Rauf Mirqədirovun həyat yoldaşı dindirilib

Rauf Mirqədirov

-
Mayın 4-də həbsdə olan jurnalist Rauf Mirqədirovun həyat yoldaşı Adilə Babaxanova dindirilib. Dindirmə Azərbaycanın Ankaradakı səfirliyində olub və 5 saat çəkib. Suallar Rauf Mirqədirov haqqında olub.

Dindirmə bu gün də davam edəcək. Dindirməni Bakıdan gələn müstəntiqlər aparıb.
Bu haqda AzadlıqRadiosuna Adilə Babaxanova məlumat verib. Deyib ki, ondan iltizam alındığı üçün ətraflı məlumat verə bilməz. Adilə Babaxanova dünənki dindirmədə vəkilinin olmadığını, bu gün isə vəkillə təmin olunacağını bildirib.

Mayın 4-də yerli məhkəmənin qərarı ilə onların Ankarada yaşadıqları evdə də axtarış aparılıb. Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışı Azərbaycan hakimiyyətinin sorğusuna uyğun apardıqlarını deyiblər: “Raufun şəxsiyyət vəsiqəsini, bir neçə sənəd, diktafon götürdülər, kompüterlərə baxdılar. Uşağın kompüterini, planşetini də aldılar”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Adilə Babaxanova


Adilə Babaxanova deyib ki, iyunun ortalarını – qızının dərslərinin başa çatmasını gözləyir. Bundan sonra Bakıya gəlməyi düşünür.

Ermənistanın xeyrinə casusluqda ittiham edilən “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib. Onu Bakı hava limanında həbs ediblər.

Son üç ildə Rauf Mirqədirov ailəsi ilə birlikdə Ankarada yaşayırdı.