-
Sara Selcan
ŞEİRLƏR
Çox istəmişəm özümü onların yerinə qoyum,
Uzanım ayaqyalın, üzüqoylu
ağappaq qarın içinə,
Görüm donanda necə hiss edir
Ayaqlarını adam,
Necə hiss edir, necə hiss etmir.
Kürəymdən vursun Fevral çovğunu,
Necə ki qarın heç yerində gizlənə bilmədi
Xocalı...
Körpəmin başına yaylıq bağlayanda
Hönkür-hönkür ağlamışam
Xocalılı qıza oxşatdığımdan
(Daha heç vaxt yaylıq bağlamadım başına ondan sonra).
Necə ki yaşıdım o qızcığazın taleyi
Ağappaq qaralara qara yazılıbmış,
Qırmızı yaylığıyla .
Çox istəmişəm
Əlimi uzadıb
Ağlaya-ağlaya
Xocalının əynindən
meyitləri soyunduran Çingizin
göz yaşını siləm
Insan izi qalmayan o qarlı yerdə,
əllərim çatmayıb.
Qar
o gecə Xocalıya mane oldu,
(Qarın səbəbi varıydı amma,
Fevral!
Fevralın səbəbi
Qış!)
Yağdı...yağdı...
Amma
Güllələrin səbəbi yoxuydu,
Yağdı... yağdı...
Yaşamaq üçün o qədər səbəb varkən
Səbəbsizlikdən öldürüldü Xocalı.
92-dən qara aqressivəm,
Sevə bilmirəm,
Xocalı qoymur qarı sevəm.
Qoca minnillik
Sinəsinə XXI əsr yazıb
korun-korun öləziyir,
heç nə olmamış kimi.
Tarix utanmadan
divarına asıb
Xocalının eybəcər şəklini.
Bəlkə sən isitdin, sən məni, Qışım,
İsinim, isinim,
Bütün “soyuqları” bağışlayım..
Nənəmin boyunbağı
bərq vurardı boynunda
göz yaşından
və tər damcılarından
düzülərdi sapa...
O məmləkətdə ki göz yaşları heç neçəyə olur
Orda kölələr Azadlıq doğur...
***
Anam
Saçlarımdakı bircə dənə ağ tükə görə
Inandırmışdı
Xoşbəxt olacağıma,
Çox inanmışdım...
Məni
Niyə belə böyütdülər axı....
...Məni niyə belə böyütdülər:
Ata-anam əlimdən tutub gəzdirəndə
Həyatın astanasındakı xəndəkləri göstərmədilər,
Mənə elə işıqdan,sevgidən söz açıb,
Saflıq aşıladılar.
Qaranlıqdan heç danışmadılar.
Həyat həm də dərin quyuymuş,
Sən cəld tərpənməsən,
yuvarlanıb dibinə düşərsən,
Heç demədilər,
demədilər ki..
Ana bətnindən həyata yıxıldım...
***
Şeir - Bu, bir tərcümədir.
Hisslərin orijinaldan tərcüməsi.
Öz dilimdə oxuya bilməmişdin məni,
Sənin çündür...
Həyata üzüqoylu yıxılandan
Kədər buz kimi dodaqlarını
Alnıma dayayıb: - Əmanətimsən - dedi.
Varlığım Yoxluğundakı boşluqda qeyb oldu.
Kim kimin ürəyində təzə-tərdi,
Kim kimin əllərində soldu,
Bilmədin...
Şeir - Bu, bir tərcümədir,
Sənin oxuya biləcəyin dildə.
Fərqi yox nə cürədir.
Kiminin ömrü sərbəstdir,
Kiminin ömrü hecadır,
Sadəcə sonda
qafiyəli, qafiyəsiz Ölüm şansı var hamının...
***
Baxışımla yığıram
Xatirən dağılanda
Ağ atlı oğlan idin
Ömrümün nağılda.
Bəs xoşbəxt olacaqdıq
Niyə bərbad alındı
Simurq quşu da yoxdur
Desin al lələk yandır.
Hələ yaram istidi
Soyuqdu ayrılığın.
Yadından çıxmırsan
unutduğun varlığın.
***
Dayan, kimsən, nəçisən,
Yaddaşım dağınıqdı,
Gözlərim zəifləyib,
Xatirən bulanıqdı.
Tələsmə bir-bir say
Adları, tanımadım…
Küçənizdə sahibsiz
itləri tanımadım.
Onda niyə həssasdım,
Indi niyə beləyəm?
Qorxma, zarafatdı bu
Sən gördüyün dəliyəm…
Sevgi,İnsan və Ümid
Sənsizlikdən üşüdüm,
Səndən danış isinim.
Yoxluğun cadugərdi
Necə qırdın tilsimi?
Əllərinə sığınan
Əllərim körpə,titrək.
Qorxuram ayılmağa
Yuxudu bu,ya gerçək.
Arzular nakam qalmaz,
Eşqlər aşiqə aid.
Üçü birgə olunca:
Sevgi, insan və ümid.