Yaşıl Teatra «yaşıl» işıq yandı

Hazırda teatrda bərpa işləri intensivləşib və ağır texnika cəlb olunub

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Bakıda neçə illərdir təmirə dayanmış Yaşıl Teatrın yenidən qurulmasıyla bağlı sərəncam imzalayıb. Teatrın bərpasına 5 milyon dollar çox vəsait ayrılıb.


Teatrın direktoru Eldar Xəlilov «Azadlıq» radiosuna bildirib ki, bərpa işləri 2007-ci ilin mayında başa çatacaq. Elə həmin aydan da teatr fəaliyyətə başlayacaq.


2020 yerlik Yaşıl Teatrın yenidən qurulmasıyla bağlı sifarişçi Baş Əsaslı Tikinti və Təmir İdarəsidir. Bakı Mənzil Kommunal Layihə İnstitutu isə Türkiyədən dəvət olunmuş memarın iştirakıyla layihə smeta sənədlərini hazırlayıb. Hazırda teatrda bərpa işləri intensivləşib və ağır texnika cəlb olunub.


Yaşıl Teatrın yenidən qurulmasıyla bağlı prezident İlham Əliyev 2005-ci ilin avqustunda sərəncam vermişdi. Bakının ən iri mədəniyyət mərkəzlərindən olan Yaşıl Teatr ötən əsrin 60-cı illərindən fəaliyyətə başlayıb. Burda dünyanın və o vaxtı SSRİ-nin ən məşhur estrada qruplarının çıxışları olub. Baxımsızlıq üzündən teatrın fəaliyyəti 1990-cı illərdə dayanmışdı.