- Azad bəy, Vyanada Üzeyir bəyin əsərinin səhnələşdirilməsinə inanırdınızmı?
- Əlbəttə, inanırdım. Amma bunun şahidi olacağımı bilmirdim. Çox xoş oldu. Möhtəşəm bir mədəni olayın şahidi olduğum üçün xoşbəxtəm. Üzeyir bəy həm Vyanadakı abidəsi, həm də tamaşaya qoyulan məşhur operettasıyla üz güldürdü.
-Kimlər gəlmişdi ilk tamaşaya? O cür korifeylər görən vyanalılar nə umurdular bu tamaşadan?
-İlk tamaşaya Azərbaycandan 50 nəfərlik dəstək qrupu getmişdi. Beynəlxalq ifaçıların bəzən Azərbaycan sözləri işlətməsi, məsələn, «dədəmin goru haqqı», «qaqaş», «adam kişi olar» kimi ifadələri bizim dilimizdə söyləməsi də bundan irəli gəlirdi. Daha sonrakı tamaşalarda, əsasən, alman publikası vardı. O qədər alqışladılar ki... 8-9 dəfə səhnəyə çıxmaq lazım gəlirdi...
-Azad bəy, beynəlxalq ifaçılar qrupu çətinlik çəkmirdi ki? Axı mahnılar bizim dildə səslənirdi...
-Məndən öncə onlar Azərbaycan diliylə tanışlıq məşğələləri keçmişdilər. Vyanada təhsil alan bir azərbaycanlı tələbə-Elgün Niftəliyev çox çalışmışdı. Çox razıyam ondan. Mənim çətinliyim beynəlxalq ifaçıları fərqli musiqi intonasiyasına alışdırmaq oldu. Gülçöhrəni amerikalı aktrisa oynayırdı, Tellini yapon xanım. Əsgəri isə vyanalı bir soydaşımız vardı, o oynayırdı. Məzəli epizodlar oldu, amma hər şey çox gözəl alındı. Sağ olsunlar, əsl peşəkarlara layiq davrandılar.
-Vyanadakı həmkarlarımız-jurnalistlər bu olaya necə yanaşdılar? Küçədə-meydanda gəzərkən, «Arşın malçı»nın Vyana səfərindən iz-soraq vardı?
-İz-soraq nə qədər desəz... Şəhərin mərkəzində 3 afişa dirəyi «Arşın mal alan»ın gözəl elanlarıyla dolu idi. Media da bu mədəniyyət hadisəsinə kifayət qədər diqqət yetirirdi. Siz çıxan resenziyalara baxaydınız!... Üzeyir bəyi Ştrausla, «Arşın mal alan»ı məşhur «Yarasa»yla müqayisə edirdilər. Üzeyir bəyin Vyana parkındakı abidəsi o günlər sanki daha əzəmətli görünürdü və gəlib-baxanların da sayı artmışdı. Jurnalistlər peşəkar çalışdılar, sağ olsunlar. Elə Azərbaycandan gələn çəkiliş qrupu da bu böyük mədəni olayın Üzeyir bəyin həmvətənlərinə çatdırılması üçün az çalışmadı.
-Bu mədəni olay hansı gələcək uğurlara yol aça bilər? Vyana zirvədir, yoxsa fəth davam edəcək?
-Əlbəttə zirvədir və məhz zirvə önəmlidir. Mən özüm Londonda, Berlində, Parisdə müxtəlif premyera və konsertlərdə iştirak etmişəm. Vyana bir başqa və bənzərsiz zirvədir. Bizi Üzeyir bəy o zirvəyə qaldırdı. Bunu unutmayaq. Ona minnətdarlığımızın həddi yoxdur. Gələcək uğur deyəndə, söhbət ondan gedə bilər ki, «Arşın mal alan» Vyana Teatrının daimi repertuarına daxil olsun...İnşallah, bu da reallaşar. Hələ ki hər şey çox yaxşı gedir...