Postmodernist yazıçı William Gibson əsərlərini necə yazır

William Gibson

-

...Sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram.

Mürgü yazı prosesi üçün çox vacibdir...

Lap axıra yaxın isə 7 günlük iş qrafikinə keçirəm, işin özü isə 12 saatacan çəkə bilər...

Tanınmış Amerika yazıçısı William Gibson-un "Paris Review" jurnalına müsahibəsindən (2011)

- Romana necə başlayırsınız?

- Birinci işim ilk cümləni yazmaqdır. Səhv eləmirəmsə, cəmi bircə istisna olub, heç vaxt kitabı yazıb qurtarandan sonra ilk cümləni dəyişməmişəm.

- Kitaba başlamaq üçün bu bir cümlədən savayı başqa heç bir hazırlıq görmürsünüz?

- Yox. Mən roman yazmaq üçün bazarlıq siyahısı-filan tutmuram. Roman yazıldıqca elə özü öz siyahısına çevrilir. Bu, lap skripka ustası haqda məlum lətifəyə oxşayır. Ustadan soruşurlar ki, skripkanı necə düzəldir, o da cavab verir ki, işə bir taxta parçası ilə başlayır, sonra həmin taxtanın skripkaya aid olmayan bütün hissələrini yonub çıxardır.

Mən də roman yazanda belə edirəm. Bir fərqlə ki, mən bu prosesdə eyni zamanda taxta parçasının özünü də yaratmalıyam.

William Gibson

E.M.Forster-in bir fikrini qulağımda sırğa etmişəm - yazacağı əsərin obrazlarına aid hər şeyi əvvəlcədən düzüb-qoşan yazıçı əslində heç işə başlamayıb da. Mənim heç zaman təxəyyülün gücü ilə əvvəlcədən quraşdırdığım, kitaba başlayanda əlimin altında olacaq roman materialım olmayıb.

Amma məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram. Bu vəziyyət mənə həm yazacaqlarımı diqtə edir, həm də imkan verir ki, bir çox hallarda, hadisələrin kağız üzərində inkişafının nəzəri və fəlsəfi məntiqindən xəbərsiz qalım. Açığı, bir oxucu kimi mənim özümüm də başqa cür təhkiyəyə inamım yoxdur. Elə bil ev tapşırığıdır.

- Qeydlər aparırsınız?

- Mən qeyd aparmaq məsələsinə belə baxıram: birdən nəyisə unutdum, niyə işimə ziyan vurum ki. Amma kitabı yazarkən bəzən elə bir məqama yetişirəm ki, təhkiyənin sürəti mənim kitab yazmaq sürətimi üstələyir. Belə olanda bəzən işə fasilə verib qısa qeydlər aparıram. Amma həmin qeydlərə qayıdanda məlum olur ki, onlar artıq tamamilə lazımsızdır: baxırsan ki altından üç dəfə xətt çəkilib, konteksti də bilinmir, düşünürsən ki, "doğrudan vacibiymiş bu?"

- İş qrafikiniz necədir?

William Gibson kitabını imzalayır, London, 20 oktyabr 2010

- Kitab yazanda səhər saat 7-də oyanıram. E-mail-imi yoxlayıram, müasir dövrdə etdiyimiz kimi, “internet vannamı” qəbul edirəm. Bir fincan qəhvə içirəm. Həftədə üç dəfə pilatesə* gedib saat 10-da-11-də qayıdıram. Sonra masa arxasına keçib yazmağa cəhd edirəm. Əgər heç nə alınmırsa, özüm-özümdən icazə alıb həyətin otunu biçməyə gedirəm. Amma normalda masa arxasına keçmək və ürəklə cəhd eləmək yazmağa başlamaq üçün bəs edir.

__________

*Pilates – fiziki hərəkətlər sistemi. Yaradıcısı Joseph Pilates-dir.

Lanç vaxtı işə fasilə verirəm, sonra qayıdıb bir az da yazıram. Bundan sonra mürgüləmək vaxtı gəlir. Məndən ötrü mürgü yazı prosesi üçün çox vacibdir. Yatmaq yox ha, yuxuya yaxın vəziyyət, şüurun yarıoyaq halı.

- Bu qrafik kitabın yazıldığı müddətdə dəyişməz qalır?

William Gibson

- İş irəlilədikcə, rejim sərtləşir. Əvvəl-əvvəl qrafikim 5 günlük olur, hər gün 10-dan 5-cən, lanç və mürgü fasiləsi də daxil. Lap axıra yaxın isə 7 günlük iş qrafikinə keçirəm, işin özü isə 12 saatacan çəkə bilər. Kitabın sonuna yaxın məndə yazı prosesinin mürəkkəbləşdiyi hissi yaranır, sanki onun kimyəvi tərkibi dəyişir və elə bir hala gəlir ki, istədiyini verməsən, yox olub gedəcək. Onun istədiyi isə dayanmadan yazmağımdır. Artıq işin yatmaqdan başqa nəyə görəsə dayanması mümkünsüz olur. Amma axırda yaxamdan əl çəkməsindən həmişə məmnun qalıram.

- Yazdıqlarınıza yenidən qayıdırsınızmı?

- Hər gün. Masa arxasına keçən kimi əlyazmanın birinci səhifəsindən başlayıb axırınacan göz gəzdirirəm, bəzi düzəlişlər edirəm.

- Siz əlyazmanı hər gün əvvəldən-axıracan nəzərdən keçirirsiniz?

- Bəli, hərçənd bütün bu prosesin nəticəsi cəmi bir neçə xırda düzəliş ola bilər. Təzə-təzə hekayə yazmağa başlayandan həmişə belə etmişəm. Bunu eləməyəndə özümü narahat hiss edirəm, çünki onda yazı prosesi mənə qarasına işləmək kimi gəlir. Kitablarımın əvvəli dəfələrlə yenidən yazılıb. Son bölümlərin isə ya 1, ya da uzağı 3 qaralaması olur. Son variant belə yaranır. Amma mən əlyazmanın bu başından o başına çox sürətlə gedib çıxa bilərəm, bunu başqasının mətnini oxumaqdan qat-qat sürətli edə bilərəm.

- Öz işinizə verdiyiniz qiymət gündən-günə dəyişə bilərmi?

- Əgər dəyişməz qalsaydı, onda bu, əsl dəyərləndirmə olmazdı. Məncə, mətnə qayıtmağın əhəmiyyəti çox kiçildilib. Ona çox nadir hallarda dərin kreativlik üçün imkan olan, yaxud kreativliyin qol-qanad açdığı yer kimi baxırlar. Səhv etmirəmsə Yeats-in sözüdür ki, mətnə yenidən qayıtmaq həyatda insanın özünü həqiqətən təkmilləşdirə biləcəyi yeganə sahədir...