-
Sara Selcan
QƏRƏNFİLLƏR QARABƏXT OLAN İL
Soyuq çöllərdə müharibə təzə-təzə iməkləyirdi,
Başlamışdı çörək qıtlığı,
Işıqsız-qazsız yeniyetməliyimiz vardı.
Möhkəmcə üşüdürdü,
Məktəbdəki partalarımızın da
Tabut soyuğu...
Uzaq şimaldaydı kişilərin çoxu
Qadın müəllimlərdən dərs alırdıq.
Mən
O zülmət və soyuqdan danışıram,
Tv-lərimizin bir kanalı olan vaxt,
İşıqlarımızın keçdiyi
Qazımızın kəsildiyi zamanlar.
Filmlərdən, kitablardan
Eşitmişdik
Şəhid sözünü,
Müharibə kəlməsini,
Amma başımıza gəlincə
(nə gizlədim
Hətta bəxtəvərdik bir az da
şəhid bolluğundan)
Axı biz qəhrəman xalqıq...
Qərənfillər qarabəxt olan il -
İndi keçid dövrü deyirlər adına,
Ölkəmin keçid dövrü-müstəmləkədən azadlığa,
Bizim keçid dövrümüz –uşaqlıqdan yeniyetməliyə,
üst-üstə düşdü, deyirəm
Oğluma Tarix dərsini izah edəndə .
Oğlum, anam Azərbaycandı, deyir.
O illərin cavanları ya şəhid oldu,
Ya fərari,
Nə fərqi
İkisinin də adı ağırdı,
Birində xəyanət,
Birində sevgi olsa da..
Biri yox, biri varsa da...
O illərin qızları
Ya sadiq qalıb qarıdı
Müharibədə itkin düşən sevgilisinə,
Ya ərə getdi güclə
qonşu kəndə
Vədinə xilaf çıxıb
Nakam sevgilisinin,
Ata sözündən çıxmayıb.
Nə fərqi,
Hər ikisində eyni motivlidir
Faciə...
Qərənfillər qarabəxt olan il
Mələk cildində Azadlıq
Uzaqdan gəl-gəl deyirdi...
Yürüyüb ölümün üstünə
Bayrağımızın qırmızısın qazandıq
Qərənfillər qarabəxt olan il...
09.01.2015