləndirirlər. Bilirlər ki, Rəşad Məcid ədalətli insandır.
– Ay müəllim, siz insan kimi ədalətli ola bilərsiniz və mən də buna inanıram. Ancaq söhbət ədəbiyyatdan, yazıdan, bədii mətndən gedir...
– İnsan kimi ədalətli olan adam ədəbiyyata, yaradıcılığa münasibətdə də obyektiv, ədalətli olmağı bacarır. Mənim bu sahədəki mövqeyim ədəbi zövqüm, ağlım qədər, ədalətli olmağımla da bağlıdır.
– Rəşad müəllim, hələ sizi sədr postunda da görürlər...
– Yazıçılar Birliyinin sədri olmaq könlümdən keçmir və bəziləri kimi heç yuxumda da görmürəm. Hesab eləyirəm ki, AYB–nin sədri yenə Anar müəllim olmalıdır.
– Anar müəllim, özü sizin namizədliyinizi irəli sürsə, yəqin onun sözündən çıxmazsınız...
– Əlbəttə, çıxmaram.
– Tutalım, Rəşad Məcid sədr seçilib və sədr kimi onunla söhbət eləməyə gəlmişəm.
– Yenə özünə uyğun, qeyri-ciddi hərəkətlər edirsən, ancaq olsun, buyur.
– Hörmətli Rəşad müəllim, yeni vəzifənizə görə sizi ürəkdən təbrik edirəm və uğurlar arzulayıram.
– Yaxşı eləyirsən, sağ ol.
– Rəşad müəllim, AYB–də hansı dəyişikliklər gözlənilir?
– Qulu Ağsəsi «Ulduz»a redaktor qoymaq və jurnalda ciddi kadr dəyişikliyi etmək fikrindəyəm.
– Sonra...
– «Ədəbiyyat qəzeti»ndə də ciddi dəyişiklik planım var. Hesab edirəm ki, Əsəd Cahangirə orada yaxşı bir vəzifə vermək olar.
– Bəs gənclər üzrə katib kim olacaq?
– Hələ fikrimdə dəqiq bir adam yoxdur. Biri var idi, zay çıxdı.. Düzdür, hardasa bu postda İlqar Fəhmini görürəm, ancaq yaxşı-yaxşı düşünməliyəm.
– Üzvlərin sayını azaltmaq fikriniz yoxdur ki?
– Əlbəttə, var. 1800 üzdən cəmi 300 nəfər saxlamaq istəyirəm.
- Onda çox adam deyəcək ki, Anar müəllim qalsa yaxşıdır.
- Mənim də istədiyim budur. Sənə dedim axı, Anar müəllim qalmalıdır.
– Rəşad müəllim, necə qəribədir, bir hekayə ilə gəlib AYB–nin sədri də oldunuz...
– Mənim o hekayəm sənin özünün də, gündə “vodka” içdiklərinin də iyirmi romanına dəyər. Hələ iki yüzdən artıq şeirim də var ki, dəyəri, keyfiyyəti çox yüksəkdir. Kitablarım çıxıb, daha iki yeni kitabım çıxacaq. Bəs eləmir?
– Mənə elə gəlir, heç idarəçilik qabiliyyətiniz də ürəkaçan deyil.
– Sən nə bilirsən idarəçilik nədir? Mənim mahir idarəçi olduğumu bu işdən xəbəri olanlar yüzdə yüz təsdiqləyirlər, ürəkləri də açılır.
– AYB-nin gənc ədəbi simalarını formalaşdırmaq üçün gənclər üzrə katib oldunuz, sizə iş tapşırıldı, etimad göstərildi. Bəs nəticə nə oldu? Nə neçə il əlləşib–vuruşub yetişdirdiyiniz gənclər quş kimi uçub getdilər və azad yazıçı oldular.
– Bax bunu düz deyirsən, yaxşı etirafdır: əlləşib-vuruşub yetişdirdim. Ancaq yeniləri gəlir, bəlkə daha istedadlıları da çıxacaq. İndi onların vaxtıdır, onlara diqqət, dəstək lazımdır.
– Amma vaxtı ilə o gedən cavanları necə yüksək qiymətləndirirdiniz...
– Mən qiymət verməkdə xəsis deyiləm. Qiymətləndirirəm, layiq olanlar bilir, bilməyənlər də varsa, öz işləridir. Sənin kimilər həmişə tapılır...
– Mən AYB–nin üzvüyəm, hələ çıxmamışam... Bəlkə elə bilirsiniz istefa vermişəm?
– Özünü atma ortaya. Səni neynirəm? Nəyə yarayırsan sən? İstedadsızın, avaranın birisən. Bütün günü içirsən, qeybətləşirsən, bu yaşında stajlı alkaqolik olub getmisən. Sualların, danışığın da elə hərəkətlərin, yazdıqların kimi mənasızdır.
– Başqa nə sual verim ki? Yekə–yekə romanlarınızdan, yoxsa əsərlərinizdəki obrazlar sistemindən, postmodernizmdən, modernizmdən danışaq? Bir hekayə yazmısınız, onun da haqqında 10 ildir ki, danışırlar, təhlil olunub...
– Mən hər cür söhbətə hazıram, nə istəyirsən, danışaq. Ancaq cəmi bir hekayə yazmağım sənə niyə yer eləyir?
– Rəşad müəllim, ədəbiyyatdan nə istəyirsiniz?
– Ədəbiyyatı sevirəm, var olmasını və inkişafını istəyirəm. Üstəlik, bəzi yararsız, qeyri-ciddi adamlardan, onların mənasız yazılarından qurtulmasını. Mən ədəbiyyata xəstə bağlılıqla, cığal münasibətlə yox, rahat baxıram, hobbi kimi, gözəl bir həvəs kimi , eşq kimi yanaşıram.
– Ədəbiyyata hobbi kimi baxan adam ömrünü ədəbiyyata qurban verən və ədəbiyyatla yaşayan, sözlə nəfəs alan adamların əsərlərinə necə qiymət verə bilər? Ümumiyyətlə, ədəbiyyata hobbi kimi baxan bir adam nə bilir ki, hansı əsər yaxşıdır, hansı əsər pisdir, ədəbi dəyərlər nədir?
– Bu cür baxanda hər şey daha aydın, daha düzgün görünür. Ədalətli münasibətim, normaldan da üstün ədəbi zövqüm var və bunların sayəsində hər şeyi düzgün müəyyənləşdirə bilirəm. Başqa nə deyirsən?
– Şərif Ağayarla söhbətimizi oxudunuz?
– Baxdım.
– Necə idi? Yəqin, xoşunuza gəlmədi...
– Yox! Və bugün onu bildim ki səndən heç nə olası deyil.
Söhbətləşdi: Kəramət Böyükçöl
İnterpress.az