Sonra gəl şagirdə başa sal ki bayraq müqəddəsdir...

Elnaz Eyvazlı

-

Bayrağa and içəndən sonra şagirddən rüşvət alan, şagirdə gələcəyin ləyaqətli vətəndaşı kimi deyil, çörək ağacı kimi baxan müəllim bayrağı da gözdən salacaq...

Elnaz Eyvazlı

SƏN ÖL, ÖZÜM ÖLÜM....

Biz bineyi-qədimdən and içməyə meyilli camaatıq. Kimə oldu, nəyə oldu and içirik, təki işimiz keçsin.

Hansı qəbiristanlıqda məzarı bir az hündür və geniş rəhmətlik var, hamısı bizim and yerimizdir. Filan baba, filankəs baba.

And yeri etdiyimiz bircə əcnəbi var, o da rəhmətlik Hippokrat. Biz heç belə iş tutan deyildik, necə olub elminə görə kimisə and yeri etmişik, bilmirəm.

O adamlara and içirik ki, onlar camaatın ağzına tüpürüb mərəzdən qurtarır, doğmayan qadınlara nəsə eləyir, biqafıl doğurlar və s. (Deyirəm, Allah uzaq eləsin, İŞID gəlib buralara çıxsa, bizim işimiz çin dilində olacaq).

Şükür Tanrıya ki, daha müasirləşmişik. Özümüzü tutmuşuq. Götürdük-qoyduq, düşündük ki, obboyda bayrağımız ola-ola, niyə dağa-daşa düşüb ölünü-dirini narahat edək ki?! Və başladıq müqəddəs bayrağa and içməyə. Onu da deyim ki, biz daha çox görməyəcəyimiz işləri görəcəyimizə, tutmayacağımız sözü tutmağa və s. yalanlar üçün and içirik, biləsiniz. Sonra da unduruq çıxıb gedir.

İndi sözümün canı odur ki, bizim bu həkimlər yoxdumu, bunlar əllərinə diplom alanda rəhmətlik Hippokratı gorbagor edirlər axı. And içirlər ki, bəs vicdanlı həkim olacaqlar. İmanımı yandıra bilmərəm, çünki azdan-çoxdan vicdanlıları da var, məsələn, rəhmətlik Rafiq Tağı kimi. Sadəcə olaraq belələrini də incidirk, görsək ki, ölmədi, öldürürük, ölməsə bir də öldürürük...

İndi, qadam, bir iş var, bir də əməl. Təzə söhbəti eşitməmiş olmazsınız. Müəllimlərin bayrağa and içmək məsələsi. Mən də əvvəl eşidəndə xeyli güldüm, sonra başladım ağlamağa. Nöşün ki, belə gülməli çıxır e, müəllim də həkim kimi and içir ki, rüşvət almaram (“işimi şərəf və ləyaqətlə görəcəyəm” həm də o deməkdir ki, rüşvət almaram, heləmi?), bu, o deməkdir ki, ancaq maaşla dolana bilərəm və bu da o deməkdir ki, acından ölməyə and içirəm. Onsuz da almayan almır, sürünə-sürünə yaşayır və şoppana balalarının başını birtəhər aldadır. Məsələ ondadır ki, müəllim həm müəllimdir, həm psixoloq, həm mənəvi valideyn, həm insanlıq nümunəsi. İndi bir adam necə and içib bütün bunları vicdanla həyata keçirəcəyinə inandıra bilər camaatı? Yəni bu, sırf vicdan məsələsidir. Vicdan isə and içməklə əmələ gələn şey döyül, vicdan haqqı. Bu, elə bir zaddır ki, ya var, ya yoxdur. Necə ki vicdandan xəbəri olmayan həkim ölüm ayağındakı xəstənin yiyəsini gözləyir, yiyəsindən pulu almadan xəstəyə baxmır, o yekəlikdə Hippokratın xətrini bir köpüklük edir, eləcə də, bayrağa and içəndən sonra şagirddən rüşvət alan, şagirdə gələcəyin ləyaqətli vətəndaşı kimi deyil, çörək ağacı kimi baxan müəllim də bayrağı gözdən salacaq. Sonra gəl bu uşağa başa sal ki, bayraq müqəddəsdir, yoxsa o boyda meydanda o uzunluqda bayraq uzadıb uzaqdan tamaşa etməzdik, şəhidlərin cənazəsini bayrağa bürüməzdik, qələbə çalanda bayrağı göylərə qaldırmazdıq və s. İndi ki bu məsələ qüvvəyə minib, onda yalan-gerçək ora bir maddə də əlavə edək ki, and içirəm: Vətənim, millətim üçün ləyaqətli, vicdanlı, dürüst, saxtakar olmayan vətəndaş yetişdirmək uğrunda heç bir təzyiq və təpkiyə baxmadan əlimdən gələni əsirgəməyəcəyəm!

Belə ayıb olmasın, bəndəniz də müəllimdir axı. On dörd il əvvəl müəllim kimi ilk maaşımı alıb gətirib qoydum atamın qarşısına.

Dedim, ay ata, xeyir-dua ver. Dedi, qızım, az da alsan, çox da alsan, Allah puluna bərəkət versin. Ancaq bil və agah ol, heç vaxt gözün uşağın əlində olmasın, mən sizə haram tikə yedirtməmişəm, sən də halalıma haram qatma, elə et ki, şagirdlərinin sevgisini qazan. Onu pulla almaq olmur. Vicdanlı və səmimi ol. İşini işlə, əməlində, sözündə dürüst ol, vəssalam.

Mən də ona söz verdim, dedim and olsun Vicdana və Sənə ki, dediyin kimi də olacaq. Hələ ki, elədir! Şagirdlərimin övladımdan fərqi odur ki, onları dünyaya mən gətirməmişəm!

İndi, a kişilər, mən bu cür gözəl vəddən və anddan sonra necə and içim? Sən öl, özüm ölüm, bayrağın başına bəla olmuşuq, az qalmışıq restoranlarda bəylə gəlini də diz çökdürüb bayrağa and içdirək. Cəhənnəm, and içirik içirik, heç olmasa, içdiyimiz andı qusmayaq...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)