Vəkilləri bəyan etdi - Leyla Yunus ilin sonuna sağ çıxmaya bilər

Leyla Yunus

-

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəkilləri bəyanat yayaraq onun fiziki durumunun son həddə çatdığını bildiriblər.

Bəyanatda deyilir ki, «soyuq kamerada, isti sudan məhrum olunmuş Leyla Yunusun səhhəti kəskin şəkildə pisləşib».

Vəkillər vurğulayırlar ki, hüquq müdafiəçisinin keçirdiyi dörd cərrahiyə əməliyyatı öz mənfi fəsadlarını göstərir:

«Belə olan halda bu ilin sonuna qədər Leyla xanımın sağ qalmağı sual altındadır. Leyla Yunus möhkəm iradə sahibidir, psixoloji durumu stabildir, yalnız fiziki ağrılar dözülməzdir».

Vəkillər deyirlər ki, Leyla Yunusla bağlı həbs-qətimkan tədbiri dəyişdirilmirsə, o zaman onu təcili Penitensiar Xidmətin xəstəxanasına yerləşdirmək lazımdır.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən AzadlıqRadiosuna bildirilib ki, təqsirləndirilən şəxslər və ya məhkumların səhhəti barədə hər hansı problem yaranarsa, dərhal Baş Tibb İdarəsinin həkimləri müdaxilə edir:

«Şəxsin xəstəxanada yerləşdirilməsinə də Baş Tibb İdarəsi qərar verir»,- Penitensiar Xidmət bildirir.

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dövlətə xəyanətdə və Cinayət Məcəlləsinin daha 5 maddəsi ilə ittiham olunur. O, ittihamları rədd edir və həbsini siyasi sifariş sayır.