İran Azərbaycanında kəndlər boşalır

İran Azərbaycanının Arazqırağı kəndləri quraqlığa çevrilməkdədir

İranın Azərbaycan vilayətlərində kənd əhalisinin sayı get-gedə azalır. Bu proses 40 il bundan əvvəl İranda aparılan torpaq islahatı ilə başlayıb, sənayeləşmə nəticəsində artsa da, hazırda ölkənin başqa vilayətləri ilə müqayisədə Azərbaycan vilayətlərində daha çox sürətlə davam edir.


İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi məlumata əsasən Şərqi Azərbaycan vilayətinin Əhər, Kəleybər və Heris şəhərlərini əhatə edən Qaradağ mahalının kənd əhalisi daha da sürətlə azalmaqdadır. Əhər və Herisdən seçilmiş İran parlamentinin üzvü Vəliullah Dini avqustun 14-də İRNA-ya verdiyi müsahibədə bildirib ki, kənd əhalisinin kütləvi şəkildə şəhərlərə köçməsi həmin regionda kənd təsərrüfatının inkişafına lazımi səviyyədə diqqət yetirilməməsindən irəli gəlir. İran məclisinin Sənaye və Mədən Komissiyasının üzvü olan azərbaycanlı deputat kənd təsərrüfatı nazirliyinə müraciət edərək bildirib ki, Azərbaycan məntəqələrində əkinçiliyin inkişafı üçün texniki təchizat yaxşılaşdırılmasa kəndlərin sürətlə boşalması prosesi davam edəcək.


Vəliullah Dininin dediyinə görə bir vaxtlar İranın meyvə və taxıl məhsullarının böyük bir hissəsini təmin edən Araz çayı sahilindəki bu münbit torpaqlar hazırda diqqətsizlik nəticəsində quraqlığa çevrilməkdədir.


İslam inqilabından bəri Qaradağ mahalına başqa məntəqələrdən daha az diqqət yetirildiyindən şikayətlənən millət vəkili regionda ticarətin stimullaşdırılmamasından şikayətlidir. O, bildirib ki, daxili ticarətə nəzarət mexanizminin olmaması səbəbindən kənd təsərrüfatı məhsulları ucuz alınıb, baha satılır. Bu da öz növbəsində əkinçiliklə məşğul olan kənd əhalisinin güzəranına mənfi təsir göstərir və şəhər ətrafı ərazilərə köçməni sürətləndirir.