Şəkiyə kino çəkənlər gəlib

«Susuzluq və məhəbbət» filmindən kadr

Şəkiyə kino çəkənlər gəlib. Almaniyalı rejissor Fayt Helmerin çəkdiyi filmin ssenarisi susuzluq və sevgi haqqındadır. Romantik komediya janrında olan filmin adı da elə «Susuzluq və məhəbbət»dir.


Cənab Helmer filmin ssenarisi, öz işləri haqqında həvəslə danışır: «Şəkinin damlarını çəkirik. Burdakı evlərin damları ən yaxşılardandır». Rejissor deyir ki, filmin ssenarisinə uyğun yeri tapana qədər çox ölkələri gəzib, Azərbaycana gəlib çıxanda isə bilib ki, axtardığını tapıb: «Dünyanın 11 ölkəsində oldum, filmi çəkmək üçün uyğun kənd axtarırdım. Azərbaycanda axtardığım yeri tapdım».


Filmin ssenarisinə görə, kənddə su kəməri tez-tez xarab olur, kişilərsə bununla bağlı heç bir iş görmürlər. Bu, qadınları cana gətirir və nəhayətdə ərlərinə ultimatum verirlər: «su kəməri təmir olunmasa, seks də olmayacaq».


Rejissor ssenarini həyatdan götürdüyünü deyir: «Bir neçə il əvvəl qəzetdə oxumuşdum ki, kiçik bir kənddə belə bir hadisə baş verib. Su kəməri xarab olub, qadınlar çarəsiz qalıb ərlərinə deyiblər ki, su kəməri düzəlməyincə kişilərlə yatağa girə bilməzlər. Bu hadisəni baza kimi götürüb, məhəbbət hadisəsi qurdum».


Maraqlıdır ki, film Lahıcda çəkilən vaxt çəkiliş qrupu ssenaridə olduğu kimi, su problemindən əziyyət çəkib. İyulun 29-dakı daşqınlardan sonra isə Şəkidə və ətraf kəndlərdə də su problemi yaranmışdı.


Ssenariyə görə, su kəmərini təmir etmək yeni ailə qurmağa hazırlaşan gəncin üzərinə düşür. Əgər o, bunu bacarmasa, yeni ailənin təməli də qoyulmayacaq, daha doğrusu, kənd qadınları buna imkan verməyəcəklər. Ancaq xoşbəxt sonluq hamının köməyinə gəlir. Həmin gənc su kəmərini təmir edir və sevgilisinə qovuşur. Bundan sonra kişilərlə qadınlar arasında əmin-amanlıq yaranır.



«Susuzluq və məhəbbət» filmindən kadr
Filmin yaradıcı heyəti beynəlmiləldir. Gürcüstan, Azərbaycan, Moldova, Almaniya və başqa ölkələrdən olan yaradıcı heyət avqustun 19-na qədər Şəkidə qalacaq.

Fayt Helmer və baş rolun ifaçısı olan çexiyalı aktrisa Kristina Malerşova ssenaridəki çətinliklərə baxmayaraq Şəkinin təbiətinə heyran olublar: «Şəkinin təbiəti çox xoşuma gəlir, xüsusilə dağların ətrafındakı mənzərə. İki gün əvvəl heyrətamiz bir yerdə olduq, çox qəribə mənzərəydi».


Şəkinin təbiətindən vurğunluqla danışan Kristina filmin tamaşaçıların xoşuna gələcəyinə ümid edir: «Çox maraqlı hekayədir. Ssenari burda yaşayan əhali üçün əhəmiyyətlidir. Filmin onların xoşuna gələcəyinə şübhə etmirəm».


Ancaq Şəkidə söhbət etdiyim 40-45 yaşlı Minayə başqa cür fikirləşir. O, deyir ki, Şəkidə film çəkilməsi yaxşı haldır, ancaq ssenarinin pis tərəfi də var: «Seks söhbətinə görə pis baxıram. Ona görə ki, bizim adətimizə uyğun deyil. Biz azərbaycanlıyıq. Su da Allahın işidir. Biz də problem deyil. İki gün su gəlmədi, nə olsun. Kişilər bizim evimizin dayağıdır. Su olmayandan sonra kişi nə etsin. Qadınlar heç vaxt qiyam etməzlər. Bizim Azərbaycan, Şəki qadınları elə şey etməzlər».


Kənardan söhbətə qulaq asan Minayənin həyat yoldaşı isə gülümsünür, deyəsən, xanımın kişiləri müdafiə etməsi ürəyincədir.


Fayt Helmerin «Susuzluq və məhəbbət» filmi 2007-ci ildə hazır olacaq. Rejissor filmi Şəki, Bakı, Gəncə və Naxçıvanda göstərəcək.