Vəkilləri Leyla Yunusun döyülməsi ilə bağlı bəyanat yayıblar

Hüquq müdafiəçisi Leyla Yunus

-

Vəkilləri hüquq müdafiəçisi Leyla Yunusun saxlandığı Kürdəxanı təcridxanasında sentyabrın 23-də döyüldüyünü bildirirlər. Bununla bağlı vəkillər sentyabrın 24-də yaydıqları bəyanatda qeyd edirlər ki, Leyla Yunus ötən gün saxlandığı kameradan çıxarılaraq başqa kameraya aparılıb. Burada isə təcridxananın mayor rütbəsində Yaqubov soyadlı əməkdaşı ona zərbələr endirməyə başlayıb:

“Həmin mayor Leyla xanımın saçından tutub yerə yıxıb, sürüyərək “sən ağıllanmırsan?” deyə bağırır, böyrünə zərbələr endirirmiş. Onunla görüşümüzdə Leyla xanımın saçının yolunduğunu biz vəkillər də müşahidə etdik.

Biz müdafiəçiləri olaraq Leyla Yunusa qarşı baş verənlərin biabırçılıq və yolverilməz olduğunu bildiririk. Aidiyyəti orqanlardan bu məsələnin təxirə salınmadan araşdırılmasını, təqsirli şəxslərin cəzalandırılmasını, Leyla Yunusa təcili yardım göstərilməsini tələb edirik”.

YAXINLARI İLƏ TELEFONLA ÜNSİYYƏT HÜQUQUNA BİR AYLIQ QADAĞAN QOYULUB

Bəyanatda bildirilir ki, bundan öncə Leyla Yunusun yaxınları ilə telefonla danışmasına 1 aylıq qadağa qoyulub:

“Son günlər havalar soyuq keçir. isti su olmadığından Leyla xanım soyuq su ilə çimməyə məcbur qalıb. Nəticədə də bir neçə gün qızdırma içində yatıb. Amma ona heç bir tibbi yardım göstərilməyib. Bazar günü onun kamerasında “şmon” (yoxlama) aparılıb və nəzarətçilər hər hansı əlyazmalar axtarıblar. Axtarışdan sonra, Leyla xanımın yaxınları ilə telefonla ünsiyyət hüququna bir aylıq qadağan qoyulub”.

Leyla Yunusun hüquqlarını vəkillər Elçin Qəmbərov, Fariz Namazlı, Cavad Cavadov, Xalid Bağırov və Əlayif Həsənov müdafiə edir.

ƏDLİYYƏ NAZİRLİYİ: "YAYILAN MƏLUMAT VƏKİLLƏRİN UYDURMASIDIR"

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən isə Leyla Yunusun döyülməsi ilə bağlı yayılan məlumatı təkzib edirlər:

“Qəti şəkildə bir daha bildiririk ki, Leyla Yunus qanunun tələbləri çərçivəsində saxlanır və təcrixdanada heç bir təzyiqlə üzləşmir. Yayılan məlumat Leyla Yunusu gündəmdə saxlamaq üçün vəkillərin növbəti uydurmasıdır”.

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil, 6 maddəsi ilə ittiham olunur. Leyla Yunus ittihamları rədd edir və həbsini siyasi sifariş hesab edir. O, daha öncə də bir neçə dəfə həbsxanadan bəyanat verərək, ona qarşı təxribat hazırlandığını və hücuma məruz qaldığını bildirib.