Dünya 11 sentyabrdan sonra…

Ekspertlər müasir tarixi 2001-ci ilin 11 sentyabrı və ondan sonrakı dövrlərə bölür

«2001-ci il sentyabrın 11-də baş verənlər dünyada və regionda nəyi dəyişdi» sualının cavablandıran ekspertlərin fikirlərində bir qədər fərqli məqamlar var. YAP-çı deputat Aydın Mirzəzadə müasir tarixi 2001-ci ilin 11 sentyabrı və ondan sonrakı dövrlərə bölür. Onun fikrincə, elə bu tarixdən başlayaraq dünya ölkələrinə aydın oldu ki, onların inkişafına təhlükə olan bir çox amillər var və ona qarşı ciddi mübarizə aparılmalıdır. Baş verən hadisələrin Azərbaycana təsirinə gəlincə Aydın Mirzəzadə hesab edir ki, hələ 1990-cı illərdə dəfələrlə terrora məruz qalan bir ölkə kimi Azərbaycan 11 sentyabr hadisələrindən sonra Amerika və digər iri dövlətlərlə bir cərgədə dayandı. Elə bu bundan sonra dünya ölkələri az da olsa Azərbaycanın səsini eşitməyə başladı.


Bəzi ekspertlərsə hesab edir ki, əslində terror hadisəsi baş verməsəydi də bu dəyişiklik olacaqdı, sadəcə həmin terror olayı dəyişiklərə başlamaqda bir növ katalizator rolunu oynadı. Politoloq Rövşən Novruzoğlu da 11 sentyabr hadisələrindən sonra çox şeyin dəyişdiyini deyir. Onun fikrincə əsas dəyişiklik ölkələrin ictimai-siyasi mühitində baş verdi. Rövşən Novruzoğlu deyir ki, bu ərəfədə Azərbaycanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyi məsələsi öz həllini tapdı, başqa bir tərəfdən Azərbaycan aparıcı dünya ölkələrilə birgə anti-terror koalisiyasına qoşuldu.


Müsavat partiyasının Divan üzvü Hikmət Hacızadəyə görə, okeanın o tayında baş verənlərin bu ölkəyə bilavasitə təsir olmasa da həmin hadisələrdən sonra regionda müstəqil bir dövlət kimi Azərbaycanın əhəmiyyəti xeyli yüksəldi, anti-terror əməliyyatlarında Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa başladı.


YAP nümayəndəsi Aydın Mirzəzadə hesab edir ki, demokratiyanı heç bir halda nəyəsə qurban vermək olmaz, o cümlədən terrorizmlə mübarizəyə də. Cənab Mirzəzadəyə görə, əslində demokratik şəraitdə terrorizmə qarşı mübarizə aparmaq daha asandır, nəyinki demokratiyanın olmadığı cəmiyyətlərdə. Azərbaycanda terrorizmə qarşı mübarizənin demokratiyanı arxa plana sıxışdırmasıyla bağlı deyilənlərə gəlincə, ekspert hesab edir ki, bu daha çox öz zəifliyini ört basdır etmək istəyən qüvvələrin gəldiyi nəticədir.


Amma Aydın Mirzəzadədən fərqli olaraq politoloq Zərdüşt Əlizadə isə deyir ki, terrorizmlə mübarizə nəyinki Azərbaycanda ümumiyyətlə bütövlükdə bütün dünyada demokratiya və insan hüquqlarına dəstək verən qüvvələrin zəifləməsinə səbəb olub. Onun sözlərinə görə, 11 sentyabr hadisələrindən sonra dünyanın əksər ölkələrində terrorizmlə mübarizə adı altında insan hüquqlarını məhdudlaşdıran çoxsaylı tədbirlər həyata keçirməyə başlanıldı ki, bu da demokratiya meyarlarıyla daban-davana ziddiyyət təşkil edir.


Politoloq Rövşən Novruzoğlu da hesab edir ki, terrorizmə qarşı mübarizə Azərbaycanda demokratiyaya xeyli zərər vurdu. Amma o, hakim partiya nümayəndəsindən fərqli olaraq bunu hansısa qüvvələrin öz passivliyini sığortalaması amili kimi yox, daha çox hökumətin terrorizmə qarşı mübarizədə vahid konsepsiyaya malik olmamasıyla izah edir.