İstanbul xəstəxanaları abortlardan imtina edir

Foto: Arxiv

-

İstanbulda xəstəxanaların çoxu abortları həyata keçirməkdən imtina etməklə qanunu pozurlar. Bunu «The Guardian» qəzetinə Türkiyədəki insan haqları qrupları deyir.

37 XƏSTƏXANADAN ÜÇÜ RAZILAŞIB

İstanbulda «Bənövşəyi Yurd» (Purple Roof) qadın sığınacağının fəalları aşkarlayıb ki, 37 dövlət xəstəxanasından yalnız üçü tibbi baxımdan zəruri olmayan aborta razılaşıb. Bir xəstəxana isə abortu hamiləliyin 8-10-cu həftəsində, o da əməliyyat vacib sayılarsa, həyata keçirməyi təklif edib. Türkiyə qanunvericiliyinə görə, xəstəxanalar 10-cu həftəyədək hamiləliyi dayandıra bilərlər.

Xəstəxanalardan 17-sində bildirilib ki, abort ancaq zəruri halda edilir, qalan 12 xəstəxana isə tamamilə imtina edib.

Türkiyədə abort 1983-cü ildə qanuniləşdirilib, məqsəd qadınların hamiləliyi bitirmək üçün təhlükəli metodlardan istifadəsini azaltmaq idi. 1950-ci illərdə abortdan ölüm halları 50% idisə, indi bu göstərici 2%-ə düşüb.

«İndiki abort qanununda heç nə dəyişməyib», - sığınacağın fəalı Esen Özdemir deyir. «Qanun layihəsi qəbul olunmadı. Ancaq hökumətin mövqeyi və ritorikası dramatik dəyişikliyə və de-fakto abort qadağasına gətirib».

HÖKUMƏTİN MÜNASİBƏTİ QANUNDAN GÜCLÜ ÇIXIB

2012-ci ildə Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti qanun layihəsi hazırlayıb. Layihə həkimlərə hüquq verirdi ki, öz vicdanlarına qulaq asıb və hamiləlik müddətini nəzərə alıb abortdan imtina etsinlər. Layihəyə görə, aborta icazənin 10 həftədən 4 həftəyə azaldılması nəzərdə tutulurdu.

Layihə keçmədi, ancaq qadın haqları fəalları deyirlər ki, həkimlərin və digər səhiyyə peşəkarlarının məsələyə münasibəti dəyişdi.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan abortu qətllə müqayisə edir, illərdir türkiyəli cütlükləri dünyaya azı 3 uşaq gətirməyə çağırır. Ötən ilin dekabrında prezident bir toyda çıxışında deyib ki, doğuşa nəzarət türk qanına təhlükə yaradır və vətənə xəyanət deməkdir.

QANUN DƏYİŞMƏYİB, AMMA...

«2012-ci ildən xəstəxanalarda abort istəyən qadınlarla pis davranmağa başladılar. Qadınlar özlərini getdikcə daha çox günahkar hiss edirdilər. Mediada anesteziyasız abortlar barədə dəhşətli xəbərlər peyda olmağa başladı», - Özdemir deyir.

Bundan əlavə, xəstəxanalarda quraşdırılan ismarış sistemi ataları qızlarının hamiləliyindən xəbərdar edir ki, bu da qadınlara əlavə təzyiq sayılır. Müsəlman ölkəsi Türkiyədə nikahdankənar seks qəbul edilmir.

«Hətta yeni qanunsuz belə, abort elətdirmək çətinləşib», - Özdemir söyləyir. «Özəl klinikalarda abort ancaq pullular üçündür. İstanbulda qadınlar onlara kömək edəcək pulsuz dövlət xəstəxanasını belə çətin tapırlarsa, digər şəhərlərdə, kəndlərdə vəziyyət lap pisdir».

QUŞ LƏLƏYİ VƏ DƏMİR ASILQANLAR

Fəalın dediyinə görə, getdikcə daha çox qadın sığınacaqdan məsləhət istəyir və çoxu da Türkiyədə abortların hələ də qanuni olub-olmaması ilə maraqlanır.

«Hökumət bilməlidir ki, abort qadağası buna son qoya bilməz. Qadınlar yenə də hamiləliyi dayandırmaq üçün təhlükəli metodlara əl atacaq, səhhətlərinə ziyan vuracaqlar. Yenə də quş lələyi və dəmir asılqanlar dövrü geri qayıda bilər», - Özdemir deyir. (Qadınların arzuolunmaz hamiləlikdən qurtulmaq üçün məftil, quş tükü, kimyəvi maddələrdən istifadəsi nəzərdə tutulur -red.)